Azərbaycan yerli malların istehsal və ticarəti 25 faiz azalıb

Azərbaycan yerli malların istehsal və ticarəti 25 faiz azalıb
10 May 2019
Mətni dəyiş
Yerli malların pərakəndə ticarəti bu ilin yanvar-mart dövründə daha 25 % azalıb. Bu haqda iqtisadçı ekspert Nemət Əliyev rəsmi rəqəmlərə istinadən Azadlıq Radiosuna məlumat verib. Ekspert qeyd edib ki, rəsmi mətbuat səhifələrində iqtisadi inkişaf haqda aparılan təbliğat həqiqəti əks etdirmir. “Açıqlanan məlumatların təhlili tamam fərqli nəticələr ortaya çıxarıb. Hesablamalar göstərir ki, yerli malların pərakəndə ticarət dövriyyəsinin 3 aylıq həcmi bu il 2,8 milyard dollardan 2,1 milyard dollara düşüb. Azalma 700 milyon dollardır” – deyə, Nemət Əliyev özünün feysbuk səhifəsində yazıb. O, qeyd edib ki, ticarətin geriləməsi istehsal sahəsinə ziyan vurub: “Zərbənin əsas hədəfi isə qeyri-neft sektoru olub (yanvar-mart dövründə neft məhsullarının və təbii qazın istehsalında artım qeydə alınıb). Qeyri-neft mallarının ixracında gözəgəlimli nəticə də əldə olunmayıb. Vur-tut 59 milyon dollar məbləğində artım qeydə alınıb ki, bu da ümumi itkiləri kompensasiya eləmək baxımından çox azdır”. Nemət Əliyev bildirib ki, dövlət başçısının müvafiq sərəncamlar, fərmanlar verməsinə baxmayaraq, qeyri-neft istehsal sahələrində irəliləyiş bir yana qalsın, heç tənəzzülü durdurmaq mümkün olmayıb: “Zaman etibarı ilə problemlər daha da böyüməkdədir. Altı illik dövrün dinamikası göstərir ki, ötən 5 ildə yerli malların 3 aylıq ticarət dövriyyəsi 2 dəfədən çox (55 faiz) və ya 2,7 milyard dollar azalaraq 4,8 milyard dollardan 2,1 milyard dollara düşüb”. “Nəhayət ibrətamiz nəticələr çıxarılmalıdır ki, kol-kosların gözə dəyən hissələrini təmizləməklə iş bitməz, kiçik, orta, böyük biznes yolunda illərlə kök atmış kötükləri silib-süpürüb atmaq gərəkdir. Əks halda, qeyri-neft sektorundan real nəticələr gözləməyə dəyməz- deyə, Nemət Əliyev vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun