Azərbaycan davası - Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan davası - Məhəmməd Əmin Rəsulzadə
28 May 2019
Mətni dəyiş

28 May 1918, Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu. Bu tarixdə Türk və Müsəlman aləmində ilk dəfə Milli Xalq Hakimiyyətinə dayanan bir Cumhuriyyət qurulmuşdu.

Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya İmpertatorluğunun ənqazı altında siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.

12 ocak (yanvar) 1920-də böyük dövlətlər tərəfindən istiqlalının tanınması üzərinə, Azərbaycanın davası millətlərarası bir məsələ halına gəldi.

Azərbaycan Cumhuriyyəti sadəcə dünya ensklopediyaları ilə Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda qeyd edilməkdə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasına aid dosyalar vardır.

Siyasi “Carte du vistie” (dövlətlərin təqdimat kartında) 1918 dünyaya təqdim olunan Azərbaycan hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə!

Azərbaycan türk xalqının tarixi gəlişmə seyrində 28 May 1918, siyasi bir olqunluğunun mühim bir mərhələsidir.

Aləmşümul kültür dəyələrinə və dürlü çağlarda yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik olan Azərbaycanın tarixi bilxassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir. Son yüz il içində, bu gəlişmə Qafqasiya müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər əxz etmişdir.

Cumhuriyyətin qurulmasına təqəddüm (keçid) dövründə Azərbaycan toplumunda əsaslı üç fikir cərəyanı təbəllür etmiş olurdu. Bunlardan biri dini düşüncəyə görə, milliyət fikrinə xor baxan İslamı ittihadçılıq idi. Buna müqabil yenə milliyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı – sosializm vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya “Rusiyada Müsəlmanlıq”, ya da “Rusiyada Sosializm” vardı. Milli olmayan bu cərəyanlar arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə dururdu.

Tarix və kültür anlayışında türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu.

Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqil idarə etmə tələbini irəli sürən canlı bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Firqəsi ətrafında birləşmişdilər.

1911-ci ildən bəri gizli fəaliyyətdə olub, Rusiyada baş verən inqilab nəticəsində, 1917-ci ildə təşəkkül edən “Türk Ədəmi Mərkəziyyət Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində dəxi muhim bir hadisə olmuşdu. Qəbul etdiyi proqramında Azərbaycan muxtariyyətini cəsarət və sərahətlə (aydınlıqla) təsbit edən bu firqə, o gündən etibarən, gürcülərdə Menşevik, ermənilərdə Daşnak partiyaları kimi Mavərayi-Qafqasiya həyatında Azərbaycan türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif etməyi (istədiyi kimi dəyişməyi) bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsavatizm” Azərbaycan patriotizminin bir müradifidir (sinonimi).

1917-ci ilin aprelində Bakıda toplanan Qafqasiya Müsəlmanları Qurultayı ilə eyni ilin mayında bütün Rusiya Müsəlmanlarının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər “Müsavat” firqəsinə mənsub idi.

Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız “Müsavat” firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyətindən bəhs edilirdi.

Sonra, 1918 Mavərayi-Qafqasiya Seymində eyni Azərbaycan tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” naminə oxunan açıqlamada görürük.

Seymin dağılması üzərinə Azərbaycan Cumhuriyyətinin istiqlalını elan edən Şurayi-Millidə bütün partiyaların artıq istiqlalçı olduqlarını görürük.

Azərbaycan davasının yaxın tarixində müəssir (təsirli) bir rol oynayan fikir cərəyanları ilə müəssisələrinin tarixi məsnədləri (dayaqları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqeələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir müəssisələrinə bağlanmış olur.

Milli Böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökümətdə bulunmuş bir sıra münfərid (tək-tək) insanların vərəsəlik malı kimi ədd etmək (qəbul etmək) çox xətalı bir anlayışdır. Şurayi-millidən də, parlamentdən də öncə Azərbaycan muxtariyyət və istiqlal fikrini təəzi (əziyyət çəkmə) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan bir müəssisənin varlığını inkar və ya ehmal etmək milli davaya zərərdən başqa bir şey verməz. “Davamız”ı fikir müəssisələrinə deyil, tək-tək şəxslərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidadi bir cəmiyyət olduğunu bəlirtmiş olduqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir müəssisələrindən təcrid edərək izaha qalxışanlar bilərək və ya bilməyərək tarixi təhrif edənlərin ta özləridir.

Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssisələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən kəslər, işdə, müəyyən fikir cərəyanları və müəssisələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdi.

“Davamız”ı anladırkən, onu hal-hazırda yalnız “üç kişi”nin baqi qaldığı bir dəstəyə bağlamaq və bu yaşayanları o ölənlərin yeganə siyasi varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..

Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanlar vardır.

Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökümətə mənsub olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni “Davamız”a ihanət etmiş olanların da, məəttəssüf bulunduğu bu təşəkküllər dışında, şarimizin “Buzlu Cəhənnəm” dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır.

Sadəcə hökümət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya sədaqətdə və ona hüsnü-niyyət və səmimiyyətlə bağlı qalmaqdadır.

Parlament və hökümət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid və Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağakərim Əlizadə, Ağasəlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikr edilməyən necə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilxas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib bəyləri və bir çox digərlərini də zikr edəlim.

İsimləri və xatirələri hamımıza əziz olan Fətəli xan, Nəsib bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, Museyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi şəxslərlə bərabər, düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbəxtlər də məəttəssüf parlamentin üzvü olmuşlardı.

Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssisələrilə sım-sıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətf etmək (istinad etmək) demək deyildir, əlbəttə!..

Davanı əsas fikir sistem və müəssisələrindən ayıraraq, avtomatik sürətdə, müəyyən dövrdə, rəsmi hər hansı sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə üç-beş kişinin həyatı ilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş (müqəddəs sayılmış) fikir müəssisələri vardır. Bu məssisələr baqidir, Azərbaycan parlamentini də, hökümətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilavasitə qüvvətlənmiş istiqlalçı gənc nəslin müqavimətlə çəlikləşmiş və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sari (açıq-aydın) formulun tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən bu davanın ideoloji bütün səhifələri, incədən-incəyə işlənmişdir. Belə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç-beş fanini həyatına münhəsir (həsr edilə) qala bilməz.

Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəsilə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssisə və şəxsiyyətləri idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul etməliyik.

Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssisələrinin ehmal ilə sadəcə münfərid şəxslərə mal etmək, Azərbaycan topluluğunun gəlişməmiş, ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orta Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi.

O zamanki şərtlər daxilində Türkçülüyün “Müsavat” firqəsində təmsil olunan bu cərəyanın, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmişdir.

Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssisələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi hisslərdən sıyrılaraq ana fikirə önəm vermək lazımdır.

Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrəti ilə meydana atılanlar bilərək və ya bilməyərək böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın son dərəcə ciddi və diqqətli olmamız icab edər.

Bunu bilməliyik ki, “Davamız” fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O nəsildən-nəsilə dövr edilən fikir müəssisə və şəxsiyyətlərinə sahib vələd (nəsli) bir davadır. Təcrübəni böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!..

Dünənki idealist nəsil ilə bugünki idealist nəsli bir-birinə bağlayan, bundan 36 il öncə 28 may 1918-ci ildə İstiqlan Bəyannaməsi intac etdirən (nəticələndirən) böyük fikir hərəkatıdır.

İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun, bütün azərbaycanlıların bu müəzzəm hərəkatdakı mövqe və şərəfləri, əsas idealogiyaya göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətlərilə mütənasibdir.

Bütün məsələ, bu xüsusda son dərəcə incə davranmaqla bərabər mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssisə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmaqdadır.

Məmməd Əmin Rəsulzadə

“Azərbaycan” aylıq kültür dərgisi

Sayı – 2 – 3(26-27), 1954

Mənbə: Məhəmməd Əmin Rəsulzadə, Əsərləri – 1917 – aprel 1918.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun