Aktual sual: Hakim elita, yoxsa xalq? Bəlkə heç biri? - İlkin Rüstəmzadə

Aktual sual: Hakim elita, yoxsa xalq? Bəlkə heç biri? - İlkin Rüstəmzadə
30 May 2019
Mətni dəyiş

Hər dəfə Azərbaycan Xalq Cümhuriyyətinin il dönümü olanda bu cümhuriyyəti xalqın deyil, bir ovuc insanın qurması haqda müzakirələr başlayır. Ardınca isə Azərbaycan xalqı küçəyə çıxıb mübarizə aparmamaqda ittiham olunur, cəmiyyət onsuz da bol olan mənfi enerji ilə bir az da yüklənilir.

Siyasi qərarların qəbul edilməsində və tarixi inkişafda xalqın, yoxsa siyasi elitanın daha çox təsirə sahib olması çox qəliz və çox əhatəli cavab tələb edən bir sual olduğundan bu yazıda o mövzuya toxunmayacağam.

Yazmaq istədiyim bizim arzusunda olduğumuz demokratiyanın inkişaf etmiş demokratik ölkələrdə necə və hansı yolla bərqərar olmasıdır. Yəni həqiqətən demokratiya uğrunda mübarizə istənilən cəmiyyətə istənilən tarixi situasiyada tətbiq oluna biləcək hazır reseptlərlə mümkündürmü? Konkret misallarla tarixə yüngülcə nəzər salaq.

AzTv demişkən, çox uzağa getməyək, elə götürək Yaponiyanı. Yaponiya 19-cu əsrin ortalarına qədər dünyadan izolyasiya olunmuş aqrar bir ölkə idi. 30-a yaxın böyük və 2000-dən artıq kiçik klanlar arasında əsrlər boyu davam edən güc rəqabətləri inkişafın heç işartılarına belə imkan vermirdi.

Ölkə xaricilər üçün bağlı idi və il ərzində bir neçə dəfə ticarət üçün gələn xarici gəmilər (əsasən, hollandlar) istisna olmaqla, dünyayla heç bir əlaqəsi yox idi. Ardınca ölkədə Meydzi sülaləsi taxtı ələ keçirdi və bu sülalədən olan imperatorlar ölkəni idarə etməyə başladılar. Bu dövr tarixə “Meydzi” yenidənqurması kimi düşdü. Yaponiya sürətlə sənayeləşməyə başladı. Klanlar inkişafı dəstəklədi.

Məşhur Samuraylar Samuray şərəfindən imtina edərək (bu zamanadək ağlasığmaz hesab olunan bir addım idi) ölkənin iqtisadi inkişafına və sənayesinə töhvə verməyə başladılar. Təbii ki, siyasi hakimiyyətin təzyiqləri və təşviqi ilə. Lakin bu yenidənqurma Yaponiyanı dərhal inkişafa aparmadı. Ölkədə sənayenin sürətli yüksəlişi resursları onsuz da məhdud olan ölkədə xammal qıtlığı yaratdı. Və bu, dövləti imperialist xarici siyasət aparmağa təşviq və təhrik etdi.

Yaponiya uzaq şərqdə gücləndikcə bundan narahat olan Rusiya ilə müharibədə qalibiyyət Yaponiyanı uzaq şərqin ağasına çevirdi və 1-ci dünya müharibəsindən sonrakı kövrək dünya nizamından istifadə edən Yaponiya uzaq şərqin xalqlarına qan uddurmağa başladı.

Bəs bu dönəmdə Yaponiyada demokratiya idimi?

Heç zərrə qədər də. Yaponiya demokratiyaya qovuşana qədər general Tojonun hərbi diktaturasından, yaponların şeytan adlandırdığı amerikalı general Lemeyin terror bombardımanlarından, ölkənin 3 il ərzində darmadağın edilməsindən, iki dəhşətli nüvə bombardımanından və ardından qeyd-şərtsiz təslimiyyətdən keçməli oldu. 

Bütün bunlar 10 milyon yaponun ölümüylə müşaiət olundu və demokratiya işğal qüvvələrinin qərarıyla bərqərar oldu. Bu gün Yaponiyada liberal-demokrat partiya ölkədə əsas siyasi qurumdur və ölkədə keçiriləın seçkilərdə vətəndaşlar, seçkilərdə bu siyasi partiyanın müxtəlif fraksiyalarına səs verirlər.

Yaponiya sizinçün uyğun misal olmadısa, keçək Almaniyaya. ABŞ bombardımanlarından sonra möhkəm demokratiyaya sahib olan daha bir ölkədən bəhs edək. Almaniya 300 il ərzində Avropada böyük güclərin savaş poliqonu olduqdan və Napoleon müharibələrindən sonra 1871-ci ildə Versalda birləşdirilənə qədər 30-a yaxın dövlətdən ibarət konfederasiya idi və bu dövlətlər qrupuna sərt nizam-intizamı, özü kiçik olsa da ordusu supergüc olmasına imkan verəcək qədər güclü olan, “dövləti olan ordu” Prussiya başçılıq edirdi.

Almaniya birləşdiriləndən sonra Prussiya kralı alman imperatoru oldu və düz birinci dünya müharibəsinə qədər Almaniya Avropada demokratiyanın və azadlıqların qarşısında ən böyük divar oldu. Birləşəndən sonra bütün Avropada və hətta dünyada ən güclü dövlətə çevrilən Almaniya Bismarkdan sonrakı 25 il ərzində bütün Avropanı titrədəndən sonra dünya müharibəsi başlandı və Almaniya sonda məğlub oldu.

İnqilabi etiraz dalğası yalnız son anda, hərbçilər müharibənin artıq uduzulduğunu dərk edəndən sonra başladı və Almaniya demokratikləşdi. Demokratik Almaniya qərb alyansından vəd edilən münasibəti görmədi və Versalda dizləri üstə çökmək mənasına gələn müqavilədən cəmi 10 il sonra Hitler artıq bu ölkənin ən nüfuzlu siyasətçisi idi.

Sürətlə totalitarlaşan və hərbiləşən Almaniya tarixin ən böyük yanğınını çıxarana, ən dəhşətli soyqırımlarından birinə imza atana qədər öz daxilində də ilk növbədə öz xalqına dəhşətli acılar yaşadan totalitar rejim qurmağa macal tapmışdı. 95 milyon cəsəd, yer üzündən silinən alman şəhərləri, zorlanan milyonlarla alman qadını, 40 il müddətinə parçalanma və rus çəkməsi altında inildəyən şərqi almanların fəryadları, blokadada qalmış berlinlilər almanların demokratiyaya qədər keçdikləri yolda qarşılaşdıqları dəhşətlərin yalnız bir qismidir.

Fransızların hekayəsi daha dramatikdir. Robespyerlə birlikdə kəlləsi uçurulan I respublika öncə direktoriya, ardınca Napoleon tərəfindən basdırıldığı yerdən bir də 1848-ci il inqilabı ilə çıxdı və bu azadlıq - II respublika cəmi 4 il çəkdi. Fransız xalqı referendumla Bonapartın qardaşı oğlu, prezident “yalançı” Luini imperator seçdi və seçdikləri adam - İmperator III Napoleon hakimiyyətdə olduğu 23 il ərzində Avropada sülhün və azadlığın əsas düşməninə çevrildi.

Parisin prussiyalılar tərəfindən işğalıyla bitən bu dönəmdən sonra Fransa 2 il sol terrorun qurbanına çevrildi və III respublikanın qurulmasıyla özünə gəldikdə Elzas və Lotaringiyanın itirilməsi fransız qüruru üçün keçilməz qırmızı xəttə çevrildi.

Elzas və Lotaringiya 40 il ərzində bütün Avropa xarici siyasətini zəhərlədi və birinci dünya müharibəsinin əsas detonatorlarından biri oldu. Birinci dünya müharibəsindəki “Pirr qələbəsi”dən sonra məğlub Almaniya qarşısında aciz duruma düşən Fransanın kabusları gerçəkləşdi və Parisdə alman tankları gəzməyə başladı. Yalnız ABŞ-ın başladığı Normandiya əməliyyatı ilə azad olunan Fransa,  bundan sonra öz daxilində demokratiyanı bərpa edə bildi. İnqilabsız-filansız.

Gördüyümüz kimi, barrikadada yatan fransızlar belə iki dəfə xalqın qurduğu demokratiyanı qoruya bilməyiblər və qurduqları son üç respublika müharibədə məğlubiyyətdən sonra (sonuncu Süveyş müharibəsi) qurulub.

Bəs ABŞ necə? Tarix kitabları bu haqda nə deyir? Eləcə də digərlər haqda. Bəzi adamlar bəzi kitabları yazdı, ardından başqaları o kitabları oxudu və azadlıq əldə edildi? Tarix tamamilə xaosdan ibarət olan və yalnız universitet professorları tərəfindən nizama salınan hadisələr toplusudur. Və tarixdə ədalət yoxdur.

İstənilən tarixi şəraitə və istənilən cəmiyyətə tətbiq olunacaq hazır reseptlər də.  Tarixdəki heç bir hadisənin alternativinin nələrə səbəb ola biləcəyini dəqiq şəkildə görmək mümkün olmasa da məntiq əsasında mühakimə yürüdə bilərik.

Məsələn, 17 Oktyabr inqilabı Marks “Kapital”ı yazdığı üçün baş verdi, yoxsa II Nikolay ölkəni müharibəyə soxduğu üçün? İstənilən halda biz bu sualın cavabını dəqiq verə bilməyəcəyik, amma faktlar az-çox bəllidir.

ABŞ-ın istiqlaliyyəti olaraq bildiyimiz hadisə əslində nə Franklinlə başlayıb, nə Vaşinqtonla. İngiltərə müstəmləkəsi olan əyalətlərdə istehsal olunan bəzi məhsullar qanuna görə İngiltərə tərəfindən dövlət ehtiyacları üçün satın alınırdı və bu məhsulların başqa şəxslərə satılması qadağan idi. Qarşılığı ödənsə də bu mallar kralın malı sayılırdı. Əlbəttə ki, bu qadağalar tez-tez pozulurdu. Xüsusilə gəmilərin istehsalı üçün xammal olan odun-taxta sahəsində.

Kral hərbi dəniz donanması üçün saxlanmalı olan ən keyfiyyətli odunlar ticarət gəmilərinin inşaasıyla məşğul olan sahibkarlara satıb yaxşı pul qazanmaq üçün gözəl əmtəə idi və odun-taxta satışıyla məşğul olan sahibkarlar bu gəlirdən imtina etmək istəmirdilər. İngiltərə höküməti bu qanunsuzluğu aradan qaldırmaq üçün sərt addımlar atdı, cəzaları sərtləşdirdi, kralın imzasıyla qanunu pozan sahibkarlara xəbərdarlıq məktubları göndərildi.

Bu təhlükə qarşısında birləşən sahibkarlar (artıq, təkcə odun satanlar yox) ilk komitələrini qurdular. Bu komitələrdən birinə Benjamin Franklin adlı bir nəfər alim sədr seçilmişdi və odun satan sahibkarların hüquqlarını qorumaq üçün başlanan proses yeni Romanın doğulmasıyla başa çatdı.

Tarixdə sahibkarların hüquqlarını qorumaq üçün on minlərlə komitə qurulub. Onlardan neçəsi sonda dövlət qurub? İndi biz dövlət qura bilməyən digər sahibkar komitələrini bacarıqsızlıqda ittiham etməliyikmi?

Avropanın müasir demokratiyalarından, İspaniya, Portuqaliya və Yunanıstan uğursuz demokratik mübarizələrdən sonra yalnız tarixin öz ətaləti ilə hərbi diktaturalarla vidalaşıblar. Demokratik mübarizə uğursuz olduğuna görə, bu gün o mübarizəni aparanları heç kim ittiham etmir, əksinə onlar öz xalqlarının romantik azadlıq qəhrəmanları kimi tarix panteonunda öz yerlərini alıblar.

Bu gün Azərbaycanın düşdüyü situasiyadan çıxış yolu axtarmaq üçün 19-cu əsrin boşboğaz filosoflarından 20-ci əsrin dəliqanlı gerillalarına, 15-ci əsr intibah filosoflarından 21-ci əsrin texnokratlarına qədər çırpınırıq. Özümüzü başqa dövrlərlə, başqa dövlətlərlə müqayisə edirik. Hazır reseptləri cəmiyyətə zorla sırımağa çalışırıq. Olmayacaq. Çünki analogiya heç bir halda dəqiq olmayacaq.

ABŞ xalqı azaddır, bəli, çünki onların ataları tarixdə vuruşublar, dövlət qurublar. Bəli, vuruşublar. Bəs, biz? Axı, bizimkilər də vuruşublar. Sadəcə, yanlış tarixi dövrdə və bəzən yanlış tərəfdə. Tək bir seçim, tək bir qərar sonrakı dövrləri həndəsi şəkildə dəyişə bilir.  Qaliblər mühakimə olunmur, məğlublarınsa canı cəhənnəmə?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun