9 May: Qələbə, məğlubiyyət, yoxsa, heç biri? - İlkin Rüstəmzadə

9 May: Qələbə, məğlubiyyət, yoxsa, heç biri? - İlkin Rüstəmzadə
9 May 2019
Mətni dəyiş

II dünya müharibəsi tarixdə ən çox araşdırılmış mövzulardan biridir. 2012-ci ilə qədər təkcə ingilis dilində bu mövzuda yazılan əsər sayı 50 mini keçmişdi. Aşağı-yuxarı bütün detalları, bütün gizli məqamları üzə çıxıb. Və bu detallardan açıq şəkildə bəlli olur ki, müharibənin iki əsas günahkarından biri SSRİ olub. 

Elə isə biz niyə hələ də 9 mayı bayram hesab edirik?

II dünya müharibəsinin başlanğıcı Almanların Polşaya hücumuyla başlanır. Bəs bu hücum necə mümkün olur? SSRİ Almaniya ilə şikarın bölüşdürülməsini özündə ehtiva edən məxfi protokolun da daxil olduğu Molotov-Ribbentrop paktını (qarşılıqlı hücum etməmək və iqtisadi əməkdaşlıq müqaviləsi) imzaladıqdan qısa bir müddət sonra almanlar Polşaya hücum edir. Və cəmi 2 gün sonra bizim SSRİ-miz də öz qırmızı ordusunu Polşanın şərq sərhədlərindən bu ölkəyə soxur.

SSRİ-nin başqa ölkələrin ərazisini işğal edərək (qoy bunu bəziləri, Stalinin SSRİ-nin strateji şəhərləri üçün bufer yaratmaq cəhdi olaraq qiymətləndirsin) başladığı müharibədə, sonralar gedişatın onun əksinə dəyişməsilə işğala məruz qalan tərəfə çevrilən SSRİ, müharibənin sonunda almanlardan daha betər qəddarlıqlar edir.

Xatın əməliyyatını çoxunuz bilirsiz. Qırmızı Ordu Varşavada üsyan qaldıran xalqı çayın digər tərəfindən izləyir və alman ordusunun qətliam yaratmasına izn verir. Girdiyi yerlərdə işğalçı kimi davranır. Bir neçə milyon alman qadını seksual zorakılığa məruz qalır. Təkcə 1-20 may tarixləri arasında 2 milyon alman qadını seksual zorakılıq görür.

Müharibədən sonra yenidən kütləvi repressiyalar

Müharibə bitdikdən sonra Stalin müharibə dövründə məcburiyyətdən yumşaltığı despotizmini yenidən bərpa edir. Düşərgələr dolur. Xalqlar öz qaymaqlarını Solovkiyə, Kolımaya göndərirlər. Və bir çoxu geri qayıtmır. Bu travma ən çox ruslara ziyan vuru və onlar indiyədək bu travmanın yaralarını tam sağalda bilməyiblər.

II dünya müharibəsini başladan iki işğalçının qurbanı olan Polşa qərbə tərəf sürüşdürülür. Şərqdə Polşa torpaqlarını işğal edən Stalin bunun əvəzində Almaniyanın iki tarixi əyalətini Polşaya bağışlayır.  Əlbəttə ki, kommunist Polşasına.

Müharibədən sonra Stalin qırmızı ordunun işğalı altındakı Şərqi Avropaya məcburi olaraq öz yarıtmaz sistemini sırıyır, razılaşmayanlar məhv edilir. Bütün Şərqi Avropa 40 il ərzində bozluğa və mənasızlığa məhkum edilir. Təkcə Almaniyanın özündə, qərbi almanların 30 illik əməyi, elmi və yüksək texnologiyası hələ də sovetlərin vurduğu zərəri aradan qaldıra bilməyib.

9 mayın dövlət səviyyəsində rəsmi olaraq bayram olunmasını tutaq ki, başa düşdük. Rusiyanı qıcıqlandırmamaq istəyi. Bəs niyə məktəb və universitetlərdə tədris olunan tarix kitabları hələ də Sovet müəlliflərinin yazdıqlarını təkrarlayırlar?

9 may qələbə günü: Kimin kim üzərində? 

Kommunizmin faşizm üzərində? Stalinin Hitler üzərində?  Rusiyanın Almaniya üzərində? Sol totalitarizm sağ despotizm üzərində? Bir idiotun digəri üzərində qələbəsini tarix kitablarına salmaq, bunu bəh-bəhlə yeni nəslə təqdim etmək nə məntiqdir belə?

Bəli, SSRİ-nin bütün xalqlarının qələbədə payı var idi, lakin bu, köməkçi, daha çox vassal rolu idi. Bütün ciddi tarixçilər təsdiq edirlər ki, SSRİ onu quranların  və idarə edənlərin milliyətindən asılı olmayaraq Böyük Rusiya idi. Digər xalqlar da vassal idilər.

Stalinin Almaniya SSRİ-yə hücum edəndən 10 gün sonra, 3 iyul 1941-ci ildə radio ilə xalqına müraciəti, məntiqlə, şübhəyə heç bir yer qoymamalıdır:

“Ey böyük rus xalqı, Atalarınız Nevski, Suvorov və Kutuzov kimi döyüşün!” Yəni,  ey gürcülər, azərbaycanlılar və ya qazaxlar demir. SSRİ xalqları belə demir.

Müharibədən sonra da müharibədən əvvəl olduğu kimi dominant Rusiya və onun forpostları olaraq davam edən SSRİ (yenə də qeyd edirəm, politbirodakı əsas kresloda hansı avantüristin oturması mənasız idi; siyasi qərarları işləyib hazırlayanlar və KQB-nin başbilənləri ruslar idi) xalqları əzməyə davam etdi. Ta ki, öz daxili sisteminin yarıtmazlığı və xarici siyasətdə həddən artıq gərilmənin nəticəsi olaraq öz layiq olduğu yerinə, tarixin zibilliyinə gedənə qədər. Və bizim bu gün yaşadığımız bəlaların bir çoxu SSRİ-nin törəməsidir.

II dünya müharibəsi 95-130 milyon arası insanın həyatını itirdiyi tarixin ən böyük dəhşəti idi və onun bitməsi bütün insanlığın qələbəsi idi. Amma SSRİ tanklarının onsuz da təslim olmağa hazır olan Berlinə girib oranı insanları qarışıq tapdalayıb-əzməsini bayram etmək barbarlıqdı. Son 200 ilini rus işğalı altında inildəyən bir xalq üçün utancvericidir.

İlkin Rüstəmzadə

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun