21-ci əsrə tüpürmək – Elnur Astanbəyli

Elnur Astanbəyli

Sosial şəbəkələrdə Slavyan Universitetinin rektoru Nuranə Əliyevanın tələbələrinə “harda müxalif düşüncəli insan gördünüz, üzünə tüpürün” dediyinə dair xəbərlər dolaşır.

Mən bu sətirləri yazanadək rektor həmin xəbərləri təkzib etməmişdi.

Təkzib etsə belə (hər halda, ondan “demişəm əcəb eləmişəm” etirafını gözləyəcək qədər sadəlöhv deyilik) əsla inandırıcı olmayacaq. Ən azı mənim üçün. Özü də İki səbəbdən.

Birinci: İllər öncə elə həmin bu ali məktəbin o vaxtkı rektoru indi oxuduğunuz sətirlərin müəllifini universitetin binasından aşağı atdırmaqla hədələmişdi.

Yəni Slavyan Universitetinin rektoru postunu tutanlara bir qayda olaraq, Anadolu türkləri demiş, “bir şeylər oluyor…”

İkinci: illər uzunu bizdə müxalifətçilik rəsmi təbliğat tərəfindən “xalq düşməni”, “vətən xaini” kimi sovetdənqalma damğalarla eyniləşdirilib. Müxalifətçidən “erməni dəyirmanına su tökən”, “Azərbaycanı sevməyən qüvvələrin əlaltısı” obrazı yaradılıb.

Nəticədə hakimiyyətdən bir şey-mir şey qoparmaq üçün sinov gedən vəzifə, sərvət, imtiyaz hərisləri bir yana, on minlərlə “yuyulmuş beyin” belə həqiqətən, səmimi-qəlbdən düşünür ki, müxalifətçilik xalq düşmənçiliyinə, vətən xainliyinə bərabərdir.

Onların sadəcə, savadsız, kitabdan, elmdən, təhsildən uzaq, sosiallaşmamış, siyasiləşməmiş adamlardan, tam passiv kütlələrdən ibarət deyillər.

Onların arasında adının əvvəlinə-sonuna “akademik”, “professor”, “xalq yazıçısı”, “xalq şari” kimi cürbəcür titul, fəxri ad yazılanlar, el dilində desək, “oxumuş adamlar” da az deyil.

Bunları yaza-yaza yadıma gəlir: illər əvvəl idi. Bir məclisdə ali məktəblərin birinin qocaman müəllimi ilə eyni masa arxasında əyləşmişdik. Sonradan elmlər doktoru olduğunu öyrəndim.

Adam iki ayağını bir başmağa dirəmişdi ki, müxalifətçilik Qərbin, Avropanın bir oyunudur, bununla başqa ölkələri parçalamaq, öz müstəmləkəsinə çevirmək məqsədi güdür.

Mən onu qınamırdım. Ömrünün böyük hissəsi hər kəsdən qeyd-şərtsiz itaətin tələb olunduğu Sovet hakimiyyətinin idarəçiliyi altında keçmişdi.

Üstəlik, gözünü açandan azacıq tənqidi düşünə bilən insanların “xalq düşməni” kimi damğalandığını, ləkələnməyə çalışıldığını, ən ağır formada cəzalandırıldığını görmüşdü.

Mən qocaman müəllimə sual etmişdim: “SSRİ-də ki müxalifət yox idi, bəs o niyə dağıldı?”

Öncə ani bir çaşqınlıq yaşadı, sonra cavab verdi: “SSRİ heç də… Onun evini rüşvət yıxdı”.

Mən gülümsündüm: “Müəllim, müxalifət də elə onun üçün lazımdır ki, hakimiyyətlər eyiblərini görsünlər, onu düzəltməyə çalışsınlar, xalqların isə pislə yaxşı arasında seçim imkanı olsun, iqtidarları yanlışlarına görə cəzalandırmaq imkanı olsun. Qısaca, SSRİ-nin evini müxalifətsizlik yıxdı, yanlışlarını, xətalarını onlara göstərən bir güzgünün olmaması yıxdı. O güzgü olsaydı, rüşvət də olmazdı, başqa eyiblər də…”

Bəli, müxalifətçilik güzgüdür. Bu güzgüdə öz əyrilərini və doğrularını görüb, özünə çəki-düzən vermək yerinə, onu sındıraraq iqtidarının əbədiliyini təmin edəcəyini düşünənlər həmişə yanılıblar, indi də yanılırlar, bundan sonra da yanılacaqlar.

Elə bir zəmanədə yaşayırıq ki, uğurun açarı tənqidçi düşüncədən keçir. Fərd olaraq da, ölkə olaraq da. İndi yalnız sorğulayan, şübhə edən, quşqu duyan, araşdıran, diqtələrlə deyil, öz ağlı, düşüncəsi və istəkləri ilə hərəkət edə bilən, monoloqlarla deyil, dialoqlarla idarə olunan, alternativlər yarada bilən toplumlar güclü şəkildə ayaqda qala bilirlər, hər sahədə cahanşümul uğurlara imza ata bilirlər.   

Politologiyada “topal ördək” deyimi var. Bu deyimdən ilk dəfə ABŞ-da istifadə olunub. Oradan da bütün dünyaya yayılıb.

Nə deməkdir “topal ördək”?

Birləşmiş Ştatlarda Prezident bir, Konqresdəki çoxluq isə başqa bir partiyanı təmsil edirsə, birincinin əl-qolu xeyli dərəcədə bağlanmış olur və “topal ördək” vəziyyətinə düşür. Çünki atmaq istədiyi hansısa ciddi addımın qarşısına hər an qanunverici əngəl çıxa bilər.

Bu deyimi niyə xatırlatmaq istədim?

Gəlin onun ilkin, bir az da neqativ mənasını bir kənara qoyaq, tamam başqa bir müstəviyə transfer edək: müxalifətsizlik bütöv ölkələri də “topal ördəyə” çevirir. Onun gerçək, həqiqi inkişafını əngəlləyir, onu axsadır.

Çünki yaşadığımız çağda hakimiyyəti qədər müxalifəti də güclü olan ölkələr zamanla ayaqlaşa, demokratik, gəlişmiş, modern dünyanın bir parçasına çevrilirlər.

Dövlətin dayanıqlılığı və davamlılığı hakimiyyət qədər müxalifətin də güclü olmasına birbaşa bağlıdır. Bu iki sütundan birinin yoxluğu gec-tez dövlətin puçluğuna, çöküşünə gətirib çıxarır.

Ona görə də müxalifəti, müxalifətçiliyi addımbaşı qaralamaq, ləkələmək, zəiflətməyə, yox etməyə çalışmaq heç bir sağlam məntiqlə izah edilə bilməz.

Bir ölkədə müxalifəti xor görmək, düşmən cildində görmək, həbslərə, sürgünlərə məhkum etmək təqvim 21-ci yüzili, 2019-cu ili göstərərkən, bütün sahələrdə tərəqqi qazanmağın hüquq və azadlıqları təmin etməkdən keçdiyi bir vaxtda həmin ölkəyə ediləcək pisliklərin ən böyüyüdür.

Azərbaycanın gerçək yüksəlişi də mədəni dünyanın çoxdan qəbullandığı, öz nəhəng uğurlarına görə qeyd-şərtsiz borclu olduğu bu sadə həqiqəti dərk və qəbul etməkdən keçir.

Qısası: müxalifətçilərin, müxalifətçiliyin üzünə tüpürmək – yeni dünyaya, müasir zamana, elmi-mədəni, texnoloji inqilablara tüpürməkdir. Quldarlıq zehniyyətinin görsənişidir. İnkvizasiya ruhunun dirilişidir.

Orta əsrlərə özənib, meyllənib 21-ci əsr tüpürməkdir.

Elnur Astanbəyli