“Gəncə işi” üzrə 16 nəfərin işi davam edir

“Gəncə işi” üzrə 16 nəfərin işi davam edir
14 Aprel 2019
Mətni dəyiş

"Gəncə işi" ilə bağlı 2018- ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrdə təqsirləndirilən 2 qrupun (8+8 nəfərin) məhkəməsi aprelin 11-12-də Sabunçu Rayon Məhkəməsində davam edib. Bu barədə hüquq müdafiəçisi O.Gülaliyev bildirib.

Hüquq müdafiəçisinin deməsinə görə, hər iki qrup üzrə məhkəmə prosesi çoxsaylı qanun pozuntuları ilə keçib: "İbtidai istintaq dövründə yol verilən pozuntular məhkəmədə də təkrarlanıb. Hakimlər və dövlət ittihamçıları nəyin bahasına olursa -olsun ittiham aktını təsdiq etməyə çalışıblar", -O.Gülalıyev bunu bildirir.

O.Gülalıyev deyir ki, bu hal isə müttəhimlərin, onların vəkillərinin və valideynlərin narazılığına səbəb olub.

Onun deməsinə görə, hakimlər işgəncə faktlarının üzərindən sükutla keçir, özünü eşitməzliyə vurur, işgəncə hallarını ört- basdır etməklə reaksiya verirdilər.

Hüquq müdafiəçisi deyir ki, hətta işgəncəyə məruz qalan Rauf Bayramov adlı müttəhim 9 ay ötməsinə baxmayaraq, bədənində işgəncənin izlərini göstərmək istədi, hakim imkan vermədi: "Demək olar ki, bütün təqsirləndirilən şəxslər öz ifadələrində ağır və dəhşətli işgəncələrə, qeyri- insani münasibətə məruz qaldıqlarını bildirdilər. Amma çox dəhşətli və acınacaqlı haldır ki, bu faktları hakimlər və ittihamçılar gözməzlikdən gəlirdi...", - hüquq müdafiəçisi bildirib.

O.Gülalıyev deyir ki, Oqtay Hüseynzadə və s. təqsirləndirildiyi qrupda olan şəxslər Cinayət Məcəlləsinin 23 ağır maddəsi ilə ittiham olunur: "Onlar adam öldürməkdən tutmuş silah gəzdirmə, narkotik maddə, hakimiyyətin zorla əl keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terror, quldurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq və s. maddələrlə ittiham olunurlar".

Hüquq müdafiəçisi ittihamların absurd və ağlasığmaz olduğunu deyir, belə ki, vəkillərin sualları qarşısında aciz qalan dövlət ittihamçısı bəzən "biz bu maddələrlə bunları ittiham etmirik" deyə vəziyyətdən çıxmaq istəyirdi.

"Maraqlıdır ki, 23 maddə ilə ittiham olunan bir çox şəxs hadisə zamanı nəinki meydanda, 10 iyulda ümumiyyətlə, Gəncədə olmayıb", - deyə O.Gülalıyev bildirib.

Hüquq müdafiəçisi ittiham tərəfinin məhkəməyə təqdim etdiyi dəlil, sübutları da etibarlı saymır, dəfələrlə vəsatət verilsə də, şəhər kamerası görüntülərinin məhkəmədə nümayiş etdirilmədiyini bildirir.

O.Gülalıyev deyir ki, hakimlər və ittihamçıların bəzi təqsirləndirilən şəxslərə davamlı təzyiq göstərməsi vəkillərin narazılığına və etirazına səbəb olub, hətta vəkil Xaliq Hüseynov vəsatət verərək ədalətli məhkəmə araşdırmasına imkan vermədiyi və bundan əvvəlki qrupda iştirakına görə 2 hakimin- Faiq Mahmudov və Xəqani Səmədovun prosesdən kənarlaşdırılmasını tələb etdi. Vəsatəti qəbul etməyən hakim vəkilə 5 dəfə rəsmi xəbərdarlıq edib", - deyə Gülalıyev proses barədə xəbər verir.

O.Gülalıyev deyir ki, Elmir Hüseynzadə və digərləri ittiham olunduğu qrupun məhkəmə prosesinin də digər qrupdakı məhkəmə prosesi kimi pozuntularla keçdiyini deyib: "Prosesin bu cür aparılması əslində "Gəncə işi" ilə bağlı ittiham tərəfinin tərtib etdiyi saxta aktın artıq məhkəmədə təsdiqləndiyinin elan edilməsidir", -hüquq müdafiəçisi bütünlükdə məhkəmə prosesinin gedişini belə dəyərləndirib.

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə olayları ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlamışdı. Qurumda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər şəxslə bağlı həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edirlər ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Y.Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun