Avropa İttifaqı ilə saziş: insan haqları, demokratiya, yoxsa susqun razılıq?

Avropa İttifaqı ilə saziş: insan haqları, demokratiya, yoxsa susqun razılıq?
14 Aprel 2019
Mətni dəyiş

İlkin Rüstəmzadə

2016-cı ilin mart ayında prezident Əliyevin imzaladığı əfv sərəncamından sonra cəmiyyətdə yaranan ab-havanı və qərbin buna reaksiyasını çox böyük qəlb ağrısı ilə izləyirdim. Həmin vaxt həbsdə olsam da narahatçılığımın səbəbi qətiyyən şəxsi taleyim deyildi. Cəmi iki il əvvəl Azərbaycanın sonuncu demokratik institutlarını udan repressiya maşını öz dişləri arasından yalnız ayrı-ayrı fərdləri azadlığa buraxmış və qərb buna böyük alqış gurultusu ilə cavab vermişdi. Azadlıq aktının işığının kor etdikləri arasında, hətta, ən kəskin gözlərə sahib olanlar belə var idi.

Lakin əlahəzrət fakt o qədər güclü və möhkəm idi ki, cəmiyyətin bunu görməsini çox gözləmək lazım gəlmədi. Baş tutmuş və qərbin islahat adlandırdığı şeyin məzmunu bu idi ki, hakimiyyət çox cüzi qiymət ödəyərək möhkəm və sarsılmaz uğur qazanır, bütün dünyadan alqış alır, əvəzində demokratik qüvvələr özünün sonuncu müstəqil media və vətəndaş cəmiyyəti institutlarını itirir, yalnız bir neçə fərdin azadlığa buraxılmasından ibarət olan birdəfəlik, ötəri və solğun nəticə əldə edirdi. Avropa İttifaqı bu prosesdə hakimiyyətlə demokratiya arasında birincinin möhkəm qələbəsi ilə yekunlaşmış qarşıdurmanın nəticələrinin rəsmiləşdirilməsi və demokratik dünya tərəfindən tanınması funksiyasını yerinə yetirdi. Əlbəttə ki, hakimiyyətin bəzi vədləri qarşısında.

İslahat nağılları fonunda nələr yaşanırdı?

Bəs nə idi o vədlər? Biz bunun dəqiq bilə bilmərik, yalnız təxminlər irəli sürə bilərik. İstənilən halda hakimiyyətin mövqeyini açıq-aşkar nümayiş etdirməsi üçün çox gözləmək lazım gəlmədi. İyun ayında Britaniyada baş tutmuş referendumdan sonra hakimiyyətin nəzarətindəki mediada indiyədək tayı-bərabəri görünməmiş, qaraqışqırıq və söyüş-qarğış dolu anti-qərb təbliğatı qulaqları kar edən səviyyəyə çatmışdı. Və bu yüksək səviyyəli dövlət rəsmilərinin Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq haqqındakı gurultulu bəyənatlarından heç iki ay keçməmiş baş verirdi.

Brexitdən ABŞ-dakı seçkilərin keçirilməsinədək olan dövrdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin bütün bəyənatlarını izlədim. Hər dəfə dünyada və xüsusilə bizim regionda güc nisbətini dəyişəcək əhəmiyyətli hadisələr baş verdikdə Məmmədquliyevin bəyənatlarının tonu və çaları dəyişirdi.

[caption id="attachment_47073" align="aligncenter" width="1000"] Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev[/caption]

Və bütün bunlar dünyanın və xüsusilə də Aİ-nin islahat nağılları fonunda, hamımızın gözləri qarşısında yaşanırdı. Artıq bunun üzərindən üç il keçib və hələ də ortalıqda heç bir saziş yoxdur. Halbuki, Məmmədquliyevin üç il əvvəlki bəyənatında sazişin 2016-cı ilin sonunadək imzalanmasına əminlik ifadə olunurdu. Uzun müddət sonra yazdığım (daha doğrusu dərc etdirə bildiyim) ilk yazıya etdiyim bu girişin səbəbi hal-hazırda gündəmi zəbt edən Azərbaycan-Aİ münasibətləri və imzalanması gözlənilən strateji əməkdaşlıq sazişidir.

Avropa İttifaqı ilə imzalanacaq saziş Azərbaycana nə verə bilər?

Bu saziş bizə nə verə bilər? Saziş hansı şərtləri özündə ehtiva etməlidir? Sazişin Azərbaycan hakimiyyətinə təsiri nə qədər olacaq? Bunlar geniş və əhatəli cavablar tələb edən suallar olsa da, ümid edirəm bu yazıda bu məsələlərə az da olsa aydınlıq gətirə biləcəyik.

Birincisi ondan başlayaq ki, hal hazırda imzalanması gözlənilən sənəd Şərq Tərəfdaşlığı proqramı çərçivəsində nəzərdə tutulan və proqrama qatılan ölkələrdən yalnız Azərbaycan və Belarusun imzalamaqdan imtina etdiyi "Assosiasiya" sazişinin alternatividir. Azərbaycan hakimiyyəti həmin sazişin ciddi öhdəliklər yaradacağından ehtiyat edərək imzalamaqdan imtina etdi və əvəzində özünün təklif etdiyi "Strateji Əməkdaşlıq və Tərəfdaşlıq" sazişi adlandırılan, məzmununun cəmiyyətdən gizli saxlandığı sənədi təklif etdi.

Danışıqların başlamasından az sonra dünyada və bizim regionda elə ciddi proseslər baş verdi ki, Aİ elə bir şəkildə zəiflədi ki, Azərbaycan hakimiyyəti özünün təklif etdiyi saziş üzərində belə uzunmüddətli müzakirələr aparmaqdan və Ai-yə öz şərtlərini diktə etməkdən çəkinmədi. Danışıqlar başlayandan bəri Avropa İttifaqı Azərbaycanda baş verən proseslərlə bağlı çox yumşaq və ehtiyatlı mövqe sərgiləməkdədir. Referendumdan tutmuş, prezident seçkilərinə, yeni repressiyalardan tutmuş mediaya basqılara qədər demək olar ki, bütün məsələlərdə susqunluq nümayiş etdirdi.

İmzalanacaq sənədlər bağlı cəmiyyətə heç bir məlumat verilmir

Mən bu məsələdə Aİ-ni ittiham etmək fikrindən çox uzağam. Çünki hal-hazırda Aİ özü çətin vəziyyətdədir və artıq hiss olunur ki, Aİ zəifliyin genişlənməsi anlamına gələn şərqə doğru genişlənmə prosesini tormozlamaq niyyətindədir. Aİ hal-hazırda şikəst qocanı xatırladır və əgər yaxın vaxtlarda yeni nəfəs əldə edə bilməsə bir qurum kimi mövcudluğu təhlükə altına düşəcək. Və bu halda Aİ hətta öz üzvləri daxilində olan demokratik proseslərə nəzarəti itirə bilər.

Aİ-nin güc vəziyyətinin necə olmasından asılı olmayaraq, fakt faktlığında qalır ki, son üç ildə Aİ Azərbaycandakı proseslərə ümumiyyətlə, tam susqunluq nümayiş etdirib. Və məncə, bu faktın özü bizim Aİ ilə sənəddən olan demokratiya gözləntilərimiz üçün həlledici oryentir olmalıdır. İmzalanması gözlənilən sənəd hal-hazırda cəmiyyətdən gizli saxlanılır. Cəmiyyət hal-hazırda yalnız təxminlər və arada-sırada sızan (sızdırılan) informasiyalar üzərindən müzakirələr aparır.

Bu müzakirələrdəki iki əsas məsələ Qarabağ və siyasi məhbuslar məsələsidir. Birinci məsələylə bağlı, sadəcə onu yazmaq istəyirəm ki, Aİ kimi ciddi bir qurumun imzalanan sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımaması ehtimalının mövcudluğuna inanmıram. Üstəlik son dövrlərdə Aİ-nin Qarabağ məsələsində Azərbaycanın mövqeyinə doğru ciddi addımlar atmasından sonra bu ehtimalı tam unuda bilərik. İşdir, əgər bu dəhşətli, ağlasığmaz iddia gerçəkləşərsə, Aİ Azərbaycanı siyasi planda tamamilə itirə bilər və bu bizimçün çox dəhşətli perspektiv olar. Aİ-nin özü üçün də.

Çar-Sultan-Molla mürtəce ittifaqı

Azərbaycan hal-hazırda dünyada mövcud ola biləcək ən pis yerlərdən birində yerləşir. Biz Çar-Sultan-Molla mürtəce ittifaqının tam ortasındayıq və qərbimizdə ərazimizi işğal edən Ermənistanla uzun sərhədimiz var.

Belə bir şəraitdə Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən imtinası Azərbaycan cəmiyyətində böyük ruh düşkünlüyü yarada bilər. Həmçinin, millətçi ictimai rəyin, eləcə də beynəlxalq imici o qədər də yaxşı olmayan siyasi hakimiyyətin bir-birinə qarşılıqlı təsiri ilə fəlakətli nəticələrə (Rusiyanın rəhbərlik etdiyi hərbi, siyasi, iqtisadi alyanslara qoşulmaq) gətirib çıxara biləcək və Aİ-nin Qafqazdakı maraqlarını belə təhlükə altına alacaq uzunmüddətli və qalıcı nəticələrə gətirə biləcəyindən, mən, Brüsseldəki strateqlərin hansısa mifik xristian təəssübkeşliyi naminə belə bir qərar verəcəyinə, qərar verməyi keçdik, niyyət irəli sürə biləcəyinə şübhə edirəm.

Ermənistanın qərbə və Rusiyaya daha yaxın olması faktdır. Rusiyayla hərbi-siyasi-iqtisadi bağlar və tarixi həmrəylik duyğusu bütün hallarda Moskvaya çıxış məsələsində Azərbaycanın daha geridə olması anlamına gəlir. İndi isə Ermənistan demokratik bir ölkə olaraq (xristian olduğu üçün yox) qərbə daha yaxındır və bu Azərbaycanının Qarabağ məsələsindəki diplomatik çevikliyini baltalayır. Və bu birmənalı olaraq bu nəticəyə gətirib çıxarır ki, Azərbaycan təkcə Qarabağ məsələsinə görə belə demokratik islahatlara məcburdur.

Demokratiya öz-özlüyündə Qarabağ məsələsinin həlli üçün yeganə açar olmasa da, bizim indiki halda Aİ və ABŞ-la ləyaqətli münasibətlər qurmağımız üçün artıq 5-10 siyasi məhbusu azadlığa buraxmaq yetməyəcək. Azərbaycan hakimiyyəti demokratik dünyadan gələn tələblərdən qorunmaq üçün dəfələrlə Çar-Sultan-Molla ittifaqının təqdim etdiyi şər buferindən yararlansa da, Azərbaycan hakimiyyəti bu alyansın tərkibində olmaqda qətiyyən maraqlı deyil. Əgər maraqlı olsaydılar, bunu çoxdan edərdilər, çünki, buna daxildə və xaricdə mane olacaq heç bir qüvvə yoxdur. Deməli, bunu istəmirlər.

Hakimiyyətin israrları Aİ-nı yorub? 

Prezident İlham Əliyevin özü də daxil olmaqla Rusiyanın başçılıq etdiyi alyanslarda tam üzvlük hakimiyyətin istəmədiyi bir şeydir, bunun əksi, qərblə əlaqələr hakimiyyətin marağındadır. Sadəcə islahatlar olmadan. Əslində Aİ buna artıq susqun razılıq verib. Aİ sadəcə əlaqələrin minimal qiymətini qoyub: İnsan haqları məsələsində konkret addımlar. Azərbaycan hakimiyyəti Aİ-nin indiki durumdakı zəifliyini bilir və buna uyğun da “oynayır”.

Azərbaycan hakimiyyətinin israrları, belə görünür ki, Aİ-ni yorub və Aİ öz simasını qoruya biləcəyi, heç olmasa, hansısa bir güzəşt almadan sazişi imzalamaq istəmir. Aİ rəsmilərinin “Biz dəyərlərimizə sadiqik” bəyənatları da əslində bu mənanı daşıyır. Aİ rəhbərliyi bilir ki, siyasi məhbus məsələsi həll olunmadan saziş imzalanarsa Aİ öz simasını ən azından Azərbaycan cəmiyyətinin gözündə itirəcək və Azərbaycan hakimiyyəti bunu bildiyindən, bu addımın qarşılığında daha çox divident əldə etmək üçün əlindən gələni edir. Bütün hallarda, Aİ siyasi məhbus məsələsinin həllini bitirmədən, heç bir saziş olmamalıdır.

Amma biz Azərbaycan hakimiyyətinin cəmi bir neçə il əvvəl 10-15 nəfəri həbsdə daha artıq saxlamaq uğrunda Azərbaycanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan iki ölkə - ABŞ və Almaniya ilə münasibətləri diplomatik qarşıdurma səviyyəsinədək gərginləşdirdiyini unutmamalıyıq. Bürsseldəkilər də onu unutmamalıdırlar ki, Azərbaycan hakimiyyəti xoş məram və ya qarşılıqlı etimad naminə edilmiş diplomatik güzəştlərin qiymətini sonradan ödəyən hakimiyyətlərdən deyil.

Avropa İttifaqı Azərbaycandakı demokratik ictimaiyyətin, heç olmasa, minimal gözləntilərini nəzərə ala bilər, məncə. Biz isə cəmiyyət olaraq gözləntilərimizi minimal saxlamalıyıq ki, sonda xəyal qırıqlığımız böyük olmasın. Biz nə sənədlər görmüşük, yadınızsa salın. Və bu sənədlərin imzalandığı qurumların verdiyi kart-blanş hesabına Azərbaycan bu gün medianın, vətəndaş cəmiyyətinin mövcud olmadığı bir ölkəyə çevrilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun