Əhməd İmamquliyev: "Erməni qatilə qoyulan heykəl gürcü hökümətinin Azərbaycana mesajı idi"

Əhməd İmamquliyev: "Erməni qatilə qoyulan heykəl gürcü hökümətinin Azərbaycana mesajı idi"
8 Aprel 2019
Mətni dəyiş
Gürcüstanın Marneuli rayonundan olan siyasətçi, Marneuli merliyinə namizəd Əhməd İmamquliyev "Abzas"a Gürcüstan azərbaycanlılarının hal-hazırkı durumu haqda danışdı, O, bu ölkədəki azərbaycanlıların parlamentdə necə təmsil olunması, azərbaycanlıların təhsil, dil, inteqrasiya problemlərinin kökləri haqda fikirlərini bölüşüb. - Əhməd bəy, Gürcüstan Azərbaycanlıları sizi yaxşı tanıyır. Azərbaycanda isə sizi 2016-cı ildəki parlament seçkilərində hazırlatdığınız klipdən tanıyırlar. Oxucularımız üçün özünüzü qısaca tanıda bilərsinizmi? Gürcüstanda nə uğrunda mübarizə aparırsınız və hədəfləriniz nədir? - Sizləri və oxucularınızı salamlayıram. Mən Əhməd İmamquliyev, Borçalı türküyəm. Orta təhsilimi Marneuli 2 saylı rusdilli ictimai məktəbdə aldıqdan sonra Gürcüstan Politexnik Universitetinin hüquq fakultəsinə daxil olub, oranı bitirmişəm. Mübarizəm Borçalı türklərinin haqqı və bərabərliyi uğrundadır. Hədəfim millətimə xidmətdir.     - Gürcüstan azərbaycanlılarının ən ciddi problemləri təhsil, gürcü cəmiyyətinə inteqrasiya oluna bilməmək, ayrıseçkilik, gürcü höküməti tərəfindən doğma münasibət görməməkdir. Siz bu problemlərin tarixi ixtilaflardan və dini fərqlərdən qaynaqlandığını düşünürsünüzmü? Gürcüləri azərbaycanlıları olduğu kimi qəbul etməyə mane olan nədir? - İlk öncə bunun bir səbəbi əlbəttə dini və tarixi keçmişdən bu günə gələn səhv yazılmış tarixi məlumatlardır. Gürcülərin azərbaycanlıları olduğu kimi qəbul etməyinə mane olan isə, məncə keçmişdən bu günə kimi bizi təmsil etmiş, özümüzdən olan “siyasətçilərdi”. Bölgənin adını Borçalı və burdakı xalqı Borçalı türkü adlandırmayanlar bu prossesə mane olur.   [caption id="attachment_76559" align="aligncenter" width="960"] Əhməd İmamquliyev mütəmadi olaraq Marneulinin kəndlərini gəzir, əhali ilə görüşür, facebook üzərindən yayımladığı videolarla əhalinin problemlərini hakimiyyətə çatdırır.[/caption] - Gürcüstan azərbaycanlıları arasında son illər Azərbaycana sevgidən çox, soyuqluq və Azərbaycandan uzaqlaşma hiss olunur. Məsələn, ordakı azərbaycanlılar mədəni inkişaflarına və inteqrasiyalarına Azərbaycan dövlətinin mane olduğunu tez-tez dilə gətirirlər. Sizcə, Azərbaycanın Gürcüstan qədər demokratik olmaması, onun Gürcüstan azərbaycanlıları arasında imicini və hörmətini aşağı salırmı? - Azerbaycan bizim milli vətənimizdir, amma eyni zamanda unutmamalıyıq ki, ayırca müstəqil dövlətdir də və o dövlətın öz daxili siyasəti var. Azərbaycanın daxili siyasəti bizləri burda nə hörmətsiz, nə də hörmətli etməz çünkü biz Gürcüstan vətandaşlarıyıq.   - Tez-tez Gürcüstan azərbaycanlılarının iki ölkə Azərbaycan və Gürcüstan arasında alver obyektinə çevrildiyi deyilir. Gürcü deputat Mariam Caşinin bu yaxında Gürcüstan azərbaycanlılarıyla bağlı məlum çıxışı xeyli etirazlara səbəb oldu. Siz bu cür alverin olduğunu düşünürsünüzmü? - Xeyr, inanmıram ki, Azərbaycan dövləti bizlərin üzərindən Gürcüstanla nəsə alver edə. Deputat Mariam Caşi isə məlum çıxışı ilə çox böyük səhv etdi. Biz o xanımın cavabını verdik. Amma əgər Azərbaycan dövləti nə vaxtsa “alver” sayılacaq belə bir iş birliyinə razılaşsa, əlbəttə bizlərə çox böyük zərər gətirər.     - Gürcüstan parlamentində azərbaycanlıları təmsil edən deputatlara baxanda belə təsəvvür yaradılır ki, bu adamlarla əvvəlcədən müəyyən razılıqlar olur ki, azərbaycanlıların problemləri ilə bağlı yüksək səslə danışmasınlar, milli hisslərini parlamentdə maksimum biruzə verməsinlər və s. Bu cür razılığın olduğuna inanırsınız, yoxsa bu sadəcə kənardan belə görünür? - Mən inanmıram ki parlamentdə olmaq üçün hər hansısa razılıq alına. Sadəcə ,Gürcüstan parlamentində bizi təmsil edən deputatların bəziləri gürcü dilini bilmədiyindən və kimlərinsə xoşuna gəlsin deyə susmağı üstün tuturlar.   [caption id="attachment_74235" align="aligncenter" width="785"] Xocalı soyqırımının iştirakçısı olmuş erməni Mixayıl Avakyana Gürcüstanda qoyulmuş heykəl.[/caption] - Bu yaxınlarda Gürcüstanda erməni terrorçu Mixayıl Avakyanın heykəlinin qoyulmasına Gürcüstandakı azərbaycanlılar tərəfindən etirazlar oldu. Həmçinin bu hadisə Azərbaycanda da çox adamı təəccübləndirdi. Siz bu heykəlin qoyulmasını necə şərh edərsiniz. Bu yeni təşkil olunmuş gürcü hökümətinin Azərbaycanla daha soyuq münasibətlər quracağının bir göstəricisidirmi? - İlk öncə onu deyim ki, o caninin heykəli oraya 1994-cü ildən qoyulub. Və bu günə kimi buna hakimiyyətdə olan partiyalar heç bir etiraz bildirməyiblər. Sadəcə bu yaxında o heykəl yenilənib. Onu yeniləməklə bu günkü gürcü hakimiyyəti Azərbaycan dövlətinə bir mesaj göndərdi. Biz isə öz ehtirazımızı bildirdik, çünki Mixayıl Avakyan Xocalıda dinc azərbaycanlılara qarşı qətllər törətmişdi və Xocalıda şəhid olanlar bizim də canımız, qanımızdan olan insanlarıydı.     - Gürcüstandakı liberal yönümlü azərbaycanlılar tez-tez bu ölkədə, xüsusilə də Marneulidə İranın maliyyələşdirdiyi bir islamlaşdırma prossesindən bəhs edirlər. Biz bunu daha çox Marneulidə hər il qeyd olunan Aşura mərasiminin get-gedə daha da böyüməsiylə müşahidə edirik. Siz bunu necə şərh edərsiniz? - Aşura mərasiminin keçirilməsinə təbii baxıram və bu heç də Marneulidəki əhalinin dini radikalizmə doğru getdiyini göstərmir. Bu sadəcə liberalların keçirdiyi əsassız qorxulardır məncə.   [caption id="attachment_76555" align="aligncenter" width="960"] Marneuli şəhərində keçirilən Aşura günü, hər il daha böyük təntənə ilə qeyd olunur və bu hal Gürcüstanın dünyəvi və liberal azərbaycanlıları tərəfindən mənfi qiymətləndirilir.[/caption]   - Yaxın zamanda Temur Abazovun istefa verdiyi Marneuli munisipalitetinin rəhbəri vəzifəsinə seçkilər olacağı gözlənilir. Sizin bu seçkilərdə iştirak edəcəyiniz bilirinir, hətta Vahid Milli Hərakat Partiyası tərəfindən dəstəklənəcəyinizi deyənlər vardı. Siz özünüzü bu posta nə qədər şanslı bilirsiniz? Seçildiyiniz təqdirdə azərbaycanlıların hansı problemlərini həll etməyi düşünürsünüz? - Bəli, mənim namizədliyim üzvü olduğum “Avropalı Gürcüstan partiyası” tərəfindən irəli sürülüb. “Vahid Milli Hərakat” partiyası isə seçkilərdə öz nəmizədlərini ilə iştirak etmək istəyir.Marneuli munisipalitetinin başçılığını  qazanacağıma tam inanıram və bunu şansla yox, millətin verdiyi səslərlə qazanacağıq. Problemlərə gəldikdə isə, həllini gözləyən xeyli problemlərin öhdəsindən gəlmək niyətindəyəm; məsəlçün Marneulidə içməli su problemimiz var, fiziki qüsurlu insanlarımız üçün bir reabilitasiya mərkəzi açmaq planımız var, Həmçinin şəhərimiz üçün uşaq baxçaları, idman mərkəzləri, stadionlar, zibil qabları, küçə fənərləri quraşdırmaq kimi çoxlu sayda vəzifəni qarşıya qoymuşur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun