Mehman Hüseynov və ictimai fəallar İlkin Rüstəmzadənin ailəsinə baş çəkib [fotolar]

Mehman Hüseynov və ictimai fəallar İlkin Rüstəmzadənin ailəsinə baş çəkib [fotolar]
8 Mart 2019
Mətni dəyiş

Martın 2-i azadlığa çıxan bloger Mehman Hüseynov və bir qrup ictimai fəal siyasi məhbus ailələrinə baş çəkməyə başlayıb.

Bu barədə Abzas-a Mehman Hüseynov məlumat verib. Onun sözlərinə görə, İlkin Rüstəmzadənin ailəsinə baş çəkənlər arasında hüquqmüdafiəçisi Rəsul Cəfərov, N!DA İdarə Heyəti üzvləri və REAL üzvləri, jurnalistlər olub.

Mehman Hüseynov bildirib ki, 6 ilə yaxındır məhkumluq həyatı yaşayan NİDA üzvü İlkin Rüstəmzadənin ailəsini ziyarət edib. 

“Azadlığa çıxandan sonra ilk işim həbsdə qalan digər siyasi məhbuslara dəstək olmaq və onların tezliklə azadlığa qovuşmasına nail olmaqdır. Burada əslində böyük iş tələb olunmur. Həbsdə olmuş biri kimi deyirəm ki, həbs olunmuş insan üçün ən böyük sevinc, ən böyük hədiyyə onun çətin durumda qalan ailəsini ziyarət edib, danışıb, mənəvi dəstək olmaqdır. Mən dostlarımı zindanda görmək istəmirəm! Onlar o münasibətə layiq deyillər!”

M. Hüseynov vurğulayıb ki, Azərbaycan höküməti təzəlikcə bir neçə siyasi məhbusu azad edərək görüntü yaratmaq istəyir.

“Güya bu məsələdə islahatlara başlayıblar. Bilmirəm son zamanlar ölkədə baş verən hadisələrdən qorxub və ya həqiqətən də yuxardakılar haqq yoluna gəlib bu addımları atırlar, amma bu çox yaxşı bir haldır. Azərbaycan xalqı bir daha sübüt elədi ki xalq oyaqdır və ölkədə baş verən bütün hadisələrdən xəbərləri var. Azərbaycan xalqın iradəsi ilə bugün mən azadlıqdayam.”

Tanınmış bloger hökumətə Novruz Bayramı ərəfəsində İlkin Rüstəmzadə və digər bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırır:

"Həbsdən çıxan kimi ilk növbədə Azərbaycan hökümətinə çağırış etdim ki, məni azadlığa buraxmaqla bu iş bitməməlidir, mənim dostlarım hələdə haqsız olaraq həbsdədir. Burdan çağırış edirəm bu ölkəni idarə edənlərə, qarşıdan Novruz bayramı gəlir, bu fürsətdən istifadə edib digər siyasi məhbusları azad edin".

Mehman Hüseynov bildirir ki, siyasi məhbus problemi ölkədə birdəfəlik həll olunmalıdır. Onun sözlərinə görə, ölkə üzərində qara ləkə kimi qalan bu problemin həlli üçün o da öz növbəsində addımlar atacaq.

"Elə bugün siyasi məhbus İlkin Rüstəmzadənin ailəsini ziyarət elədik. O, orduda olan əsgər ölümlərinə etiraz elədiyinə görə bugün həbsdədir. Onun ailəsi övladını azadlıqda olmağını çox istəyirlər. Biz inanmaq istəyirik ki bu bayram onların arzusu tam yerinə yetiriləcək!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun