Məhkəmə sayt redaktorunu həbs etmək yox, şərti cəza vermək istəyir

Məhkəmə sayt redaktorunu həbs etmək yox, şərti cəza vermək istəyir
18 Mart 2019
Mətni dəyiş
Martın 18-də teref.info saytının redaktoru Nurəddin İsmayılovun («Bozqurd» batalyonunun keçmiş komandiri Nurəddin Xoca) Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edib. Nurəddin Xocanın məhkəməsi haqda Azadlıq Radiosu məlumat yayıb. Prosesdə vəkili Elçin Sadıqov məhkəmə çəkişməsinə səbəb olan məqalələrə rəy verən şəxsin gəlib ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Amma ittiham tərəfi vəsatətə qarşı çıxıb, vəkilin istəyi təmin edilməyib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prosesdə çıxış edən dövlət ittihamçısı N.İsmayılovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Amma o, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə N.İsmayılov barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını gərəkli sayıb. Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyərək, vaxt tələb edib. Məhkəmə prosesi martın 19-na kimi təxirə salınıb. Xatırladaq ki, teref.info saytının baş redaktoru kimi, təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılan N.Xoca Gəncədə icra başçısının güllələnməsindən sonra və Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı saytda gedən yazılara görə ittiham olunur. Həmin yazılarda bir sıra sərt qeydlərin və ittihamların yer aldığı bildirilir. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, lakin o, həbs olunmayıb. İstintaq və məhkəmə dövründə barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun