Elmira Süleymanova azərbaycanlı jurnalistlərə görə Rusiyaya müraciət edib

Elmira Süleymanova azərbaycanlı jurnalistlərə görə Rusiyaya müraciət edib
11 Mart 2019
Mətni dəyiş

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Federasiyasının Ombudsmanı Tatyana Moskalkovaya müraciət göndərib.

Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb. Müraciətdə Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi diqqətə çatdırılıb.

Ombudsman bildirib ki, Fuad Abbasovun təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verilir.

Eyni zamanda daha bir azərbaycanlı jurnalist, "Sputnik" agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi bildirilib.

E.Süleymanova Rusiya Federasiyasının ombudsmanından xahiş edib ki, yuxarıda göstərilən faktlar yoxlanılsın, adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq kovensiyalarda və Rusiya qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görülsün.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun