Cavanşir Quliyev: 'Ayılıb, dünyaya baxmaq lazımdır'

Cavanşir Quliyev: 'Ayılıb, dünyaya baxmaq lazımdır'
11 Mart 2019
Mətni dəyiş

Martın 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.

Görüşdə mədəniyyət və incəsənət xadimləri bir neçə təklif səsləndiriblər. Səsləndirilən təkliflərin bir çoxu fəxri adlar, maddiyyat məsələləri olub. Mədəniyyətin və incəsənətin durumu ilə bağlı ümumi problemlər isə səsləndirilməyib.

Azərbaycanın görkəmli bəstəkarı, hazırda Şimali Kiprdə yaşayan Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyev görüş, eləcə də görüşdə səsləndirilən təkliflər barədə ASTNA-ya danışıb.

 - Cavanşir müəllim, yəqin ki, prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşünü izlədiniz. Görüşdə iştirak edənlər daha çox maddi problemləri qaldırdılar. İncəsənət və mədəniyyət xadimlərinin vəziyyəti doğrudanmı çətindir?

 - Ölkənin digər vətəndaşlarının vəziyyətindən pis deyil, lakin sənətkarlar daha da yaxşı yaşamaq istəyirlər və əllərinə düşmüş bu imkandan istifadə etdilər. Mitinqin və ictimaiyyətin təzyiqi nəticəsində hakimiyyətin bir az "yumşaldığını" hiss edərək daha cəsarətli şəkildə maddi imtiyazlar istəməyə başladılar, hətta açıq şəkildə və uca səslə, təvazökarlıq prinsiplərini heçə sayaraq, ailələri üçün fəxri adlar belə tələb etdilər.

Bu, bir daha sübur etdi ki, sənətkarların maddi vəziyyətinin dövlət mexanizmi yoxdur - hər şey yüksək kabinetlərdə oturan məmurların "iki dodağı"nın arasından çıxan sözlərə bağlıdır. Özəl olaraq ayrı-ayrı sənətkarların maddi durumları yaxşılaşdırılır, amma bu yardımlar hansı sosial prinsiplərə əsaslanır, aydın deyil, heç bir qanunda da yazılmayıb.

 - Nədir bu maddi çətinliyin səbəbləri?

 - Baxın, bütün yaradıcı ittifaqlara ölkə başçısı təqaüdlər verir, özü də bu təqaüdlər orta əməkhaqqından xeyli yüksəkdir. Və iki növü var təqaüdlərin - gənclər üçün və böyüklər üçün. Yaşlanmış sənətkarlara Prezident təqaüdü deyilən maddi yardım verilir, sənətkarların əksəriyyəti fəxri adlar sahibi olduğundan həm də əlavə pul alırlar, bir çoxu ali məktəblərdə professor maaşı alır. Hər halda orada oturanların heç birinin maddi vəziyyəti pis deyil.

Afaq Bəşirqızının təklifi isə teatrlardaki sıravi aktyorların maaşlarına aid idi. Həqiqətən utancverici mənzərədir bu maaşlar. Amma bu maaşı ölkə əhalisinin digər böyük hissəsi də alır, peşələrin heç birinin özəl maaş statusu yoxdur axı. Bir qrupun maaşlarını yüksəltmək üçün sərəncam, fərman, qanun lazım. Bu qanun da ədalətli olmalıdır, ədalətli olunca da artyorların maaşının müəllimlərin, yaxud digər peşələrin maaşından yüksək edə bilməzsən. Deməli, bütün ölkədə maaşlar yüksəlməlidir, o cümlədən də aktyorların və digər sənətkarların.

 - Ancaq Azərbaycanda yaxşı yaşayanlar kateqoriyasına həm də müğənnilər, xanəndələr daxildir. Çünki toylardan, restoranlardan pul qazana bilirlər. Bəstəkarlar da əsərlərini həmin müğənnilərə sataraq dolanırlar. Amma bir kateqoriya var ki, onların durumu həqiqətən ağırdır. Teatrlara maraq yox, kino çəkilmir. Seriallar olduqca zəif. Həmin insanların problemlərini dilə gətirməsi doğru deyildimi? Bu vəziyyətdə çıxış yolu kimi prezidentdən ayrı nə istəyə bilərdilər ki?

 - Əslində, dinləyicisi çox olan musiqinin yaradıcıları da, ifaçıları da maddi baxımdan yaxşı dolanırlar. Mənim dediklərim yalnız bədii sənətin ciddi növlərinə aiddir.

Xanəndəlik də təbii ki, ciddi sənətdir, amma onu ayrı tutaq, çünki onun ənənəyə əsaslanan dolanışıq üsulları var və bu, günümüzdə də işləkdir.

Əyləncəli musiqinin müğənniləri də qazanırlar, doğru - toylardan, banketlərdən, korporativlərdən və digər tədbirlərdən. Bəstəkarların məsələsi isə bir az başqadır. Son zamanlar əhalinin təbliğ olunan mahnıların keyfiyyətindən şikayət etməsinin səbəbi müğənnilərin məhz peşəkar bəstəkar mahnılarından imtina edərək, yerinə əsasən həvəskar musiqiçilərin qoşduğu mahnıları oxumasıdır. Bunun da səbəbi odur ki, həvəskarlara pul ödəmirlər, yaxud bəstəkarlarla müqayisədə, daha az pul verirlər. Nəticədə peşəkar bəstəkarların dediyinizin əksinə, maddi problemləri yaranır.

Dinləyicisi az olan sənət növlərinin maddi durumu ilə isə dövlət məşğul olmalıdır. Məşğul olurmu? Toplantı göstərdi ki yetərincə məşğul olmur. Mənim əsas iradım da budur - dövlət boyun olduğu işləri zəif icra edir. Nəticədə bu cür toplantılarda incəsənətin inkişafı məsələləri yox, telekanalların yanlış sənət təbliğatı yox, cəmiyyətin yaşam problemləri yox, sənətkarların maddi həyatı, bağlar, heykəllər, maaşlar, fəxri adlar müzakirə olunur.

 - Azərbaycanda ciddi sənətin dəyəri niyə aşağı düşüb?

 - Təbliğat idarələrinin, telekanalların, konsert təşkilatlarının yarıtmaz fəaliyyəti ücbatından. Çünki onların əksəriyyətinin başında reytinq xəstəliyinə tutulan adamlar əyləşib və reytinq üçün ciddi sənəti qurban verirlər. Ciddi bədii sənəti hiss etmək, anlamaq və sevmək bir günün içində olmur, çünki bunlar kifayət qədər mürəkkəb sənətdir. Ona görə də təbliğat vasitələri bu işi illərlə hövsələylə aparmalıdırlar ki, bu sənəti sevdirsinlər tamaşaçıya, nəticədə konsert salonları, sərgi salonları, teatr salonları tamaşaçı ilə dolacaq və sənətkarların maddi durumu da yaxşılaşacaq. Amma bizdə illərlə bayağı sənət nümayiş etdirildi və nəticə olaraq Nəsimi ilə B.Vahabzadəni, Motsart ilə Üzeyir bəyi ayıra bilməyən gənc nəsil yetişdi.

Mən bu vəziyyətin əsas səbəbkarının yenə də dövlət olduğunu hesab edirəm, çünki o adamları təyin edən dövlətin başındakılardır.

 - Sizin xaricdə məskunlaşmağınızın da səbəblərindən biri də bu ola bilərmi?

 - Yox. Mənim Azərbaycandan getməyimin əsas səbəbi odur ki, hakimiyyəti tənqid etdiyim üçün heç bir siyasi partiyanın üzvü olmamağıma rəğmən məni müxalifətçi elan edib, işdən çıxartdılar, bütün telekanallarda qadağa qoydular, müğənnilərə mahnılarımı oxumamaları üçün təzyiq etdilər, onlar da razılaşdılar, musiqi kollektivlərinə, digər sənət məbədlərinə əsərlərimi ifa etməmələri üçün şifahi əmr verdilər, onlar da razılaşdılar, adımı hər bir konsert siyahısından sildilər, heç bir mədəniyyət tədbirinə dəvət etmədilər, hətta çəkilmiş və efirə hazır olan televerilişdən belə müsahibəmi çıxardılar, yetişdirdiyim müğənni və digər musiqiçilərə mükafatlar, fəxri adlar, hədiyyələr, digər imtiyazlar verdilər, məni isə ölkənin mədəniyyət və konsert tablosundan çıxardılar. Həmkarlarımdan və digər sənət adamlarından da heç kəs məni müdafiə etmədi, mənə dəstək olmadı. Hətta Bəstəkarlar İttifaqı, nizamnaməsinə əsasən, şərəf və ləyaqətimi qorumağa borclu olduğu halda, müraciətimə baxmayaraq, səsi çıxmadı. İnanmayanlar üçün necə deyərlər, bir dəftər sübutum var. Digər öklələrdə bu, cinayət sayılır. Mən isə yarızarafat dedim ki, məni ölkədən diş pastası kimi basıb çıxardılar. Yəni, məni getməyə məcbur etdilər.

 - Azərbaycan mədəniyyəti, incəsənəti adətən digər ölkələrdən yaxşı mənada fərqlənib. Niyə bundan istifadə edə bilmirik?

 - Azərbaycan incəsənəti kifayət qədər yüksək səviyyədədir, belə deyək. İstifadə edə bilməməyimizin səbəbi isə məncə, odur ki, sənətimizin xarici təbliğatının tərzini və formalarını doğru qura bilmirik, çünki bu tərzi və formaları məmurlar təyin edir. Baxın, hələ də xanəndələri xaricdə əksər hallarda orta əsr kəndli libasında çıxardırlar səhnəyə, sanki bunlar kənd özfəaliyyətidir. Bir tək Alim Qasımov etiraz etdi buna və özü düşündüyü libasda çıxış edir. Musiqi sahəsində xarici təbliğat əsasən muğamat üzərində qurulur, bu da zənnimcə, təktərəfli olur, musiqimizi obyektiv şəkildə göstərmir. Biz hələ də dünya opera sənətinin böyük islahatı olan və zənnimcə, Üzeyir bəyin ən böyük tapıntılarından biri olan "Leyli və Məcnun" operasını beynəlxalq keyfiyyətdə dünya tamaşaçısına "yedirdə" bilməmişik. Görüləsi işlər çoxdur.

 - Azərbaycan mədəniyyət və incəsənətinin qurtuluş yolu nədədir? Mədəniyyəti diriltmək üçün hansı addımlar atılmalıdır?

 - Bu iş ağır və uzun zaman tələb edən məsələdir. Korlanmış zövqləri düzəltmək üçün vaxt və hərəkət, proqram lazımdır, toplantıda məncə, bax, bunu müzakirə etmək lazım idi. Səbrlə, gündəlik doğru düşünülmüş təbliğatla insanlara yenidən gözəl sənəti sevdirmək olar. Təəssüf ki, bunlar danışılmadı toplantıda. Telekanalların korlayıcı fəaliyyətinə qiymət verilmədi.

O ki qaldı sənətkarlara, mən birincisi, fəxri adları ləğv edərdim, çünki onlar, əvvəla, xalq olaraq imtina etdiyimiz sosialist həyatın simvollarıdır, müasir sənətin inkişafına artıq xidmət etmir, onların mövcudluğu sənətkarları sənətdən yayındırır, əsəblərini gərir, layiq olmayanlar təltif olunduqda, layiq olub almayanlar sənətdən küsürlər, sənətin keyfiyyəti düşür. Nəticədə sənətkarı düşündürən sənət məsələləri yox, fəxri adı necə alması olur və bu vəziyyət onun yaşamını və peşəsini zəhərləyir.

Fəxri adları hakimiyyət verdiyi üçün sənətkar hakimiyyətin cəmiyyətin yaşamına aid yanlışlarını tənqid edə bilmir, çünki ondan asılıdır - adı keçən toplantı buna sübutdur, seyr edənlər sənətkarların yaltaq və qorxaq olmaqlarından gileylənirlər. Heç bir içtimai problemi dilə gətirmədilər sənətkarlar, xalqın problemlərini söyləmədilər, hakimiyyətdən 127 siyasi məhbusun azad olunmasını tələb etmədilər. İnsanlar deyir ki, axı onlar Xalq artistləridir, Xalq yazıçılarıdır, Xalq rəssamlarıdır, nədən xalqın şikayətlərini çatdırmadılar yuxarılara? Fəxri adlara gəldikdə, onu almaq üçün nələr etmirlər, ama o fəxri adın qaynağı olan xalq haqqında düşünmürlər. İnsanlar belə iradlar söyləyirlər. Ona görə təkrar edirəm, fəxri adlar ləğv olunmalıdır.

İkincisi, Prezident təqaüdü adlanan əslində, maddi yardım olan ödəmələri qanuniləşdirmək lazımdır - müəyyən şərtlərə uyğun olan sənətkar bu yardımı avtomatik olaraq almalıdır. Amma indi bir məmurun, və ya məmurların keyfindən doğan qərarlarla təqaüdün kimə veriləcəyi təyin olunur. Yəni, idarə müdiri kimisə sevməsə, o sənətkar, ehtiyacı olsa belə, o yardımı almayacaq. Ölkə başçısı kimisə istəməsə, imzalamayacaq sərəncamı və o sənətkar almayacaq yardımı. Bu, ədalətli deyil.

Mənim düşüncəm budur: ölkədə sənətkarların "zəhmətə qarşı ödəmə" şərtlərini maliyyə baxımından yaxşılaşdıraraq onları bütün bu fəxri adlar, imtiyazlar və təqaüdlər asılılığından azad edib sərbəst buraxmaq lazımdır.Onda əsl sənət aşiqləri və xalqını sevən əsl ziyalılar qalacaq sənətdə, o da sağlam inkişaf edəcək. Ayılıb dünyaya baxmaq lazımdır!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun