Başqasının fikirlərində ilişib qalmaq: mütaliənin beynimizə təsiri

Başqasının fikirlərində ilişib qalmaq: mütaliənin beynimizə təsiri
31 Mart 2019
Mətni dəyiş

Reklam lövhələri, instagram paylaşımları, müqavilələr və hətta film subtitrləri – müasir insan daim oxuyur.

Bunu təsəvvür etmək çətindir, lakin həqiqətən də təbiət etibarilə beynimiz ümumiyyətlə mütaliə işini çox pis bacaran bir orqandır. Bu qabiliyyət yalnız o kəslərdə inkişaf edir ki, onlara hərfləri fərqləndirməyi gərgin şəkildə öyrədirlər. Buna baxmayaraq, "qeyri-adi" bacarıq bizi həmişəlik dəyişib: biz heç vaxt olmadığımız yerləri təsəvvürümüzdə canlandıra bilirik, çətin məntiqi məsələləri həll edirik və oxuduğumuz hər bir kitabla daha da müdrikləşirik.

Beynin bərpası

Fransız neyrobioloq Stanislas Dean deyir ki, araşdırmalarda iştirak edən uşaqlar kosmik gəmi kapsulunu xatırladan MRT aparatına daxil olarkən özlərini astronavt kimi hiss edirlər. Testlər zamanı Dean beynin fəaliyyətini izləmək üçün onlardan oxumağı və saymağı xahiş edir. Təhlillər hətta oxunan bir sözün belə beyni necə canlandırdığını göstərir.

Dean deyir ki, beyin məntiqi fəaliyyət göstərir: ilkin mərhələdə, hərflər onun üçün yalnız vizual məlumatdır, sadə obyektlərdir. Lakin sonra bu vizual şifrələr hərflər haqqında artıq mövcud olan biliklə əlaqələndirilir. Yəni insan əvvəlcə hərfləri tanıyır və yalnız sonra onların mənasını başa düşür və tələffüz edir. Bütün bunlar ona görədir ki, təbiət insanın məlumatı ötürmək üçün məhz bu mexanizmi icad edəcəyini təxmin etməmişdir.

Mütaliə - ilkin mərhələdə linqvistik işarələrin tanınması üçün heç bir xüsusi bölməsi olmayan beynimizi, sözün əsl mənasında yenidən formalaşdıran inqilabi texnika, süni interfeysdir. Bunun üçün beyin üzün tanınmasından cavabdeh olan miləbənzər beyin qırışlarına siqnalları ötürən ilkin görmə korteksini tənzimləməyə məcbur olur. Bu beyin qırışları həm də dil biliklərinin saxlandığı bazadır - bunları həmçinin "poçt qutusu" da adlandırırlar.

Deanin Braziliya və portuqaliyalı həmkarları ilə birlikdə apardığı araşdırmada belə bir nəticəyə gəlinmişdir ki, yuxarda adı çəkilən "poçt qutusu" yalnız oxumağı bilənlərdə aktivdir və yalnız  tanıdığımız hərfləri görəndə hərəkətə keçir, əgər siz çin dilini bilmirsinizsə o, hiyeroqliflərə reaksiya verməyəcək. Mütaliə görmə korteksinin fəaliyyətinə də təsir edir: bu zaman o, bir hərfi digərindən fərqləndirməyə çalışarkən, obyektləri daha dəqiq tanımağa başlayır. Səsləri anlama şəkil dəyişdirir: mütaliə sayəsində insan səsi eşidəndə hərfi təsəvvür edir.

Qəhrəmanın yerində olmaq

Beynin temporal korteksində əks etdirici neyronlar yerləşir. Məhz onların sayəsində insanlar rəqs edərkən bir-birlərinin hərəkətlərini təkrarlayır, kimisə yamsılayır və ya gülümsəyən birinə baxanda sevinc hissləri keçirir. Biologiya elmləri doktoru Vyaçeslav Dubınin bu mexanizmin əhəmiyyətini belə izah edir: "Bioloji məqsədəuyğunluq baxımından bu doğrudur. Sürü və ya icmalar eyni hisslərlə hərəkət etdikdə daha təsirli olur – hamımız təhlükədən birlikdə qaçırıq, yırtıcılarla mübarizə aparırıq, bayramları birgə qeyd edirik".

Emori Universitetinin araşdırmaları sübut edir ki, insan yalnız qonşusuna və ya yaxınlığındakılara deyil, həm də hər hansı bir kitab personajına qarşı da empatiya qura bilər. Mütaliə edən eksperiment iştirakçılarının çəkilən MRT nəticələri onların mərkəzi beyinlərində yüksək fəallığın olduğunu göstərmişdir. Beynin bu bölməsindəki neyronlar düşüncələri gerçək duyğulara çevirə bilir, mütaliə zamanı isə biz sevimli qəhrəmanımızın yaşadıqlarını öz bədənimizdə hiss edirik.

"Biz bu neyron dəyişikliklərinin qalıcılığının müddətini bilmirik. Lakin nəzərə alsaq ki, hətta təsadüfi oxunan bir hekayənin belə təsiri beyində 5 gündən sonra hələ də müşahidə olunur, bu onu deməyə əsas verir ki, biz sevdiyimiz kitabın təsiri altında daha uzun müddət qalırıq" - layihənin aparıcı tədqiqatçısı Gregory Burns belə deyir.

İş və zövq üçün

Ancaq bütün kitablar beyninizdə empatiya və maraq yaratmağa qadir deyil. Professor Liza Zanşayn "Biz niyə bədii ədəbiyyat oxuyuruq: nəzəri idrak və roman" kitabında yazır – adətən oxucunun beyninə uyğun gələn janr onun sevimli janrına çevrilir, məsələn, çətin dedektiflər məntiq məsələlərini sevənlərin diqqətini cəlb edir.

Yazıçı Mariya Konnikova isə bu mövzuda Ceyn Ostini xatırlayır. O, özünün "Beynin diqqətini necə yönəltdiyi haqqında Ceyn Ostin bizə nə öyrədir?" məqaləsində neyrobioloq Natali Fillipsin mətnin fərqli qavranılmasına həsr edilmiş təcrübəsi haqqında yazır. Tədqiqatda Ostinin Mansfield Park əsəri ilə tanış olmayan ingilis tələbələr iştirak edirdilər. Əvvəlcə onlar mətni rahat rejimdə – yalnız zövq almaq üçün oxuyurlar. Sonra isə təcrübə rəhbəri onlardan quruluşa və əsas mövzulara diqqət yetirərək mətni təhlil etmələrini istəyir və oxuduqları barədə esse yazmalı olduqlarını bildirir. Bütün bu müddət ərzində tələbələrin beyin fəaliyyətini MRT cihazı izləyir. Rahat rejimdə mütaliə zamanı beynin zövqalma mərkəzləri aktivləşir. Gərgin şəraitdə isə aktivlik beynin diqqət və təhlildən məsul olan hissəsində yaranır. Beləliklə, qarşılarına fərqli məqsədlər qoyulan tələbələr iki fərqli mətn görürlər.

Mütaliə müdrikləşdirirmi?

Hesab olunur ki, mütaliə zehin üçün faydalıdır. Bəs bu həqiqətənmi belədir? Təcrübə Cəmiyyətinin uşaq inkişafı sahəsində, 7, 9, 10, 12 və 16 yaşlarındakı 1890 əkiz uşaq arasında apardığı tədqiqatları göstərmişdir ki, erkən oxu vərdişləri gələcəkdə zəkanın ümumi səviyyəsinə təsir edir. Erkən yaşlarda aktiv mütaliyəyə öyrədilən uşaqların, böyüklərindən bu dəstəyi almamış olan əkiz taylarından fərqli olaraq, daha agıllı olduqları məlum olmuşdur.

Nyu-York Universitetinin tədqiqatçıları isə müəyyənləşdirmişdirlər ki, qısa bədii hekayələrin mütaliəsi insan duyğularını tanımaq qabiliyyətini dərhal artırır. Bu tədqiqat zamanı iştirakçılar tanınmış ədəbiyyat, qeyri-bədii və bədii roman oxuduqdan sonra aktyorların gözlərinin şəkillərinə baxaraq onların duyğularını təyin etməyə çalışan 3 qrupa ayrılır - sonuncu qrupun nəticələri daha təsirli alınır.

Çoxları bu təcrübələrin nəticələrinə şübhə ilə yanaşırlar. Pace Universitetinin əməkdaşları duyğuları təyin etmək üçün bənzər bir təcrübə keçirir və müəyyənləşdirirlər ki, bütün həyatları boyu daha çox oxuyan insanlar, həqiqətən də üz ifadələrini daha yaxşı tanıyırlar, amma elm adamları səbəblə korrelyasiyanı qarışdırmamağa çağırır. Onlar təcrübə nəticələrinin məhz mütaliədən asılı olduğuna inanmırlar, əksinə bəlkə də duyğulara qarşı həssas olduqları üçün bu insanların daha çox mütaliə etdiklərini düşünürlər. Koqnitiv neyrobioloq Rebecca Sachs bu tədqiqat metodunun çox zəif olduğunu hesab edir, lakin daha qabaqcıl texnologiyalar olmadığından elm adamları bundan istifadə etmək məcburiyyətində qalır.

Digər bir səs-küy doğuran və tənqidlərə açıq tədqiqat isə Liverpul Universitetinin alimlərinin apardığı təcrübə olmuşdur. Onlar ədəbiyyat fakultəsinin tələbələrinin idraki fəallığını ölçmüş və müəyyənləşdirmişdirlər ki, çox mütaliə edən və mətn təhlillərində daha bacarıqlı olan tələbələrdə beynin yüksək fəallığı müşahidə olunur. Bu nümunədə də, həmçinin korrelyasiya səbəbiyyətlə əvəzlənə bilər; ola bilsin ki, daha çox oxuyan təcrübə iştirakçıları anadangəlmə idraki bacarıqlara malik olduqları üçün belə nəticələr göstərmişlər (və məhz eyni səbəbdən mütaliəni sevmişlər).

Lakin Braun Universitetinin Ədəbiyyat üzrə professoru Arnold Vaynşteyn deyir ki, o, bütün ziddiyyətlərə baxmayaraq, tədqiqatların dayandırılmayacağına və mütaliənin faydalarının araşdırılmasına davam ediləcəyinə inanır. Çünki, bu, ədəbiyyatın dəyər və faydalarının get-gedə daha çox sorğulandığı bir vaxtda onu “xilas etməyin” effektiv yollarından biridir.

Tərcümə: Abzas

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun