'Amnesty International' siyasi məhbusların buraxılmasını alqışlayır, amma...

'Amnesty International' siyasi məhbusların buraxılmasını alqışlayır, amma...
19 Mart 2019
Mətni dəyiş

"Azərbaycanda yanlış olaraq saxlanmış fəalların azadlığa buraxılması düzgün istiqamətdə addımdır, amma ölkədə qorxu və repressiya mühitini dəyişmək üçün daha çox iş görülməlidir"

Bu sözlər martın 18-də 'Amnesty International' beynəlxalq insan haqları təşkilatının Azərbaycanda 51 siyasi məhbusun azadlığa buraxılması ilə bağlı yaydığı açıqlamada deyilir.

Martın 16-da imzalanmış əfv sərəncamında 399 məhbus azadlığa buraxılıb. Onların içində 50-dən artıq müxtəlif ittihamlarla həbs olunmuş gənc fəal, müxalif siyasətçi də olub. 'Amnesty' özəlliklə vicdan məhbusları sayılan NİDA üzvləri İlkin RüstəmzadəBayram Məmmədov və Qiyas İbrahimovunAXCP sədrinin müavini Fuad Qəhrəmanlının azadlığa çıxmasına diqqət çəkir.

"Beynəlxalq qurumlar ölkəyə buraxılmır"

"'Amnesty International' ədalətsiz olaraq həbs olunmuş fəalların ailələrinə qovuşmasını görməkdən məmnundur, amma bu addım Azərbaycandakı ümumi repressiya mənzərəsini o qədər də dəyişmir. Yerli insan haqları qrupları Novruz əfvinə 51 siyasi məhbusun salındığını, azı 74 ədalətsiz həbs olunmuş fəalın, jurnalistin və müxalifətçinin dəmir barmaqlıqlar arxasında qaldığını yazır".

Bəyanatda deyilir ki, Azərbaycanda hələ də vətəndaş cəmiyyəti qruplarının fəaliyyətini az qala mümkünsüz edən repressiv qanunvericilik mövcuddur, QHT-lərin qeydiyyatı, onların maliyyələşmə tələbləri çətindir.

“Azərbaycan insan haqları yoxlamasına qapalıdır, Amnesty International daxil beynəlxalq insan haqları qurumları ölkəyə buraxılmır”.

Təşkilat açıqlamasında hökuməti çağırır ki, ədalətsiz məhkəmələrdə təqsirli bilinənlərə ittihamları qaldırsın, ya onları dərhal azadlığa buraxsın, ya da cinayət məsuliyyətinə yetərincə dəlil varsa, beynəlxalq standartlara uyğun təkrar mühakimə etsin.

Bəyanatda deyilir ki, daha bir tövsiyə vətəndaş cəmiyyəti qruplarının azad işləməsinə imkan vermək üçün qanunvericilikdə islahat aparılmalıdır.

"AB daxil olmaqla Azərbaycanın beynəlxalq tərəfdaşları hakimiyyətə təzyiqi saxlamalıdır ki, bu əfvdən sonra daha geniş insan haqları islahatları aparılsın, ölkədəki qorxu və repressiya mühiti dəyişsin", – bəyanatda vurğulanır.

Azərbaycan rəsmiləri isə ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun