ƏSA teatrı maliyyə və yer çatışmamazlığı ucbatından bağlanır

ƏSA teatrı maliyyə və yer çatışmamazlığı ucbatından bağlanır
18 Mart 2019
Mətni dəyiş
2016-ci ildə müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı bir çox uğurlu tamaşaya imza atıb. Ancaq son aylar ƏSA teatrı öz fəaliyyətini davam etdirmək üçün yer və maliyyə vəsaiti tapa bilmir. Bu haqda teatrın yaradıcısı və baş meneceri Nihad Qulamzadə özü məlumat yayıb: "Təəssüflə deməliyəm ki, ƏSA Teatrının maddi çətinlikləri, teatrın sosial problemləri bizə qoşulmaq istəyən sənətsevər fiziki məhdudiyyəti olan və olmayan şəxsləri yaradıcı kollevtivimizə cəlb etməyə imkan vermir. Təsəvvür edin ki, teatr 3 aydır öz ofisinin kirayə haqqını verə bilmir. Ən acınacaqlısı isə odur ki, qurduğumuz 5 tamaşanın dekorasiyaları, rekvizitləri və geyimləri kirayə haqqını verə bilmədiyimiz məkandadır. Bu isə kiçik məkanı daha darısqal və hərəkətsiz edib. Ümid edirəm ki, ƏSA Teatrı olaraq bütün bu çətinlikləri aradan qaldıracaq və Sizi sevindirəcəyik. Anlayışla qarşılayacağınıza əminəm". Teatrın baş meneceri hazırda üzləşdikləri çətinliklərdən bəhs edərək, təəssüflə vurğulayıb ki, fəaliyyətlərini davam etdirmək üçün maliyyə qaynaqları tapmaqda çətinlik çəkirlər: “ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri öz sərt üzünü göstərir. Teatrın saxlanılması üçün məkan icarəsi, məşqlərin keçirilməsi üçün səhnənin olmaması, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə öz mənfi təsirini göstərir. Digər tərəfdən, tamaşaların nümayişi üçün teatr binasının tapılmaması da zəruri problemlərdəndir. Müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də hələ ki, effektiv nəticəsi olmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb.”  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun