Uğursuz şairin ölümü - Seymur Baycan

Uğursuz şairin ölümü - Seymur Baycan
19 Fevral 2019
Mətni dəyiş

(Hekayə)

"Üçüncü yol" qəzetinin redaksiyasından çıxanda baş redaktorla qarşılaşdım. Onun sağ əli şalvarının, sol əli isə pencəyinin yan cibində idi. Orta boylu, yumru sifətli, ağ saçlı bu kişi gənc istedadların hamisi kimi ad qazanmaqdan ötrü dəridən-qabıqdan çıxırdı və heç bir şey onun bu qızğın iddiasını sarsıtmağa qadir deyildi. Hələ indiyə qədər heş kəs özünə vurulmuş bu adamı hansısa məsələdəsə səhvini etiraf etməyə məcbur edə bilməyib. Çünki baş redaktor kiçik yaşlarından özünü qeyri-adi adam hesab etməyə alışmışdı. O, çox az oxuyurdu, lakin özgələrindən eşitdiyi fikirləri asanlıqla söhbətlərində və yazılarında istifadə edirdi. Yerli və xarici klassiklər haqqında elə danışırdı ki, sanki klassiklər onun tay-tuşları idi. Belə danışıq tərziylə harda olmasından asılı olmayaraq, öz ətrafinda xüsusi, özünəməxsus ab-hava yarada bilirdi. Onun gənc istedadların hamisi kimi ad çıxarmaq iddiasında olması mənə çox sərf edirdi. Şıltaqlıqlarıma dözürdü, kefi kök olanda, yaxud hər hansı cümləm, yazım xoşuna gələndə mənə qonorarımdan əlavə pul verirdi. Bəzən bir həftə, on gün işə getmirdim. Redaksiyada peyda olduqda o elə koridordaca işçilərin əhatəsində məni danlayır, gah məsləhət, gah da öyüd-nəsihət verirdi. Axırda da siqaret yandırıb deyirdi ki, heç bilmirəm, sənlə necə rəftar edim, səni burdan it kimi qovardım, istedadına heyfim gəlir. Mən sənin qələminə hörmət edirəm, qələminə! Amma sən özün öz qələminə hörmət eləmirsən. Zarafata salmısan hər şeyi.

Bu zaman mən başım aşağı salaraq, gözlərimi döşəmədə bir nöqtəyə zilleyib özümü elə aparırdım ki, guya onun məsləhətlərinin, öyüd-nəsihətlərinin, danlaqlarının sayəsində səhvimi başa düşməkdəyəm, artıq etdiyim hərəkətə görə peşman olmuşam, hətta bir az da ağıllanmışam. Əslində isə bu zaman heç nə haqqında fikirləşmirdim, beynim ləzzətlə dincəlirdi, yüngülləşirdim. Hətta o dərəcədə yüngülləşirdim ki, bəzən məndə belə bir arzu oyanırdı; istəyirdim qəflətən dilimi çıxarıb ona göstərim. İkimiz də göstərdiyimiz bu səhnədən, bu düşünülmüş, razılaşdırılmış oyundan  razı qalardıq. Bir müddət keçdikdən sonra hər şey yenidən təkrarlanırdı. Lakin ədalət naminə onu da qeyd etməliyəm ki, baş redaktorun doğrudan da yaxşı yazılardan xoşu gəlirdi. Yəni o, kiminlə razılaşdırılmış oyuna girmək lazım olduğunu dəqiq bilirdi. Redaksiyada istedadlı, təcrübəli, bilikli jurnalist az idi. Jurnalistlərin çoxu tanışlıqla işə düzəlmiş, istedad, bilik azlığını isə baş redaktorun qarşısında quyruq bulamaqla, ona sadiq olmaqla bir-birləri ilə yarışa girməklə əvəz edirdilər. Baş redaktorun zəif tərəflərini öyrənə bilmiş bu adamların zahiri əlamətləri müxtəlif olsa da, onların heç bir şey haqqında şəxsi mülahizələri yox idi. Buna görə də baş redaktor mənim kimi bir-iki istisnaları çıxmaq şərtilə redaksiyada hamının fikrinə şərik olmasına vərdiş etmişdi. Danışanda heç kəs onun danışığını kəsməzdi. Bəzən baş redaktor mədə qıcqırmasından şikayətlənirdi. İşçilər bir yerə toplaşaraq üzlərində təəssüf ifadəsi ilə baş redaktorun mədəsinin qıcqırmasını müzakiə edirdilər və ona öz təcrübələrində sınaqdan keçirdikləri bir çox məsləhətlər verirdilər. Bu zaman baş redaktor işçiləri səbrlə, diqqətlə dinləyir, öz tərəfindən nəzakət və mərhəmət göstərərək onlara ürəklərini boşaltmağa, doyunca yaltaqlanmağa şərait yaradırdı.  Səhər tezdən işçilər redaksiyaya daxil olduqda qəsdən tez-tez nəfəs alırdılar. Bununla da baş redaktora işə tələsə-tələsə gəldiklərini, işə ürəkdən can yandırdıqlarını göstərirdilər. Redaksiyada xoşagəlməz hadisə baş verəndə, məsələn, qəzetdə hərf səhvi getdikdə (bəzən isə heç bir əsaslı səbəb olmadan) baş redaktor qəzəblə qışqırır, hədələyir, söyüş söyürdü. O, qışqırdıqca gümrahlaşırdı. Qışqırmaq, söymək, hədələmək onda öz fəaliyyətindən razılıq hissi yaradırdı və bütün bunların ümumi işin xeyrinə olduğuna inanırdı. İşçilər isə belə hallarda ustalıqla büzüşür, yazıq görkəm alır və baş redaktorun hədələrini, qışqırmağını, söyüşlərini rəhbər adamın məsuliyyəti, ciddiyyəti kimi qələmə verməyə çalışırdılar.

- Yazı yazmısan?

- Yazmışam.

- Nədən yazdın?

- Qadınlardan.

- Təriflədin?

- Yox, tənqid elədim.

- Nə üçün? Səbəb nədir?

İki gün əvvəl "Opera və balet" teatrına "Aida"ya baxmağa getmişdim. Arxada bir neçə qadın oturmuşdu. Onlar söhbət edirdilər. Millətindən, dinindən, peşəsindən asılı olmayaraq, bir neçə qadın bir yerə yığışıbsa (hara olur, olsun), heç kim onların ağzın yuma bilməz. Nəzarətçi qadın iki-üç dəfə onlara yaxınlaşıb sakit olmağı, digər tamaşaçılara mane olmamağı xahiş etdi. Qadınlar bir az sakit oturur, sonra dözə bilmir, əvvəlcə pıçıltıyla danışır, səsləri yavaş-yavaş qalxırdı. Adamların çönüb onlara narazı-narazı baxması da veclərinə deyildi. Bərk əsəbləşmişdim. Tamaşadan heç bir həzz ala bilmirdim. Bir suala cavab tapmaq istəyirdim; əgər onlara tamaşaya baxmaq maraqlı deyilsə, söhbət etmək maraqlıdısa, o zaman bura niyə gəliblər?  Olmaz ki, gedib hardasa yığışıb daha rahat söhbət etsinlər? Bəlkə başqasının istirahətini pozaraq, başqalarını narahat edərək danışmaq onlara daha çox həzz verir?

"Üçüncü yol" qəzetində yazdığım yazı millətindən, dinindən, peşəsindən asılı olmayaraq, bir neçə qadının bir yerə yığışanda ağızlarını yuma bilməməsi barədə idi.  Baş redaktora yazının yazılma səbəbi və məzmunu haqda mümkün qədər lakonik məlumat verməyə çalışdım. Lakin məhz buna görə məlumatım bir az uzun və dolaşıq alındı.

- Yaxşı eləmisən. Çənədən boş qadınların nəzarətsiz buraxılmasının mən də tərəfdarı deyiləm.

O, divara tərəf çevrildi, şalvarının cibini qurdaladı, yenə çevrildi və mənə üç yüz manat uzatdı.

- Sənə bir söz deyim qulağında qalsın. Xəsis adamlardan uzaq dur. Xəsis adamın başını lap it başı kimi əzmək də azdı. Xəsis adamdan hər nə desən gözləmək olar. Kef elə… Bu qədər pulla mən institutda oxuyanda üç ay dolanırdım.

- O vaxtın manatı ilə bu günün manatı eyni deyil.

- Hə orası da düzdü. Düz sözə nə deyəsən?

- Hardandı bu pul?

Baş redaktor bu sualı gözləmirdi. Bir balaca özünü itirən kimi oldu. Tez vəziyyətdən çıxmağa calışdım.

- Yəni demək istəyirdim ki, bizim qəzeti kim maliyyələşdirir?

- Həddini aşma! Arada lap ağını çıxarırsan. Sənə nə var hardandı? Pul verirlər, al xərclə. Keçəl olanda nə olar, adamın gərək başında bir tikə ağıl ola - o, çeçələ barmağının ucunu göstərdi - Bu paltarı hardan tapıb keçirmisən əyninə?

Həmin gün üstündə məsum baxışlı, ala-bula inək şəkli olan yüngül poliver geyinmişdim.

- Tiflisdən.

- Belə paltarları satanlar da elə sənlə eyni ağıldadı.

- Niyə ki? Həyatda hər şeyə orijinal münasibət göstərmək lazımdı. Orijinal görünmək hər bir azad fərdin təbii hüququdur.

- Məncə sən orijinallığa həddən artıq aludəsən.

- Bu, heç nə haqqında ciddi düşünməməyə kömək edir.

- Heç nə haqqında düşünməmək mümkün deyil.

- Mən də elə mümkün olmayan şeyə can atıram.

“ Bu qədər axmaq fikirləri başında necə daşıyırsan? Tamam xarabın çıxıb, sənin düzəlməyinə inanmıram. Doğrudanmı mən sənin haqqında səhv etmişəm?” – dedi, ardınca tələbəlik illərinə aid əhvalat danışdı və əhvalatını “həyat tərcübəsi tamam başqa şeydi, qısa müddətdə birinci olmaqdansa, uzun müddətli ikinci ol” cümləsi ilə bitirdi.

***

Koridorla addımlayıram. Sovet dövründə tikilmiş bütün binalar kimi, Nəşriyyat binasında da bir neçə əks qütblü iylər - ətir, yemək, sidik iyi bir-birinə qarışıb. Sovet hökuməti dağılmağa başladıqda rəsmi dövlət qəzet və jurnalları tirajını, hörmətini sürətlə itirməyə başladı. Yeni müstəqil qəzetlər və jurnallar nəşr olundu. Yeni qəzetlər tez bir zamanda demək olar ki, elə ilk aylardaca böyük populyarlıq qazandı. Sonradan bu qəzetlər də öz tirajlarını yavaş-yavaş itirdilər. Kiçik yaşlarımdan qəzet oxuduğuma, hadisələrlə erkən maraqlandığıma görə Sovet dağılarkən, müstəqilliyin ilk illərində baş verən bu mürəkkəb və bənzərsiz hadisələr - hisslərin kütləvi şəkildə coşması, mitinqlər, tətillər, fabrik və zavodların fəaliyyətini dayandırması, arzuların pərvazlanması və reallığın sərhədlərini aşaraq absurdlaşması, dünən haqqında poemalar, romanlar yazılan adamların heykəllərinin götürülməsi, uçurulması, küçələrin, şəhərlərin adlarının dəyişdirilməsi, qəfildən ortalığa yeni tip adamların çıxması, ulduzu bir anda parlayıb bir anda sönən müxtəlif cürə qəhrəmanlar, iqtisadi-siyasi motivli ifrat pafos, reallıq hissinin itirilməsi, müharibə, arzuların, ümidlərin həyata keçməməsinə görə böyük depressiyanın, inamsızlığın yaranması, bir sözlə, hər şeyin bir neçə il ərzində, qısa zaman kəsiyində bir neçə dəfə alt-üst olması - yaxşı yadımdadır. Qapıların üstündəki qəzetlərin adlarını oxuyuram. Bir zamanlar böyük tirajla nəşr olunan, əldən-ələ gəzən bu qəzetlər indi çox kiçik tirajla nəşr olunur. Əgər qapılardan birini açıb içəri girsəniz, köhnə mebellər, köhnə avandanlıqlar, köhnə adamlar görəcəksiniz. Görəcəksiniz ki, yaşlı, nimdaş geyimli iki-üç kişi və hardansa onların əhatəsinə düşmüş bir cavan oğlan oturub kolbasayla, soyutma kartofla, kələm, xiyar, pomidor turşusuyla araq içirlər. Bir zamanlar böyük hörmət sahibi olmuş və sonradan baş verən hadisələrlə ayaqlaşa bilməyən yaşlı kişilər cavan oğlana öz xatirələrini danışırlar. Geyimlərinin nimdaşlığı, pulsuzluqları, indi məşhur olmamaları onların danışdığı xatirələri asanlıqla gopa oxşadırdı. Kitab şkafına yaxınlaşsanız, orda otaq gimnastikasına, meyvə konservləşdirməyə, balıq saxlamağa, xalça toxumağa aid müxtəlif qəribə kitablara rast gələ bilərsiniz. Bəzi redaksiyalarda köhnə qəzet və jurnal yığınları tavana qədər çatır.

Dəhşət acmışdım, yemək yeməli idim. Səhər tezdən içdiyim bir stəkan acı çayın, bir dilim biskvitin üstündəydim. Birinci mərtəbədə yerləşən yeməkxananın qapısına çatmağa üç-dörd addım qalmış dünən gecə gördüyüm yuxu yadıma düşdü. Yuxuda görmüşdüm ki, bir ilan bir gombul qurbağanı udmaq istəyir. Qurbağanın ayaqları ilanın ağzından sallanmışdı. Mən qurbağanın ayaqlarını qıdıqladım və onu həyatın son anında gülməyə vadar elədim.

Yeməkxanada adam çox deyildi. Qəzeti tirajını itirmiş bir neçə redaktor, ətrafı olmayan bir neçə siyasətçi oturub araq içirdilər. Şair Asif Odlu masalardan birinin arxasında tək oturmuşdu. O, məni gördükdə bir az canlandı və başıyla masaya dəvət etdi. Tək oturmaq istəsəm də, bu dəvəti rədd edə bilməzdim. Baxmayaraq ki, bizim münasibətimiz o qədər də yaxşı deyildi. Bir neçə ay əvvəl haqqımda yazı yazaraq bəndənizi istedadsız olmaqda, istedadsızlığını hoqqabazlıqla, izmlərlə gizlətməkdə, özünü postmodernist adlandırıb   postmodernizmin nə olduğunu bilməməkdə ittiham etmiş və yazısını bu cümlələrlə bitirmişdi: “Onun yazılarının yarısı başqalarından gətirdiyi sitatlardır. Filankəs belə dedi, bəhmənkəs belə dedi. Bəs sən özün nə deyirsən? Sənin öz şəxsi fikirlərin hanı? Kölgədə bitən ağacın kölgəsi olmaz. Adama deməzlərmi, ay yoldaş Seymur, nə oldu, camaatın hamısı savadsız oldu, elə bircə sən alim çıxdın? Deyərlər, lap canını da alarlar. Taxta kimi quru, hissiz qəhrəmanları bizim ədəbiyyatımıza izmlər pərdəsi altında istedadsızlar gətirirlər...”. Çox sərt cavab yazaraq onu "uğursuz şair" adlandırmışdım. Cavabım ona bərk toxunmuşdu. Bir neçə dəfə müxtəlif məclislərdə, tədbirlərdə qarşılaşsaq da, salamlaşmamışdıq. Bir dəfə biz Nəşriyyatın giriş qapısının önündə qarşılaşdıq. O, binadan çıxırdı. Mən binaya girirdim. Rastlaşmağımız ikimizi də çaşdırdı. Ona salam verdim, üzünü çevirdi, salamımı almadı. Ona görə də indi məni masaya dəvət etməsi bir az qəribə göründü. Belə başa düşdüm ki, ünsiyyətə kəskin ehtiyacı var. Gözümə əzilmiş və olduqca gəmgin görünürdü. Masasının üstü kasıb idi. Kasıb deyəndə ki, masanın üstündə yarıya qədər yeyilmiş bir xiyar turşusu, iki yüz əlli qramlıq "Qızıl açar" arağı, qıraqdan azca, həvəssiz dişlənmiş, qızardılmış toyuq budu vardı. Bufetə yaxınlaşdım, kartof qızartması, toyuq qızartması, paytaxt salatı, xiyar, pomidor, kələm turşusu, üzüm limonadı, yarım litrlik “Babək” arağı sifariş verdim. Biz danışmadan yeməyə və içməyə başladıq.

Şair Asif Odlu nakam sevgi, bahar gecələri, bulaqlar, körpəsinə layla çalan ananın sevinci haqqında gecikmiş, sentimental şeirlər yazırdı. O, yazdığı şeirlərdə demək istəyirdi ki, adam səhərdən axşama kimi yarpaqların pıçıltısına qulaq asanda, göydəki buludlara baxanda həyat ona mənalı görünür. O, hər cür orijinallığın qatı düşməni idi və deyirdi ki, orijinallıq, izmlər, terminlər istedadsız adamların əlində istedadsızlıqlarını ört basdır etmək üçün bir vasitədir. Şairin balaca başı, arıq, solğun, quş sifətinə oxşayan üzü vardı. Qılçaları əyri olduğu üçün yeriyəndə kənardan baxan adama elə gəlirdi ki, indicə büdrəyib, dizi üstə yerə çökəcək. Qabaq dişlərindən bir neçəsi tökülmüşdü. Güləndə əlini ağzına tuturdu. Bu hadisənin baş verdiyi zaman müxtəlif qəzetlərin ədəbiyyat səhifələri, bəzi qəzetlərin hətta ədəbiyyat əlavələri olurdu. Şair və yazıçıların çoxu qəzetlərdə ədəbiyyat səhifələri, ədəbiyyat əlavələri hazırlamaqla dolanırdılar. Şair Asif Odlu  da az tirajlı bir qəzetdə ədəbiyyat səhifəsi hazırlayırdı. Onun hazırladığı səhifə, orda nəşr olunan şeirlər, yazılar, hekayələr tez-tez cavan yazıçıların lağ obyektinə çevrilirdi. Bununla belə o həqiqəti  deyən, hakimiyyətə yaltaqlanmayan şair kimi tanınırdı və sayları günü-gündən azalan köhnə demokratların arasında kifayət qədər hörməti vardı.

Masada hökm sürən sükutu şair pozdu:

- Çoxdandır səni görmürəm. Rəngin ağarıb, bir az sınıxmısan, xəstə deyilsən? Haran ağrıyır?

- Xəstə deyiləm, heç yerim ağrımır, amma yaxşı yata bilmirəm.

- Fikirdəndir. Başın çiyninin üstündə, əl-ayağın yerində, insana daha nə lazımdır? Nəyin fikrini edirsən?

- Elə hər şeyin. Keçmişin, indinin, gələcəyin…

- İşlərin necə gedir?

- Pis deyil, babat.

- Şəxsi həyatında bir təzəlik yoxdur ki?

- Yoxdur.

- Yenə təksən?

- Hə təkəm.

- Nə vaxta qədər?

- Elə həmişə.

- Mən bilirəm, bəzən ürəkdə elə sözlər olur ki, onu heç kimə deyə bilmirsən. Bəlkə evlənməyə utanırsan? Burda utanmalı bir şey yoxdur. Dünya yaranandan bəri qoyulan qanundur. Sən də bu qanuna əməl etməlisən.

- Başqalarını deyə bilmərəm necə evlənirlər, mən bu məsələdə çox vasvasıyam.

- İndi  ele əyyamdır ki, heç qoca kişilər də tək yaşamırlar, cavan-cavan qızları yoldan çıxarıb özlərinə arvad edirlər. Bütün günü millətə ağıl öyrədirsən, amma bir qızı yoldan çıxarıb özünə arvad edə bilmirsən. Təklik səni qorxutmur? Özünə yaxşı, ağıllı, mərifətli bir qız tap. Qoy görən də bərəkallah desin. Elə qız tap ki, səni itirməkdən qorxsun. Arıqlığına-köklüyünə fikir vermə. Arıq olsa qulluq edərsən kökələr, kök olsa işlədərsən arıqlayar.

- Sənin başqa mövzun yoxdu? Deyəsən bekarlıqdan əziyyət çəkirsən.

- Sənə elə söz demədim ki, hirslənirsən. Acığın niyə tutur? Atına eşşək dedilər? Öz aramızdı, belə inadkarlıq da bir şey deyil. Bir də ayılıb görəcəksən ki, iş işdən keçib, üz qırışıb, bel bükülüb.

- Danışmağa halım yoxdu.

-Mən də yaman halsızam. Dünən yaman çox içmişəm. O axşam ki, içmirəm, səhəri yerimdən quş kimi qalxıram, yaxşı yeyirəm, yaxşı da işləyirəm, əsəbiləşmirəm. Elə ki, axşam çox içdim, arağı çaxıra, çaxırı pivəyə qarışdırdım, gəl səhər mənim halıma bax. Yuxudan oyana bilmirəm. Ürəyim çaydan başqa heç nə istəmir. Bütün günü halsız oluram. Əlim işə qalxmır. Darıxıram...

Cavab vermədim.

- Bu gün səhər arvadla dalaşdıq.

Yenə cavab vermədim. Niyə dalaşdıqlarını soruşmadım. Bildim ki, ürəyi doludu, özü danışacaq. Belə mühüm xəbəri laqeyd, soyuqqanlı qarşılamağıma təəccüb elədi:

- Fikrin hardadı? Sənnən döyüləm?

- Düşünürəm.

- Nə barədə?

- Düşünürəm ki, görəsən bu yaşda arvadla nəyin üstündə dalaşmaq olar?

- Sən birini bilirsən, birini yox.

- Onda zəhmət olmasa, başa sal görüm bildiyim nədir, bilmədiyim nə?

O, sağa-sola nəzər saldı, yaxınlığımızda heç kəs olmasa da, aşağı səslə dedi:

- Arvad deyir ki, uşaqlar böyüyüb, indi gərək sən zirək olasan. Nə görmüsən bu şeirdə? Bizi incitməkdən yorulmadın? Niyə belə eləyirsən? Nə var bu ədəbiyyatda? Mən bu yaşa çatmışam, incəsənət adamlarını həmişə ac görmüşəm. Şeir yazmağın vaxtı keçib. Oğullar var, dördüncü sinfi güclə qurtarıb, di gəl daşdan pul çıxarır!

- Sən nə dedin?

- Mən də dedim ki, belə söz deməyə dilin necə gəlir? Bəsdir onun-bunun var-dövlətini soxdun gözümə. Gör kimləri mənə nümunə göstərirsən? Rüşvətxorları, oğruları... Mənim təmiz adım var. Bu, sənə azlıq edir?

- Yaxşı cavab vermisən.

- O da dedi ki, qoy oturmuşuq sən allah. Nə yapışmısan bu təmiz adın quyruğundan?! Təmiz ad bal deyil çörək batırıb yeyəsən. Quruca təmiz ada nə verirlər?

- Bəlkə döyəsən?

- Bu yaşda da adam arvad döyər? Görən, eşidən nə deyər?

- Görən, eşidən... Görən-eşidənin qorxusundan həyat yanımızdan ötüb keçir. Çox şeydən məhrum olmuşuq. Qorxaqlıq bizi göz-görəsi məhv edir.

- Sən elə bilirsən, arvad-uşaq sənin, mənim kimi ədəbiyyat, əbədiyyət haqqında düşünür? Düşünmürlər. Adama elə sözlər deyirlər ki, çaşıb qalırsan. Bilmirsən, sən düz deyirsən, yoxsa onlar düz deyir. İnsanın ki, həvəsini öldürdün, elə bil özünü öldürdün. Heç fərqi yoxdu. Ailə başçısı olmaq müsibətdir. Sən elə bilirsən, qız ərə gedəndən sonra atanın yükü azalır? Yox, bu yük ölənəcən bizim çiynimizdədi.

- Mənim belə söhbətlərdən başım çıxmır.

- Nə vecinə, hələ cavansan! İllər keçdikcə yavaş-yavaş hər şeyi başa düşəcəksən. Evlənəcəksən, əvvəldə bir az mehribanlıq, sevgi-məhəbbət olacaq. Sonra arvad deyəcək gətir. Deyəcəksən, mən bankir deyiləm, yazıçı adamam, hekayə yazıram, ədəbiyyatla məşğulam. Deyəcək, məni maraqlandırmır, başqaları gətirir, sən də gətirməlisən. Başlayacaq hər cür qulduru, yol kəsəni, mərdimazarı yaxşı ailə başçısı kimi sənə nümunə göstərməyə. Əlin heç yana çatmayacaq. Onda tüstün təpəndən çıxacaq. Sənin o dik burnun əzilə gərək. Başın daşdan-daşa dəyə. Onda başa düşərsən ki, ailə nədir, ata olmaq, ər olmaq, ailə başçısı olmaq nə deməkdir!

- Mənə dərs vermək lazım deyil. Nə qədər dərs olar? Kim gəldi mənim başıma ağıl qoymaq istəyir.

- Dərs vermirəm. Ağıllı adamın sözünə qulaq asmaq, nəticə çıxartmaq, özü də əməlli başlı ağıl istəyir.

- Həm deyirsən evlən, tək qalma, həm də ailə başçısı olmağın çətinliklərindən, məşəqqətlərindən danışırsan. Özün-özünü təkzib edirsən. Bunu necə başa düşək?

- Bilmirəm necə danışım ki, yaxşı başa düşəsən. Bəxt əvvəldən qara gələndən sonra onu əstafurullah, heç Allahın özü də düzəldə bilmir. Pul hərisliyi gör insanı necə miskin hala salır. Acından ölmürük, yaxşı-pis ev-eşiyimiz, əyin-başımız var. Bəs onu darıxdıran nədir? Belə də ailə olarmı? Mən nə edim ki, evdə başa düşülüm? Yox, nə qədər gec deyil, məsələ yoğunlaşmayıb, bunun qabağını almaq lazımdı. Axır vaxtlar arvadın hərəkətləri dəyişib. Elə bil evdən soyuyub. Evə ta əvvəlki kimi baxmır. Fikri nəsə başqa yerdədir. Gör tale məni gətirib hara çıxardı. Yox, burda taleyin heç bir günahı yoxdur. Mən özüm-özümü gətirib bu yerə çıxarmışam. Buna heç bir kişi dözməz. Bunun axırı necə olacaq? Bu nə həyatdır? Di gəl bundan sonra yaşa! Birdəfəlik girəsən qara torpağın altına, canın qurtara. İsti qəbir soyuq yataqdan yaxşıdır. Heç vaxt belə əzgin vəziyyətdə olmamışam. Görünür, doğrudan da olacağa çarə yoxdur. Toyuğun uçuşu zibilliyə qədər olar!

Başa düşdüm ki, o bu sözləri mənə yox, özünə deyirdi. Bu sözlərdə nə qədər təəssüf hissi vardı. Uğursuz şair dalbadal bir neçə dəfə asqırdı. Yaylığını çıxarıb ağzını silə-silə dedi: “Andıra qalsın bunu, başlayanda qurtarmır ”. Araq stəkanını götürüb iki ovcunun arasında sıxdı. Burnuna yaxınlaşdırdı. Qoxladı. Bir dəfə yox, dörd-beş dəfə.  Kürəyim dözülməz dərəcədə qaşınırdı. Ayağa qalxdım, qaşınan yeri divarın tininə sürtüb təzədən yerimdə əyləşdim.

- Hoqqabazlığından qalmırsan. Mən burda sənə dərdimi danışıram, sən də belini divara sürtürsən.

- Hoqqabazlığın bura nə dəxli var? Belim qaşınır. Qaşınan yerə əlim çatmır. Burda da heç kimə deyə bilmərəm “gəl belimi qaşı”. Yaxşı bəs mən nə edim? Belimin həqiqətən qaşındığını necə sübut edim? Sənə qalsa, deyərsən ki, yeməyi də hoqqabazlıq üçün yeyirsən.

- Açığını deyim ki, laqeydliyin məni təəccübləndirir... Siz cavanlar bizdən daha ağıllı çıxdınız. Ağıllı yox, hiyləgər. Siz terminlərlə, izmlərlə adamların gözünü qorxutmağı bacardınız. Özünüzə terminlərlə bir zirehli paltar tikmisiniz. Ağzınıza gələni yazıb deyirsiniz ki, bu postmodernizmdir.

- Belə getsə, söhbətin axrı dava-dalaşla qurtaracaq.

- Narahat olma. Dava-dalaşlıq halım yoxdu. Söhbətdi də eləyirik. Qaldır vuraq. Çox saxladıq.

Stəkanlarımızı toqquşdurub içdik.

- Niyə az yeyirsən? Ürəyin nə istəyir, sifariş verim.

- Sağ ol, heç nə lazım deyil. İştahım yoxdu.

- İçkininki yeməkdi. İçdinsə, gərək yeyəsən.

- Bilirəm, sən yüz ilin sərçəsinə civ-civ öyrətmə. Tələbat nə qədər az olarsa, xoşbəxtlik bir o qədər asan əldə edilər.

Əlini ağzına tutaraq öz sözlərinə güldü, hərçənd burda gülməli heç nə yox idi. Gülüşü öskürəyə çevrildi. Bir qurtum limonad içib sual verdi:

- Sən gələcək barədə fikirləşəndə qorxmursan?

- Çalışıram, gələcək haqqında çox düşünməyim. Daha çox keçmiş barədə düşünürəm. Təbiətim belədi.

- Necə fikirləşirsən, mənim şeirlərim ədəbiyyat tarixində qalacaq? Yoxsa nahaqdan özümə əziyyət verirəm? Xahiş edirəm, ya “hə” de, ya “yox”. Qorxma, incimərəm.

-…

- Heç olmasa, üç-dördü qalsaydı, yaxşı olardı. Qalmasa, biabırçılıq olacaq. Bu qədər çətinlik çək, axırda da heç nə qalmasın.

- ...

- Fikirləşmə ki, kefliyəm, ağlım başımda deyil, ağzıma gələni danışıram. Yox, kefli olsam da nə danışdığımı bilirəm. Susursan. Cavab vermirsən. Deməli, heç bir şeyə ümid etmirsən. Heç bir şeyə…

- Belə məsələlərdə hökmü zaman özü verir. Hökm verəndə də səndən, məndən də heç nə soruşmur. Biz kimik ki?

- Necə yəni biz kimik? Bu nə söhbətdi? Adam bilib söz soruşdum səndən.

- Əsəbiləşmə. Demək istəyirəm ki, bizlik heç nə yoxdu, hər şeyi zaman özü həll edir. Öz-özünə aydın olacaq məsələlər var. Onların açılmasına vaxt, enerji sərf etməyin heç bir mənası yoxdu.

- Son vaxtlar atam tez-tez yuxuma girir. Yuxuda da papiros damağından düşmür. Ağlım kəsəndən atamı həmişə “Kazbek” çəkən görmüşəm. Dünyasında ayrı popiros dilinə vurmazdı. Deyərdi öyrəşmişəm, əvvəldən hansı siqareti çəkmisənsə gərək axıracan da onu çəkəsən. Amma mən siqaret çəkməyə başlayandan bəri azı iyirmi siqaret dəyişmişəm. Təzə-təzə şeir yazmağa başlamışdım. Bir şeirim də o vaxt “Pioner”qəzetində nəşr olunmuşdu. Göndərdim şeirimi redaksiyaya, nəşr etdilər. Heç özüm də gözləmirdim. Çox sevinmişdim. Ancaq  atam sevinmədi. Dedi ki, əzizim, gəl boş fikirləri başından at. Çox adam şair olmaq istəyib, axırda avara qalıb. Sən də özünü bədbəxt eləmə. Axı sən nə yazacaqsan? Nədən yazacaqsan? Sevgidənmi? Nizamidən, Füzulidən, Nəsimidən o yana getməyəcəksən. Dedi ki, indi şair olmaq axmaqlıqdı. Həyatını məhv edə bilərsən. Bu gün səhərdən fikirləşirəm, bəlkə atam düz deyirmiş. Bəlkə mən doğrudan da istedadsızam. Nə fikirləşirsən? Mənə həqiqəti de, mən həqiqəti eşitmək gücündəyəm.

- Mən heç nə deyə bilmərəm.

- Bəlkə də hər şey başqa cürə oldu. O qədər şair olub ki, öz zəmanələrində şeirləri oxunmayıb, öləndən sonra həqiqi qiymətlərini alıblar. Elə deyil?

Səsinin ahəngində bu sözləri  təsdiq etməyə çağıran bir xahiş, az qala bir yalvarış duydum:

- Elədir. Düz deyirsən.

…Gələcək! Nə qədər şair, yazıçı gələcəyə ümid bağlayıb. İstisnalar, yaşayarkən həyat və yaradıcılığı diqqətdən kənarda qalıb öləndən sonra məşhurlaşan bir neçə adamın bioqrafiyası onları aldadır. Elə bilirlər gələcəkdə vəziyyət dəyişəcək, öləndən sonra onların da yaradıcılığına maraq yaranacaq, məşhurlaşacaqlar. Beləcə bu ümidlə yaşayır və yazırlar. Burda həm də bir az romantika da var.

Bir neçə il əvvəl N. rayonuna toya getmişdim. Toyda bir kənd şairi ilə tanış oldum. Toyun sabahı günü şair məni öz evinə dəvət etdi. O, mənə yazdığı poemaları göstərdi. Nə az, nə çox, düz 90 dənə poema yazmışdı. 96 vərəqli dəftərlərə yazmışdı poemalarını. Dəftərləri rəfdə səliqəylə yan-yana düzmüşdü. Mən dəftərlərə baxırdım. Vərəqlərdən bəzilərinin kənarlarına xoruz, it, at rəsmi çəkilmişdi. Bu da onun arada fikrə getdiyini, düşündüyünü sübut edirdi. Şair yazdığı poemalardan bəzi hissələri oxudu. Doğrudan da çox həvəslə oxuyurdu. Oxuyarkən əl-qolu da havada yellənirdi. Anası da yanımızda dayanmışdı. Qoca arvad idi. Bu qoca arvad, şairin anası dedi ki, yazıq gecələr yatmır, səhərə qədər yazır. O kənd şairi də düşünürdü ki, nə vaxtsa onu başa düşəcəklər, nə vaxtsa  yazdıqları həqiqi qiymətini alacaq.

Ümidini gələcəyə bağlamış adam görəndə, onlarla söhbət etdikdə həmin kənd şairini xatırlayıram. Mənim üçün  onu xatırlamaq çox ağırdı. Xüsusən, qoca anasının dediyi sözləri heç cürə həzm edə bilmirəm. Bu sözlər ürəyimi ağrıdır; yazıq gecələr yatmır, səhərə qədər yazır.

Yeməkxanada adam artırdı. Şair qolunun tükünə qərq olmuş saatına  baxdı və sifəti ciddi görkəm aldı, birdən başını qaldıraraq tavanı nəzərdən keçirdi. Mənə elə gəldi ki, indi o canavar kimi ulayacaq. Amma o ulamadı, sual verdi:

- Pulun var?

- Varımdı.

- Varındısa, lap yaxşı. Ürəyim sıxılır burda, gedək başqa yerdə davam edək.

Təklif ürəyimcə olmasa da, imtina edə bilmədim. "Al pulu, get özün tək iç" demək heç yaxşı çıxmazdı.

Binadan çıxıb yolun o biri üzünə keçdik. Siqaretim qurtarmışdı.

- Bir dəqiqə gözlə, siqaret alım. Sənə də alım?

O, boynu yağlanmış qara pencəyinin yan cibindən qırmızı “LM” qutusu çıxartdı. Qutunun içinə baxdı, “yox hələ varımdı” dedi. Hələ varımdı desə də, ona da siqaret alacaqdım. Köşkə tərəf dord-beş addım atmışdım ki, arxada tappıltı eşitdim. Yalnız bir insan bədəninin yerə dəyməsi belə səs çıxara bilərdi. Geri çevrildim, gördüm şair yerdə uzanıb. Hər şey çox sürətlə baş verdi. Mənə çox pis təsir edən onun ölərkən şalvarını islatması oldu. Üzündə donub qalmış kədər bu dünyanı tərk etdiyini deyil, bu dünyada qalanların iztirablarını ifadə edirdi. Hər halda həmin an onun üzündə donub qalmış kədər mənə belə göründü. Meyitin yaxınlığında gözsüz hinduşka başı vardı. Mən başa düşdüm ki, uğursuz şairin bu dünyada son gördüyü şey gözsüz hinduşka başı oldu...

Meyitin başına tezliklə faciə həvəskarları yığışdı. Üzü hər şəkilə düşə biləcək xəmirə oxşayan, çəkmələrinin bağı bant kimi bağlanmış, özündən müştəbeh bir cavan oğlan dərhal göstərişlər verməyə başladı. Sanki bu hadisə məhz onun başqalarından necə fərasətli, diribaş olduğunu göstərməyi üçün baş vermişdi və indi hamı onun göstərişlərinə şəksiz əməl etməliydi. Yaxınlıqdan gülə-gülə, zarafatlaşa-zarafatlaşa bir dəstə yeniyətmə keçdi. Budur, onlar gülürlər, zarafatlaşırlar. Vaxt gələcək, onlar qocalacaqlar. Əlləri əsəcək, saçları töküləcək, üzləri qırışacaq, sümükləri, oynaqları, daxili orqanları ağrıyacaq, yuxusuzluqdan əziyyət çəkəcəklər. Bütün bunlar dəhşətdir, amma labüddür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun