Məmməd İbrahim: "Həm mitinqlər, həm də sosial şəbəkələrin fəallaşması bəhrəsini verəcək"

Məmməd İbrahim: "Həm mitinqlər, həm də sosial şəbəkələrin fəallaşması bəhrəsini verəcək"
17 Fevral 2019
Mətni dəyiş

Yenicə həbsdən çıxmış siyasi məhbus, AXCP sədrinin müşaviri Məmməd İbrahimlə siyasi məhbuslar, onların həbsxana həyatı və ölkədə gedən siyasi fəallaşma prosesi haqda söhbət etdik. 'Abzas' olaraq müsahibəni təqdim edirik.

- Məmməd bəy, üç illik həbs dönəminiz necə keçdi, həbsxanadan hansı təəssüratlarla qayıdıbsınız?

 - Səhhətimdə yaranmış problemləri saymasaq həbs müddətim yaxşı keçdi. Əslində haqsız yerə 3 il 4 ay 15 gün həbsdə qalmağa nə qədər “yaxşı keçdi” demək olar bilmirəm, amma yenə də pis deyildi. Əlbəttə, istisna hallar var idi. Bəzi haqsızlıqlara etiraz etdiyim üçün “karserə” salındığım günlər də oldu, gözümdə yaranmış problemə görə əməliyyat müddətini saymasaq, ümumilikdə pis deyildi. Həbsxanada olduqda azadlığın gözəl nemət olduğunu anlayırsan. Ancaq həmişəlik azad yaşamaq üçün, müvəqqəti azadlıqdan məhrum olmağa dəyər.

 - Həbs müddəti siyasi məhbusun düşüncəsində nəyi dəyişir? Daha çox ehtiyatlı olmaq, ya da danışıqlarını və yazılarını daha ciddi götür-qoy etmək halı yaranırmı?

 - Məncə bu fərdi sualdır. Mən özümdən deyə bilərəm ki, həbs müddəti məndən sadəcə vaxtımı aldı. Həbs müddətim mənim siyasi düşüncəmə zərrə qədər də mənfi təsir etmədi. Əksinə, doğru yolda olduğumuzu gördüm, xalqımızın dəstəyini hər zaman hiss etdim. Bir daha əmin olursan ki, həbsdən qorxub, haqqı deməkdən çəkinməməlisən.

 - Sizin birinci həbs müddətiniz bitməyə bir gün qalmış sizə ikinci dəfə cinayət işi qaldırıldı. Analoji halla digər siyasi məhbus Mehman Hüseynov da üzləşdi. Mehmana olan dəstəkdən sonra onun üzərindən ikinci cinayət işi götürüldü. Sizcə Mehmana və başqa siyasi məhbuslara olan ictimai dəstək siyasi məhbusların həbs müddətini uzatmaq ənənəsinin qarşısını həmişəlik alacaqmı?

[caption id="attachment_74107" align="aligncenter" width="960"] Məmməd İbrahim məhkəmədən azadlığa buraxıldı (sağda oğlu Turan İbrahim)[/caption]

 - Həmişəlik almağı deyə bilmərəm, ancaq müvəqqəti geri addım atacaqlar. Baxın, diqqət edin. Mehmanın ikinci qondarma cinayət işinə xitam verilməsi də, mənim həbsdən vaxtından əvvəl azad edilməm də Milli Şuranın təşkil etdiyi 20 mindən artıq insanın iştirak etdiyi möhtəşəm mitinqdən sonra baş verdi. Biz illərdir “Hökumət xalqla hesablaşmalıdır” deyirik. Bu o deməkdir ki, xalq meydanlarda öz haqqını, onların haqları uğrunda savaşanların, sağlamlığından, sevdiklərindən vaz keçərək xalqın haqqları uğrunda mübarizə aparanların yanında olsa, etirazları davam etdirsə, biz nəinki siyasi məhbuslarımızın hamısının azadlığına, həm də demokratik Azərbaycanı, xalqın hökumətini bərqərar edəcəyik.

- Sizcə yaxın aylarda ölkədə baş verən mitinqlə və sosial şəbəkələrdə fəallaşmış ictimai etirazlar siyasi prossesə necə təsir edir? Bu halları necə qiymətləndirirsiniz?

 - Bütün bunlar hakimiyyətin süqutunu daha da yaxınlaşdırır. Əminəm ki, həm mitinqlər, həm də sosial şəbəkələrdə fəallaşma öz bəhrəsini verəcəkdir. Ona görə də, dayanmaq olmaz, təşkilatlanaraq mübarizəni davam etdirmək lazımdır. Sona qədər. Tunelin ucunda işıq görünür.

- Ölkədə siyasi məhbuslar əsasən AXCP və NİDA üzvləridir? Sizcə nəyə görə hökümət məhz bu çevrəni özünə təhlükə sayır?

 - Hz. Əlinin bir hədisi var: Kimin düz yolda olduğunu bilmək istəyirsənsə, düşmən oxların uçuş istiqamətinə bax. AXCP yarandığı gündən bu günə qədər daima haqsızlıqlara qarşı dirənmiş, ancaq hələdə diri olaraq ayaqda qalan tək partiyadır. Qərərgahı, ofisi, toplantı salonu olmadan, başına olmazın müsübətlər gətirilən bu partiya bunlara rəğmən bu gün də defakto olaraq Azərbaycanın ana müxalifət partiyasıdır. Çünki AXCP təkcə partiya deyil, fikirdir, idealogiyadır, davadır. AXCP-nin apardığı dava iqtidar, kreslo davası deyil. Şərəf, ləyaqət, vicdan davasıdır. Necə deyərlər, yıxılmayan, satın alına bilməyən son qaladır AXCP. Məhz buna görədir ki, az qala hər gün bir neçə cəbhəçi saxta ittihamlarla ən az inzibati həbs olunur. NİDA da həmçinin. Yarandığı qısa tarixə nəzər salsaq, Azərbaycan gəncliyinin ictimai- siyasi prosessə qatılmasında, onlarda bir fikir formalaşdırmağa müstəsnə rol oynamış təşkilatdır. Ancaq Müsavat da istisna deyil. Onlar da çox təqiblərə və təzyiqlərə məruz qalıb, itkilər verib. Bir çox üzvləri həbs həyatı yaşayıb və bu gün də həbsdə olan üzvləri var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun