Məhkəmə İkram Rəhimovun şikayətini təmin edib

Məhkəmə İkram Rəhimovun şikayətini təmin edib
8 Fevral 2019
Mətni dəyiş

Bu gün, fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimov-un xeyrinə qərar verib. Söhbət jurnalistin tutulması ilə bağlı rayon məhkəməsinin qərarından verilmiş şikayət üzrə çıxarılan qərardan gedir.

Jurnalistin doğmaları Turan-a bildiriblər ki, İ.Rəhimovun vəkilləri onun 2018-ci ilin oktyabrında tutulmasından Səbail rayon Məhkəməsinə şikayət veriblər. Ancaq məhkəmə nəzarət qaydasında verilmiş şikayətin geri qaytarılmasına qərar verib.

Jurnalistin vəkilləri həmin qərarın ləğv edilməsi, İ.Rəhimovun tutulmasının qanunsuzluğu ilə bağlı şikayətə mahiyyəti üzrə baxılması tələbilə apellyasiya şaikayəti veriblər.

Həmin şikayətə bu gün, fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. İ.Rəhimovun özü də prosesdə iştirak edib. O, çıxış edib və deyib ki, rayon məhkəməsində şikayətinə mahiyyəti üzrə baxılmaması onun ədalətli məhkəmə araşdırması hüququnu pozur. Jurnalist məhkəmədən xahiş edib ki, şikayətini təmin etsin.

Şikayətə hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiya baxıb. Məhkəmə şikayəti təmin edib. Məhkəmənin qərarına əsasən, Səbail rayon Məhkəməsi İ.Rəhimovun şikayətinə mahiyyəti üzrə baxmalıdır.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs qəti imkan tədbir seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə, izlənildiyini və təqib edildiyini bildirib.Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun