Keçmiş müstəntiq İlham Əliyevi və dövlət strukturlarını məhkəməyə verməyinin səbəblərindən danışır

Keçmiş müstəntiq İlham Əliyevi və dövlət strukturlarını məhkəməyə verməyinin səbəblərindən danışır
26 Fevral 2019
Mətni dəyiş

Bu il fevralın ortalarında Səbail Rayon Məhkəməsi ölkə üçün ilk olan bir iddianı icraata qəbul edib.

Azərbaycanda ölkə prezidentinə və onun xanımına - vitse-prezidentə yazdığı məktublara cavab almadığını deyən keçmiş müstəntiq onları məhkəməyə verib.

"On bir ildə prezidentə 115, vitse-prezidentə 41, ümumiyyətlə isə Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyatı qurumlara 460-dan çox məktub yazmışam, amma heç birinə cavab almadığım üçün məhkəməyə müraciət etdim", keçmiş müstəntiq Fəxrəddin Məmmədov deyir.

O, BBC News Azərbaycancaya danışarkən deyib ki, indiyə qədər "yazdığı məktubların aqibəti barədə ona məlumat verilmədiyi üçün" bu addımı atıb.

Oğuz Rayon Prokurorluğunun keçmiş müstəntiqi Fəxrəddin Məmmədov prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanı, həmçinin, Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan da şikayət verib.

"Hər şey deputatlığa namizədliyimi verməklə başladı"

"Hər şey 2005-ci ildə Oğuz rayonundan deputatlığa namizədliyimi verməklə başladı. Məzuniyyətdə idim, qanunlar da imkan verirdi ki, mən namizədliyimi verim. Bunu bildikdə, məni məzuniyyətdən geri çağırdılar ki, mane olsunlar. Mən də dedim ki, namizədliyimi geri götürməyəcəm", - Qarabağ veteranı Fəxrəddin Məmmədov deyir.

Keçmiş müstəntiq deyir ki, "elə bundan sonra da onun qohum-əqrəbasına, ailə üzvlərinə müxtəlif vasitələrlə təzyiq" göstəriblər ki, "deputatlığa namizədliyini verməsin".

"Məcbur olub, namizədliyimi geri götürdüm. Ondan sonra da işdə təzyiqlər başladı. 2007-ci ilin avqustunda məzuniyyətimin 3-cü günündə məni "xidməti və icra intizamının kobud pozuntusuna görə" işdən kənarlaşdırdılar".

7 ildən sonra məhkəmə keçirilib

2007-ci ildə məhkəməyə müraciət edən müstəntiqin işinə 7 ildən sonra 2014-cü ilin aprel ayının 29-da baxılıb.

"Həmin gün 120 ərizəni və əlimdəki bütün sənədləri aparıb Heydər Əliyevin qəbrinin üstünə tökəndən sonra özüm də oturdum orada. Ondan sonra guya işimə baxdılar, o da yarımçıq. May ayında çağırıb "istifadə etmədiyim məzuniyyət haqqımın bir qismini" verdilər - 17 min 300 manat. 43 mini qalıb, hələ də verməyiblər", Fəxrəddin Məmmədov deyir.

Keçmiş müstəntiqinsə tələbi təkcə bu olmayıb, onun üçün "ən vacibi işə bərpa edilmək" olub.

"İşimə baxsalar, məni avtomatik işə bərpa etməlidirlər"

İşdən qovulduqdan sonra 11 il yarımdır məhkəmələrdə olduğunu deyən cənab Məmmədov bildirir ki, iş 2015-ci ilin fevral ayından Konstitutsiya Məhkəməsindədir.

"Bilirlər ki, işimə baxsalar, məni avtomatik işə bərpa etməlidirlər, çünki səbəbi nə olursa olsun, mən məzuniyyətdə ola-ola işdən çıxarılmışam. Ona görə də baxmırlar. Ümid edirəm ki, bir gün Azərbaycanda hüquqi dövlət qurulacaq və mənim o məhkəmədəki işimə baxılacaq".

O, 2007-ci ildə məhkəmədə "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair" iddia qaldırıb.

O zaman Səbail rayon Məhkəməsi iddianı icraata götürsə də, bir müddət sonra işi baxılmamış saxlayıb.

Başlarını itirmişdilər...

2019-cu ilin fevralın 12-də o, Səbail rayon Məhkəməsinə gedərək sözügedən qurumlara və şəxsən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya qarşı iddia ərizəsini təqdim edib.

"Başlarını itirmişdilər, gah deyirdilər, yox, bu iddianı heç cür icraata qəbul edə bilmərik, gah deyirdilər, bir az gözlə, görək, neynirik. Onlara dedim ki, mən vətəndaşam, hüquqlarım pozulub, zəhmət çəkin, iddiamı qəbul edin. Necə oldusa, icraata götürdülər".

Cənab Məmmədov vurğulayır ki, indi onun iddia ərizəsi "şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsinə", "insan hüquqlarını pozan dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanun pozan qanunsuz hərəkətlərinin dayandırılmasına və ona dəymiş maddi və mənəvi "ziyanın" ödənilməsi tələbinə dairdir.

İlham Əliyevlə Mehriban Əliyevanı məhkəməyə verməsinə səbəb

Keçmiş müstəntiq, Qarabağ müharibəsi veteranı Fəxrəddin Məmmədov deyir ki, İlham Əliyevlə Mehriban Əliyevanı məhkəməyə verməsinə səbəb müraciətlərinə cavab verməmələri və Məmmədovu vətəndaş olaraq qəbul edib dinləmədikləridir.

Onun məhkəmədən tələbi odur ki, "onu qəbul edib dinləməsi, şəxsən iştirakı ilə araşdırmaların aparılması, özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi öhdəlik olaraq prezident İlham Əliyevin üzərinə qoyulsun". "Mən Qarabağ muharibəsi veteranıyam, 4 övlad atasıyam, bu vaxta kimi heç bir inzibati xəta törətməmişəm. İşimi vicdanla görmüşəm. İndi mənə qarşı olan bu saymazyana hərəkətlərindən mənəvi əzab çəkirəm", - iddiaçı deyir. Fəxrəddin Məmmədovun iddia ərizəsi hakim Şahin Abdullayevin icraatına verilib. İddiaçı deyir ki, hələlik məhkəmə ilə bağlı ona heç bir məlumat verilməyib. "Ombudsman Aparatı poçt deyil" Hazırda Bakıda yaşayan keçmiş müstəntiq işsizdir. O deyir ki, Ombudsman Aparatına üzləşdiyi qanunsuzluqla bağlı müraciət etsə də, ona cavab verməyiblər. Sonuncu dəfə prezidentə yazdığım məktublara cavab ala bilmədikdə, Ombudsmana yazdım ki, "mənə kömək edin, prezidentə şikayətimi çatdırım". "Təxminən, "Ombudsman aparatı poçt deyil" kimi bir cavab verdilər", cənab Məmmədov deyir. Ombudsman aparatından BBC News Azərbaycancaya bildiriblər ki, onlara gələn məktublara cavab verilməməsi "mümkün deyil". Şikayətçi İnsan Hüquqları Müvəkkilinin ofisini də məhkəməyə verməyə hazırlaşır. Cənab Məmmədov mart ayında öz işi ilə bağlı Avropa Məhkəməsinə və beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirir. "Vətəndaşın hüququdur" Daxili işlər Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, vətəndaşın qurumu məhkəməyə verməsi "vətəndaşın hüquququdur". Fəxrəddin Məmmədov da bu hüququndan istifadə edib. Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsü Eldar Sultanov bildirib ki, qurum "bütün iddialara məhkəmədə münasibət bildirəcək". Prezident Administrasiyasından məsələ ilə bağlı münasibət öyrənmək mümükün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun