Jurnalist Anar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib

Jurnalist Anar Məmmədovun növbəti məhkəmə prosesi keçirilib
8 Fevral 2019
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Şahid Gülnar Muradova növbəti dəfə prosesə gəlmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı qəbul olunub.

Vəkil Elçin Sadıqov ekspert Bəxtiyar Əliyevin əlavə şahid kimi məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Vəkilin fikrincə, onun verdiyi ekspert rəyində anlaşılmayan ifadələr var. Hakim vəsatəti təmin edib.

Hakim E.Mikayıov məhkəmə zalında olanlara foto və video çəkilişlərinin aparılması üçün icazə verilmədiyini xatırladaraq xəbərdarlıq edib. Belə ki, ötən iclasda zərəçəkmişlərin fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq İnternetdə həmin ilin yayında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan A.Məmmədova qarşı CM-in 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Ittiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

Anar Məmmədov ittihamları qəbul etmir: "Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi, hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə, çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm".

O hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır.

"İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq", - A.Məmmədov bundan öncəki məhkəmə iclasındakı sərbəst ifadəsində bildirib.

O deyib ki, məhkəmə qarşısında dayanması peşəsinə sadiq qalıb obyektivlikdən kənar çıxmadığına görədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun