Hakimiyyət “xalqı sülhə hazırlamaq” prinsipinin detalları barədə açıqlama verməlidir

Fevralın 23-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hətəkatının təşkilatçılığı ilə “Qarabağ: mövcud ictimai-siyasi-hərbi durum və problemin həlli istiqamətləri” mövzusunda geniş formatda “İctimai Dinləmə” keçirilib. İctimai dinləmədə 100 nəfərə yaxın təhlükəsizlik eksperti, politoloq, konfliktoloq, siyasi və ictimai xadimlər, VC institutlarının təmsilçiləri, həmçinin KİV əməkdaşları iştirak edib.

Üç saata yaxın davam edən dinləmədə 16 yanvar 2019-cu ildə Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə keçirilmiş görüşdən sonra həmsədrlərin və Azərbaycan Xarici İşlər Nazirliyinin “xalqların sülhə hazırlanması” ilə bağlı detalları açıqlanmayan bəyanatlarının arxasında dayanan qaranlıq və təhlükəli məqamlar, Rusiya Xarici İşlər Nazirinin Qarabağ probleminin həlli ilə bağlı son açıqlamaları, həmçinin problemin həllinin mümkün istiqamətləri müzakirə predmeti olub.

Çoxsaylı çıxışlarda müxtəlif fikirlər səslənməsinə baxmayaraq, İctimai Dinləmə iştirakçılarının mütləq çoxluğun ümumi mövqeyi ondan ibarət olub ki;

1. Azərbaycanın müvafiq hakimiyyət strukturları “xalqı sülhə hazırlamaq” prinsipinin detalları barədə xalqa təfərrüatlı və aydın açıqlama verməlidir,
2. “Sülh prosesi” (şərti) adı altında aparılması nəzərdə tutulan plan xalqın müzakirəsinə təqdim edilməlidir,
3. Dağlıq Qarabağ problemi yalnız ölkəmizin ərazi bütövlüyü və bütün ərazilərində suverenliyi çərçivəsində öz həllini tapa bilər,
4. Kapitulyasiya xarakterli hər hansı “sülh sazişi” Qarabağı və 20 mindən çox şəhidin qanını unutmaq, əsirlikdə olan ləkələnmiş namusumuz və yurdumuzun viran qoyulması ilə barışmaq” hesab edilməli və bu, axıdılmış şəhid qanına, Azərbaycan xalqına və dövlətinə xəyanət kimi dəyərləndirilməlidir.
5. Xalqın iradəsindən kənar və Azərbaycanın konstitusion hüquqlarının ziddinə olan hər hansı sülh sazişinin imzalanması ola bilməz və bunun hakimiyyətin süqutu ilə nəticələnəcəyi şübhəsizdir.
6. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan kimi əsas konstitusion borcu olan “ölkə ərazisinin bütövlüyünü təmin etmək” vəzifəsini yerinə yetirmək üçün xalqı kapitulyasiya xarakterli sülhə yox, işğal alrında olan əraziləri istənilən yolla, o cümlədən, antiterror əməliyyatlarına – azadlıq müharibəsinə hazırlamalıdır.
7. Qarabağ probleminin həllində iqtidar-müxalifət ayrılığı olmamalı, hamı bir nəfər kimi ərazilərin işğaldan azad edilməsi naminə birlik nümayiş etdirməlidir.