Güclü dövlətlərin gücü - Xaliq Bahadır

Güclü dövlətlərin gücü - Xaliq Bahadır
2 Fevral 2019
Mətni dəyiş

Avronyus aylardır Böyük Britaniya parlamentindəki “Breksit” debatlarını göstərir. “Breksit” qısaca desək, BB-nin Avropa birliyindən çıxma planıdır. Bir çağlar BB baş baxanı Tetçer ölkəsinin AB-dan çıxıb ABD ilə daha da yaxınlaşmalı olduğunu bildirirdi. İndiki BB baş baxanı Tereza Mey daha qabağa gedərək AB-dan ayrılmanı hansısa gələcəyə buraxmaq istəmir: “indi, kəsinliklə indi”. Ancaq sərgilənən debatlardan göründüyü kimi, Mey müxalifətin kəskin dirənişi ilə üzləşib: müxalifət ölkənin AB-dan çılxmasına qarşıdır. Hökumətlə müxalifət arasında qarşıdurma yaranıb: hökumət başçısı ilə müxalifət lideri arasında açıq döyüş gedir – faktların, arqumentlərin döyüşü. İzləyicilər-xalq baxır, düşsünür, dəyərləndirir, hökumətin faktları, arqumentləri ilə müxalifətin faktlarını, arqumentlərini qarşılaşdırıb analiz etməklə öz seçimini edir. Beləliklə, istər-istəməz xalq da debatlara qatılmaqla (virtual olaraq) kimi hökumət, kimi müxalifət yanlısına çevrilir. Bu faktor referendum-seçki dönəmində ölkənin gələcəyinə yön vermək baxımından xalqın seçimində önəmli rol oynayır. Sonucda yalnız hökuimətlə müxalifət deyil, bütün xalq ölkənin gələcəyi, yaşam strategiyası ilə bağlı qərarların verilməsində sorunlu olur. Elə gerçək parlamentin dəyəri də bundadır.

ABD Konqresində aylardır büdcənin doğrulanması (təsdiqlənməsi) ilə bağlı dartışma gedir. Hələlik prezidentlə müxalifət uzlaşmaya gələ bilmir, buna görə büdcənin doğrulanması daha üç həftəliyə ertələnib: o çağadək prezidentlə müxalifət uzlaşmaya gəlməlidir. Dartışma nəyin üstündədir? Prezident D.Tramp seçki öncəsi seçicilərə verdiyi sözü yerinə yetirməyə, Meksika ilə ABD arasında gərəkən divarı çəkib başa çatdlrmağa çalışır. Bundan ötrü o, büdcədən 6 (altı) milyard dollar ayrılmasını istəyir. Konqresmenlər bunun böyük büdcə itkisinə gətirəcəyini düşünərək Trampa “yox” deyir. Bəlli olduğu kimi, ABD-nin ordu büdcəsi 700 milyard dollara yaxındır, dövlət büdcəsi 4,5 trilyon dollardır. Trampın divar tikmək qərarı bir çox baxımlardan ABD üçün çox gərəkli olsa da, üstəlik, ortada çox böyük büdcə faktı olsa da, konqresmenlər prezidentə dirəniş göstərməklə büdcə pullarının başlıca olaraq birbaşa xalqın yararına yönəldilməsinə çalışırlar.

Bu iki faktda bizə görk olası, başlıca önəm verəcəyimiz nədir: dövlət-hökumət başında duranların sonsuz yetki yiyəsi olmamaları, daha doğrusu, böyük ağılla qurulmuş politik sistemin buna yol verməməsi! Bax, burada sözü gedən iki dövlətin, eləcə də bu sayaq sistem qurulan dövlətlərin gücü ortadakı faktorla – dəyişməz hakimiyət bölgüsü ilə bağlıdır.

Bizdə necədir?

Bizdə dədə-bala Əliyevlərin parlamenti korrupsiya axarında, saxta seçkilər yoluyla özlərinin əlaltı qurumlarına çevirmələri üzündən 20-30 qanun bir gündə də yox, bir  neçə saatda şıppıltıyla keçib gedə bilir. Bizdə prezident adından göndərilən ən antixalq xarakterli qanun belə ən qısa, ən ötəri debat obyektinə çevrilə bilməz. Parlamentin bir belə yetkisiz-hüquqsuz olması üzündən bizdə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya çoxdan DÖVLƏT POLİYİKASINA dönüşdürülüb. Buna görə dövlət büdcəsi bizdə prezidentin, prezident ailəsinin özəl büdcəsi yerindədir. Buna görə bizdə ölkənin bu başından o başına baş alıb gedən finans mənimsəmə-dağıntıları illərlə üstü açılmamış cinayətlər olaraq qalır. Qaldıqca genişlənir, dərinləşir. Parlament bütünlüklə yetkisiz-hüquqsuz olduğundan onun nə olur- olsun, nə baş verir- versin, prezidenti, prezident bir yana, nazirləri belə sorğulamaq hüququ yoxdur: bu hüquq onun əlindən başlanğıcdan – bütünlüklə korrupsiyaya bulaşmış seçkilər dönəmindən alınmış olur. Parlamentin hüquqsuz duruma gətirilməyi sonucda xalqın özünü hüquqsuz duruma gətirir, dövləti dış güclər qarşısında gücsüz duruma salır, əliyalın qoyur. Parlament başda olmaqla hakimiyətin bir əldə toplandığı dövlət gec-tez korrupsiya-repressiya axarında antixalq xarakteri alır. Gözümüzün önündəki Azərbaycan dövləti bu gün belə bir dövlətdir.

Ölkənin doğal resursları aşıb-daşırkən xalq yoxsulluq içində yaşayır. Yaşayır demək, azdır, xalqın böyük çoxluğu yoxsulluq içində sürünür, sürünməli olur. Ölkə bir qrup oğru-yolsuzun (oliqarxiyanın) əlində bütünlüklə hüququsuz, yesir durumundadır. Maliyə naziri S.Şərifov bugünlərdə prezidentin keçirdiyi bir yığıncada bildirdi: “Son beş ildə regionların sosial-iqtisadi inkişafına 24,2 milyard pul xərclənib, bu məqsədlə daha 17 milyard pul ayırmışıq”.

Regionların sosial-iqtisadi-inkişafı döpvlət Proqramı” adına qabaqca 51 milyard, sonra 17 milyard “xərcləndiyi” çoxdan bəllidir. İndi 24,2 milyardın üstündən daha 17 milyard  “xərcləmək” planlaşdırılıb. İndiyədək “regionların sosial-iqtisadi inkişafı” adına bütövlükdə  100 milyarda yaxın pul mənimsənib-dağıdılıb. Yağı malı kimi mənimsənib-dağıdılıb! Bu mənimsəmə-dağıtmanın konkret görsənişi, göstəricisi regionlardakı kütləvi işsizlik, kütləvi işsizliyin yaratdığı kütləvi yoxsulluqdur. Ortada olan 100 milyarda yaxın pulla ölkədə yüksək gəlirli minlərlə deyil, milyonlarla iş yeri açmaq olardı. İndilikdə ölkədə nə yetərincə iş yeri var, nə də çoxsaylı iş yerlərinin yaradılmasıyla gerçəkdən regionların sosial-ekonomik gəlişməsi faktına oxşar nələrsə. Ancaq prezident də, onun nazirləri də, durmadan xalqa “dünyada analoqu olmayan sosial-iqtisadi inkişaf” yalanları danışmadadır. Gerçək parlament yox, parlament sorğulaması yox, bir yandan satınalma, bir yandan repressiya yoluyla demokratik jurnalistika yox edilmiş durumda. Bütünlüklə rejimin ruporu rolunu oynayan televiziyalar isə sonsuz yalanlar, yaramaz  propaqandalarla xalqı aldadıb debilləşdirmə görəvlisinə çevrilib…

Yalanın dövlət ideologiyasına dönüşməsi üzündən ölkədə, bir deyimdə olduğu kimi: yalan ayaq tutub yeriyir. Başqa bir yandan, özləri özlərinin çoxsaylı yalanları içində dolaşıb qalıblar. İ.Əliyev, nazirləri, televiziyaları durmadan ölkədəki “dünyada analoqu olmayan sosial-iqtisadi inkişafdan” danışırkən ortaya çoxlu sayda bir-birini yalanlama görsənişləri çıxır. Örnəklər: 1) İ.Əliyev: “Azərbaycan özünün iqtisadi qüdrətinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir”; 2) İ.Əliyev: “Ölkənin bütün rayonları dotasiyadadır”; 3) İ.Əliyev: “Azərbaycan iqtisadiyatı durmadan inkişaf edir, biz regionlarımızın sosial-iqtisadi inkişafına nail oluruq”;  4) “Azərbaycanın 27 (iyirmi yeddi!) şəhər və rayonunuda 436 çoxmərtəbəli binanın dam örtüyünün təmiri məqsədilə 21194760 (21 milyon yüz doxsan dörd min yeddi yüz altmış manat) pul ayrılsın” (İ.Əliyevin 05.10.2018-ci il “sərəncamından”); 5) Sınaq imtahanları naziri Məleykə Abbaszadə: “Sınaq imtahanları keçirməyə maddi imkanımız yoxdur”; 6) Rejinin administrator-filosof-akademik ideoloqu R.Mehdiyev: “İnkişafın Azərbaycan modeli – dünya bizdən öyrənməlidir”; 7) Nazir yardımçısı Şahmar Mövsümov: “Yeni iqtisadi model axtarışına başamışıq” (dekabr, 2016) ; 8) Statistika: “Son beş-altı ildə 20 minədək tələbə təhsil pulunu verə bilmədiyi üçün təhsildən uzaqlaşıb”…

Yalanla gerçəkliyin bu sayaq toqquşması faktlarını artırdıqca artırmaq olar. Ancaq… kor-kor, gör-gör: indiki ideoloji ortamın doğurduğu düşkün durum, indiki politik sistemin yaratdığı yolsualuq ölkənin yalnız bugününü deyil, gələcəyini də uğursuzluq dumanına bürüyür.

Özünün “dövlət mənəm!” prinsipinə uyğun olaraq qanunsuzluğu dövlət düzəyinə qaldıran İ.Əliyev rusiyalı jurnalist V.Solovyovun Azərbaycandakı çoxsaylı  repressiyaların nəylə bağlı olduğu sorusuna belə qarşılıq verir: “Bizim camaat belədir, özbaşına buraxsan, aləmi qatıb-qarışdırar. Gərək onların üstündə sərt kontrol olsun: onları tutub içəri atmaq, qorxutmaq lazımdır”. Prezident andına uyğun olaraq qanunların qarantına çevrilmək yerinə, korrupsiya rejimi qurub qanunsuzluqların başında durandan sonra dövlət başçısı olaraq sənin başlıca işlərindən biri ardıcıl repressiya yoluyla xalqı qorxu altında saxlamaq olmalıdır.

Bəlli bilinməlidir: başında kimin durmasından asılı olmayaraq, təkbaşına yönətimə dayanan “dövlət mənəm” prinsipi dövlətin, dövlət hakimiyəti sisteminin qanunsuzluq axarında gec-tez içindən çürüyüb gücsüzləşməsinə gətirib çıxaracaq…

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun