“Azərsun” 180 milyon dollar valyuta itkisi yaradıb

“Azərsun” 180 milyon dollar valyuta itkisi yaradıb
2 Fevral 2019
Mətni dəyiş

"'Azərsun Holdinq'ə məxsus İmişli Şəkər Zavodu 180 milyon dollar həcmində valyuta itkisi yaradıb. Burada istehsal 54%, ixrac 59% düşüb".

Bu sözləri iqtisadçı ekspert Nemət Əliyev bildirib. Onun sözlərinə görə, idxalın məhdudlaşdırılması normalda yerli istehsala təkan verməlidir, lakin ölkəmizdə hökumətin idxala tətbiq elədiyi məhdudiyyətlər yerli istehsalın sıxışdırılması, itkilərin daha da böyüməsi ilə müşayiət olunub.

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlardan aydın olur ki, əvvəlki illə müqayisədə 2017-cı ildə şəkər tozunun idxalı 1% və ya 3 min ton artsa da, 2018-ci ildə bu göstərici 35% və ya 130 min ton azalıb.

DSK-nın açıqladığı rəsmi məlumatlar göstərir ki, 2016-ci ildə 419 min ton şəkər tozu istehsal edən İmişli Şəkər Zavodu 2017-ci ildə 228 min ton, 2018-ci ildə isə 194 min ton istehsal edib. 2017-ci ildə 45% azalan istehsal 2018-ci ildə daha 15% düşüb. İstehsalın səviyyəsi iki ilə 54% və ya 224 min ton enib.

Deməli, idxalın məhdudlaşması yerli istehsalda tərəqqi ilə deyil, 2 dəfədən çox tənəzzüllə müşayiət olunub. Baş verənlər bu məhsul çeşidinin ixracının 59% (64 min ton) düşməsinə də səbəb olub.

İstehsal və idxalın düşməsi nəticə etibarı ilə şəkər tozuna tələbat göstəricisinin pisləşməsinə gətirib çıxarıb. Tələbat göstəricisi son iki ildə 42% pisləşərək 675 min tondan 389 min tona düşüb. Tələbatın yerli istehsalla təminolunma səviyyəsi isə 62%-dən 50%-dək enib.

Nemət Əliyevin sözlərinə görə, ortaya çıxan ümumi mənzərə bundan ibarətdir ki, idxal kəskin azalıb, istehsal və ixrac tənəzzül edib, şəkər tozuna tələbat göstəricisi sıxışdırılıb və yerli istehsalla təminolunma səviyyəsi pisləşib.

"Pul ifadəsində ümumi itkiləri dəyərləndirməyə çalışaq. Əvvəla qeyd edək ki, xaricə valyuta axınının qarşısını almaq məqsədi güdən hökumət şəkər tozunun idxalının azalması hesabına, həqiqətən də, 66 milyon dollar məbləğində valyutaya qənaət edə bilib. Lakin ixracdan daxil olan valyutanın 37 milyon dollar azalması həmin qənaətin həcmini 29 milyon dollara düşürüb (66-37=29). Əgər yerli istehsalın 2 dəfədən çox azalması hesabına əmələ gələn itkiləri də burada nəzərə alsaq, o zaman mənzərə tamamilə dəyişər və valyutaya qənaət etmək istiqamətində atılan oxların daşa dəyməsi üzə çıxar".

Ekspert deyir ki, idxalda 66 milyon dollar valyuta qənaətinə aludə olunduğu bir vaxtda istehsal və ixracda 180 milyon (143+37=180) dollarlıq valyuta itkisinə məruz qalılıb.

"Ümumi itkilər 114 milyon (180-66=114) dollar hesablanır. Bu, yalnız şəkər tozunun istehsalı, idxalı və ixracından yaranan ikidir".

N.Əliyevin sözlərinə görə, istehsalın, idxalın və ixracın düşməsi bir qayda olaraq iş yerlərinin itirilməsi ilə müşayiət olunur.

"İş yerlərini itirmiş işçilərin sonrakı dövrdə yaşadıqları maddi və mənəvi sarsıntılar, fəaliyyətini dayandırmış zavod istehsal güclərinin məruz qaldığı fiziki və mənəvi aşınmalar yuxarıda hesablanmış itkilərin miqyasını daha da böyüdür".

İqtisadçı deyir ki, hökumət yerli istehsalı buxovlayan və ixracı əngəlləyən əsas maneələri aşa bilməyib və bu üzdən də milyonlarla ölçülən ikilərə məruz qalıb. Nəticə ümumi maraqların ziyanına işləyib. Necə deyərlər, qaş düzəltdiyimiz yerdə göz çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun