AXCP üzvlərinin məhkəməsində daha bir neçə şahid dindirilib

AXCP üzvlərinin məhkəməsində daha bir neçə şahid dindirilib
2 Fevral 2019
Mətni dəyiş

"AXCP-nin hazırda 15 siyasi məhbusu var. Hələ üstəlik, xeyli üzvlərimizə də inzibati həbs cəzası verilib". 

Bu sözləri AXCP üzvü Səadət Cahangir fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

O, partiyanın funksionerləri - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəməsində şahid qismində dindirilib.

Azadlıq Radiosunun məlumatına görə, cinayət işinin materiallarında yazılıb ki, Aqil Məhərrəmov Moskvadan göndərilən pulu Vidadi Rüstəmlidən götürəndən sonra 200 manat Səadət Cahangirə verib.

Səadət Cahangir məhkəmədə dindirilərkən deyib ki, dəqiq xatırlamasa da, Aqilin ona 200 manat verməsi mümkündür. O da həmin vəsaiti siyasi məhbuslara xərcləyib.

“Pul, maaş cədvəlləri axtarırdılar”

AXCP-nin daha bir üzvü Ramiz Əhədov da dindirilib. Bildirib ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

"Oradan da məni evimə gətirdilər. Evdə 45 dəqiqə axtarış apardılar. Pul, maaş cədvəlləri axtarırdılar. Dedim ki, bizdə belə şey yoxdur. Soruşdular ki, AXCP-də maliyyə məsələlərinə kim baxır? Dedim, məhbuslara yardım üçün ianələr toplayırıq, on ildir ki, mən toplayıram. O vəsaitləri də siyasi məhbuslarımızın yanına sovqat aparılmasına, onların ailələrinə xərcləyirik. İstintaqda soruşdular ki, bu işi kimin göstərişilə eləyirdin? Dedim ki, o vaxt rəhmətlik Həsən Kərimov tapşırmışdı mənə".

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli də təqsirləndirilən şəxslərdən Aqil Məhərrəmlinin ona 200 manat verməsinə görə dindirilib. "Siyasi məhbuslardan birinin ailəsinə vermişəm", – o deyib.

Rusiyadan Bakıya bankdan kənar pul köçürməsilə məşğul olan Natiq Kamalov da dindirilib. O bildirib ki, Moskvada özü göndərilən pulları qəbul edir, Bakıda qohumu Tural Mehdixanov onu göndərilən adama çatdırırdı.

Onun sözlərinə görə, Saleh Rüstəmov 2017-ci il mayın 23-də bacısı oğlu Vidadiyə 175 min dollar pul göndərib. Tarixi dəqiq yadında saxlamasını isə belə izah edib ki, həmin gün Simferopolda mağazaya mal almaq üçün Saleh Rüstəmovun verdiyi puldan istifadə etmişdi. Deyir ki, Saleh Rüstəmovdan pulu özü alıb.

Sabiq icra başçısı ondan soruşub ki, əgər həmin gün Simferopolda olubsa, ondan pulu necə özü ala bilərdi? Bu zaman bildirib ki, Moskvadakı ofisində işçiləri pulu qəbul edib.

Bu şahidin qohumu Tural Mehdixanov öncəki məhkəmə iclaslarında dindiriləndə demişdi ki, pulları Vidadi və başqa adamlara "Monte Karlo" şadlıq evində çatdırırdı. N.Kamalov bunu təsdiqləyib: "O restoran onun kirvəsinindir, ona görə..."

Məhkəmə fevralın 5-də davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun