AXCP fəalı həbsdəki oğlundan narahatdır

AXCP fəalı həbsdəki oğlundan narahatdır
8 Fevral 2019
Mətni dəyiş

İmişli şəhər sakini, təqaüdçü Vaqif Cabbarov cəzaçəkmə müəssisəsində saxlanan oğlu Natiq Cabbarlıya görə narahatlıq keçirir.

Onun sözlərinə görə, məhkum oğlunun qara günləri yanvarın ikinci yarısından sonra başlayıb:

"Oğlum xəstə idi, müalicə olunurdu. Amma karantin müddətinin bitməyini gözləmədən onu qəfil müalicə müəssisəsindən çıxarıb 2 saylı Cəzaçəkmə Müəssisəsinə aparıblar. Burada isə heç bir səbəb olmadan karsa (cərimə kamerası) salıblar. 10 günə yaxındır ki, ondan xəbər yoxdur. Bizə məlumat sızıb ki, o, belə əsassız cəzalandırmaya etiraz olaraq aclıq elan edib. Lakin həbsxana rəhbərliyi bunu gizlədir".

O hesab edir ki, oğlu onun siyasi mənsubiyyəti və fəaliyyəti ilə bağlı təzyiqlə üzləşib:

"Mən 30 ilə yaxındır ki, siyasi fəaliyyətlə məşğulam. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulmuşam. Dövlətimiz müstəqilliyini bərpa edəndən sonra isə onun demokratikləşməsi uğrunda mübarizə aparıram. Yaranan vaxtdan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm. Həbsxanada oğluma qarşı təzyiq yanvarın 14-də AzadlıqRadiosuna verdiyim müsahibədən sonra başlayıb. Yanvarın 19-da Milli Şuranın mitinqində iştirak edəndən sonra telefonuma hədə-qorxu zəngləri gəldi. Yanvarın 20-də səhər açılan kimi Natiq karsa salındı".

"Oğlumun həyatı təhlükədədir"

V.Cabbarov oğlunun həyatının təhlükədə olduğunu iddia edir: "Mən ehtimal edirəm ki, qurama cinayət işi açıb onun cəza müddətini artırmaq və daha sərt rejimli müəssisəyə köçürmək istəyirlər. Bütün bunlar isə, bir daha deyirəm, məndən heyf çıxmağa hesablanıb".

Baş verənlərlə bağlı o, Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənova müraciət etdiyini bildirir. Ancaq hər hansı cavab almayıb.

V.Cabbarovun bu dediklərinə də, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı isə bildiriblər ki, cəzaçəkmə müəssisələrində məhkumlarla yalnız qanun çərçivəsində davranılır. Üstəlik, rəsmilər ölkədə insanların siyasi fəaliyyətlərinə görə özləri və yaxınlarının təzyiqlərə məruz qalması ilə də bağlı iddiaları da qəbul etmirlər.

Atasının deməsinə görə, N.Cabbarlı 2011-ci ildə Qazaxıstanda həbs olunub. 13 il həbs cəzası alan N.Cabbarlı 2014-cü ildə Azərbaycana ekstradisiya olunub. Atası vurğulayıb ki, o, Qazaxıstanda baş verən kütləvi davada başqa şəxsə xəsarət yetirdiyinə görə saxlanıb. Sonradan onun xəsarət yetirdiyi adamın öldüyü bildirilir. O, həmin ölkənin qanunvericiliyinə uyğun ittiham edilib və 13 il həbs cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun