Almaniya Gürcüstanı təhlükəsiz ölkə elan etdi - bu nə deməkdir?

Almaniya Gürcüstanı təhlükəsiz ölkə elan etdi - bu nə deməkdir?
17 Fevral 2019
Mətni dəyiş

Almaniyanın federal parlamenti - Bundestaq Gürcüstanı təhlükəsiz ölkə elan edib. Bu həm də o deməkdir ki, bundan sonra Gürcüstandan gələn mühacirlərin Almaniyada sığınacaq alması çətinləşəcək, həmçinin ölkədən deportasiyaları asanlaşacaq.

"Deutsch Welle" –nin yaydığı xəbərə görə, Bundestaq Gürcüstandan başqa Əlcəzair, Mərakeş və Tunisi də təhlükəsiz ölkələr siyahısına əlavə edib.

Federal hökümət miqrasiya qanununa etdiyi yeni dəyişikliklərdə qaçqın axınının önünü az da olsa kəsə bilmək və qaçqınların deportasiyasını asanlaşdırmağı hədəfləyir. Ancaq yeni qanun hələlik parlamentin alt palatası Bundesratda müzakirə olunacaq.

Gürcüstandan başqa Şimali Afrikanın da təhlükəsiz ölkələr siyahısına salınması gözlənilir, ancaq bu haqda hazırlanmış qanun fevralın 15-i müzakirə edilməli olsa da, hələlik ertələnib.

Bəs qanununun gürcülər, əlcəzairlilər, mərakeşlilik və tunislilər üçün nəticəsi necə olacaq?

Gürcü qaçqınlar arasında cinayətkarlıq səviyyəsi yüksəkdir

Adı çəkilən dörd ölkə arasında təkcə gürcüstanlılar Almaniyaya, həmçinin bütün Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər. Bu rejim 2017-ci ilin sonlarından başlanıb.

Gürcüstanlılar üçün yaradılan bu imkan təkcə gürcü turistlərinə deyil, gürcü cinayətkarlarına münbit şərait yaradıb.

Almaniya Daxili İşlər Nazirliyi belə nəticəyə gəlib ki, Gürcüstana yaradılan vizasız rejimdən istifadə edən gürcülər ölkəyə asanlıqla gəlib burada sığınacaq almağa can atırlar, sığınacaq verilməsinə sərf olunan aylar, bəzən də illər ərzində əllərinə düşən fürsətdən yararlanıb cinayətlər törədirlər.

Almaniyada sığınacaq almaq istəyən qaçqınların törətdiyi cinayətlərin 2,1 %-i gürcü qaçqınların payına düşür (2017-ci ilin məlumatı). Bu olduqca böyük rəqəmdir, ona görə ki, Almaniyada sığınacaq almaq istəyən insanların cəmi 0,7%-i gürcülərdir. Bu da qaçqın kimi ölkəyə gələn gürcülərin 75%-nin cinayət törətdiyi anlamına gəlir.

Gürcülər ev də yarır, uşaq yeməyi də oğurlayır

İlk dövrlərdə Almaniyaya gələn gürcülər əsasən ev oğurluğu işində ixtisaslaşmışdılar. Yaxın zamandan başlayaraq isə gürcü bandaları mağazalardan əsasən südəmər uşaqlar üçün nəzərdə tutulmuş quru süd oğurluğunu daha çox edir. Belə süd Çin bazarında olduqca yüksək qiymətə satılır.

Belə cinayətkar şəbəkələrin fəaliyyəti üzündən keçən ilin yazında hətta Gürcüstan üçün yaradılmış vizasız rejimi ləğv etmək haqda debatlar də başlamışdı.

Şimali Reyn-Vestfaliya federal torpağının höküməti bu haqda Almaniya Daxili İşlər Nazirliyinə rəsmi olaraq müraciət etmişdi və rica etmişdi ki, gürcülərə verilən vizasız rejimi ləğv etmək üçün Avropa Komissiyasını inandırsın.

Statistikaya görə, Şimali Reyn-Vestfaliya federal torpağı gürcü ev oğrularının ən fəal olduğu bölgədir.

Belə vəziyyətdən ehtiyatlanan gürcü höküməti özü alman hökümətindən rica edib edib ki, Gürcüstanı “təhlükəsiz ölkələr” siyahısına salsın.

Təhlükəsiz ölkələrin vətəndaşları üçün hansı qaydalar var

Almaniyanın yeni tətbiq edəcəyi qanun təhlükəsiz ölkədən gələn vətəndaşların Almaniyada sığınacaq almayacağı anlamına gəlmir. Sadəcə olaraq belə ölkələrdən gələnlərə sığınacaq vermək şansı azalır.

Federal Miqrasiya İdarəsi belə ölkələrdən gələn qaçqınların sığınacaq istəklərini “açıq-aydın əsaslandırılmamış” hesab edir. Əgər bir vətəndaşın gəldiyi ölkə Almaniyada təhlükəsiz ölkə sayılırsa, həmin vətəndaşların Almaniyada sığınacaq alma şansı qat-qat aşağı düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun