Yəni biz, özümüzük - Araz Əliyev

Yəni biz, özümüzük - Araz Əliyev
13 Yanvar 2019
Mətni dəyiş

On Generalized Negative Hero

Türkiyəli tarixçi İlber Ortaylının bir sözü var, deyir ki, hər kəsə vətən xaini deyəndə, gerçək vətən xainləri onların arasından sıyrılır, yaddan çıxır, unudulur. Azərbaycan cəmiyyəti üçün də bu məsələ xüsusilə əhəmiyyətlidir.

Bizim üçün özümüzdən başqa hər kəs xaindir, fəaliyyəti xoşumuza gəlməyən hər kəs, bizim kimi düşünməyən hər kəs, bizə itaət eləməyən hər kəs , dolayısı ilə bizə "fayda verməyəcəyi məlum olan" hər kəs vətən xainidir. Əslində mənə görə, problem də məhz burdadır.Hər zaman düşünmüşəm ki, niyə Azərbaycanın müstəqillik dönəmi filmləri daha əvvəlki Sovet dönəmi filmlərindən fərqlənir? Niyə müasir filmlərə baxmaq mənə xoş gəlmir, ancaq daha əvvəlikləri təkrar-təkrar izləməkdən doymuram?

Buradakı əsas fərq, filmlərə marağı olan bir izləyicinin də asanlıqla müəyyən edə biləcəyi kimi, mənfi qəhrəmanların çoxluğudur. Müasir Azərbaycan filminin baş qəhrəmanı mənfi obrazıların əhatəsində sağ qalmağa çalışan biridir. Yəni bizik, özümüzük. Biz anlayışına qarşı qoyduğumuz ümumiləşmiş bir mənfi obrazımız isə yoxdur.

Biz mənfi qəhrəmanın varlığından yox, onun çoxluğundan əziyyət çəkirik. Ona görə qəhrəmanın mənfilər içərisində mübarizəsi və sonda məğlub olmasını izləmək istəmirik. Ondansa, Avengers-in Tanosa qarşı savaşı bizdə daha çox ümid yaradır, onu həsrətlə gözləyirik.

Bizim düşüncə tərzimizin insanı mənfi və müsbət xarakterlərin vəhdətində şəklində götürəcək bir səviyyədə deyil. Əksinə insanın yaxşı və pisliyini onun bizə verdiyi fayda ilə müəyyən edəcək səviyyədədir. Ona görə də, əgər bir insan cəmiyyət içində xain olsa belə, ətrafındakı bir sosial qrup üçün həmin bu təmin etdiyi fayda amilindən dolayı yaxşı birisidir.

Hər birimiz üçün necə olmağımızdan asılı olmayaraq özümüzü qəhrəman kimi önəmli hiss edəcəyimiz bir çevrəmiz hər zaman var. Elə götürək Əli Abdulov məsələsini. O qədər sosial qınaqdan sonra düşünürsüz ki, Əli Abdulov cəmiyyətdə xain kimi qarşılanacaq? Məncə yox, çünki ona qardaş deyənlər, xətrini istəyənlər yenə də istəyəcək, dediyim kimi qarşılıqlı fayda amili yenə də müəyyən edicidir. Problem də yenə də olduğu kimi qalır. Ümumiləşmiş bir mənfi qəhrəmanın yoxluğu.

Azərbaycan xalqının hamılıqla, uşaqdan, böyüyə nifrət edəcəyi, onun kimi olmaqdan, ona oxşamaqdan qorxacağı, bir mənfi qəhrəmana ehtiyacı var. Azərbaycan xalqının yenidən "dağın başında çayın qarşısını kəsən əjdaha" obrazına, qızları qaçıran "yer altındakı divlərə"(hərçənd ki, bu obrazlar mədəni olaraq biz özümüzük) ehtiyacı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun