Tofiq Yaqublu quru aclığa keçib, Xədicə İsmayıl aclığa başlayıb

“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aclıq keçirən Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu və Natiq İsrafilov yanvarın 15-dən su içməkdən də imtina edib.

Bu barədə Tofiq Yaqublu “Amerikanın Səsi”nə bildirib. Tofiq Yaqublu yanvarın 4-dən, Natiq İsrafilov isə yanvarın 9-dan aclıq edir.

Hazırda Müsavat Partiyasının mənzil-qərargahında Sənubər Heydərova, Natiq İsrafilov, Şamil Nəsirli, Tofiq Yaqublu və Natiq Abdullayev aclıq edir.

Tofiq Yaqublu facebook vasitəsi ilə yaydığı videomüraciətində insanları Milli Şuranın yanvarın 19-da siyasi məhbuslara azadlıq tələbi ilə keçirəcəyi mitinqdə iştiraka dəvət edir.

“Təəssüf ki, Azərbaycan cəmiyyəti mitinqlərə zəruri bir aksiya kimi baxmır. Mən sizə tarixdən misallar çəkim. Mitinqlərin qadağan edildiyi ölkələrin aqibətinə baxın. Hanı SSRİ, bu ölkədə mitinq etmək qadağan idi. Köhnə sosialist düşərgəsi ölkələri indi haradadır? Yuqoslaviya, Çexoslavakiya, Almaniya Demokratik Respublikası haradadır? Macarıstan, Bolqarıstan, Polşa əvvəlki halındadırmı? Amma inkişaf etmiş qərb dövlətlərində mitinqlər, etirazlar, nümayişlər bir həyat tərzidir. Burada qarşıdurmalar da olur. Amma bunlar xaos deyil. Məhz həmin aksiyaların, qarşıdrumaların hesabına o dövlətlər böyük iqtisadi qüdrətə sahibdirlər. O ölkələr güclüdür, orada hüququn aliliyi var, vətəndaşlar firəvan yaşayır”, – deyə Yaqublu qeyd edib.

Bu gün, yanvarın 15-dən jurnalist Xədicə İsmayıl da aclıq aksiyasına qoşulub. O, bildirib ki, aclığı su qəbul etməklə tələbləri yerinə yetirilənədək davam etdirəcək.

“Tələbim, ilk növbədə, həbs müddətləri başa çatmasına az qalmış yenidən şərlənərək həbsə atılan siyasi məhbusların azadlığa buraxılmasıdır. Ümumiyyətlə, bütün siyasi məhbusların, ifadə azadlığına görə həbs olunmuş bütün şəxslərin azadlığa buraxılmasını tələb edirəm. Hökumətdən həm də tələb edirəm ki, bütün siyasi məhbusların işi üzrə müstəqil vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılmış qurum fəaliyyətə başlasın və onların işini yenidən araşdırsın”, deyə o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri yanvarın 2-dən aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Yanvarın 13-də hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan 9 nəfər həbsxanalarda aclığa başladığı bildirilir.

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb.

Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Yanvarın 17-də Avropa Parlamentində, yanvarın 21-də isə Avropa Şurasının Parlament Assambleyasının sessiyasında Mehman Hüseynovla bağlı müzakirə olacaq.

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı, bir qayda olaraq, bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.