”Taleh Bağırzadə həbsxanada havadan və hamamdan məhrum edilib”

İlahiyyatçı ailəsinə sifariş əsasında təzyiqə məruz qaldığını deyib

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə ailə üzvlərinə bildirib ki, saxlandığı Qobustan həbsxanasında ona qarşı təzyiqlər hələ də davam edir. Bu barədə Meydan TV-yə ilahiyyatçının yaxınları məlumat verib.

“Qobustan həbsxanasında saxlanan məhkumların da gündəlik gəzintiyə çıxmaq, hava almaq, yuyunmaq hüququ var. Amma Taleh Bağırzadəni hava, hamam hüququndan da məhrum ediblər. Özü evlə telefon əlaqəsi zamanı bundan şikayətləndi. Təzyiqlərə etiraz olaraq, özünə yetirdiyi xəsarətin yeri yavaş-yavaş sağalır…”, – deyə ilahiyyatçının ailəsindən bildirilib.

Yaxınlarının sözlərinə görə, T.Bağırzadə hesab edir ki, bir aya yaxındır ona qarşı başlanmış yeni təzyiq dalğası xüsusi sifariş əsasında həyata keçirilir:

“Hesab edir ki, bu cür üsullarla onu bezdirmək, təxribata çəkmək istəyirlər”.

Penitensiar Xidmət isə T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edir. Bu qurumdan bildirilib ki, ona qarşı heç bir təzyiq yoxdur, başqa məhkumlar kimi, ona qarşı da qanun çərçivəsində davranılır.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub.

T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.