"Qiyas İbrahimova təzyiqlər var, onu təhqir ediblər, vurmaq istəyiblər"

"Qiyas İbrahimova təzyiqlər var, onu təhqir ediblər, vurmaq istəyiblər"
28 Yanvar 2019
Mətni dəyiş

Nidaçı siyasi məhbus Qiyas İbrahimovun anası Şura Əmiraslanova həbsdə oğluna qarşı təzyiqlərin olduğunu deyir.

Abzas xəbər verir ki, bu barədə Şura Əmiraslanova sosial şəbəkədə məlumat yayıb. Məhbus anasının sözlərinə görə, oğlu ilə bu gün (27 yanvar) baş tutan görüşləri zamanı məlum olub ki, cəzaçəkmə müəssisəsində ona telefon danışmağa icazə verilmir.

"Bu təzyiqlər isə Qiyasın Mehman Hüseynov və digər siyasi məhbuslara dəstək üçün keçirdiyi aclıq aksiyasından sonra başlayıb. Telefonla danışmağına icazə verilmir, Həsən adlı bir nəfər onu təxribata çəkir. Hərtərəfli nəzarətə götürüblər, heç nəyə imkan vermirlər".

Ş.Əmiraslanovanın sözlərinə görə, Qiyas həmişə onların gözü önündə yazırdı, heç nə etmirdilər. Bu gün icazə verməyiblər ki, o, yazdığı məktubu anasına versin. Məktubu məhbusun anasının əlindən alıblar.

"Mən də buna etiraz etdim. Rəisin müavini ilə görüşüm oldu, mənə dedi ki, indiyəcən sizə hörmət edirdik. Mən də dedim ki, heç bir hörmətiniz lazım deyil, biz haqqımızı istəyirik".

"Təhqir olunub, onu vurmaq istəyib"

Qiyas İbrahimovun anası deyir ki, o, aclıq aksiyasını davam etdirdiyi ərəfədə iki dəfə evlə əlaqə saxlamaq istəsə də ona icazə verilməyib və deyilib ki, telefon xarabdır:

"Qiyas da etiraz edib ki, o gələndə başqaları danışırdı, necə olub ki, növbə ona çatanda telefon işləməyib. Əvəzində təhqir olunub, cavab qaytarandan sonra da həmin şəxs Qiyasın ütsünə atılıb onu vurmaq istəyib. Qiyas deyir ki, onu təxribata çəkməyə çalışıblar, istəyiblər ki, aclıq aksiyasını zorla dayandırsın".

Xatırlatma

Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs edilib. Həmin ilin oktyabrın 25-də 10 il müddətinə azadlıqdan məhrum edilib. Külli miqdarda narkotik maddənin dövriyyəsində təqsirli bilinir.

Qiyas İbrahimov Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə “qul bayramınız mübarək” sözləri yazdıqdan sonra saxlanıblar.

Nidaçı fəallar və beynəlxalq təşkilatlar onların məhz heykəl yazdıqlarına görə həbs olunduğunu deyir.

Amnesty International təşkilatı hər iki fəalı vicdan məhbusu kimi tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun