Müxalifət Məhəmməd Əmin Rəsulzadənin 135-ci ildönümünü qeyd edib

Müxalifət Məhəmməd Əmin Rəsulzadənin 135-ci ildönümünü qeyd edib
31 Yanvar 2019
Mətni dəyiş

''Cümhuriyyətdən 100 il sonra Azərbaycanda ailə-klan hakimiyyətinin yaranması utancverici hadisədir''

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yanvarın 31-də anadan olmasının 135-ci ildönümüdür.

Bu münasibətlə bir sıra partiya və təşkilatlar M.Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsi önünə toplaşıblar.

Abidəni ilk ziyarət edənlərdən Demokratik Qüvvələrin Milli Şurası himn oxunuşundan sonra istefa şüarları səsləndirdiyindən ərazidə işıqlar söndürülüb.

İlk çıxış edən AXCP sədri Əli Kərimli Rəsulzadənin 135-ci ildönümünü Azərbaycan xalqı üçün bayram hesab etdiyini bildirib:

“Çar Rusiyası ərazilərimizi işğal edəndə burda 9 xanlıq vardı, sonradan isə Azərbaycan adlı məmləkət doğuldu. Bunun üçün qurucu babalara minnətdarıq. Böyük Rəsulzadə “Milli davamız” adlı məqaləsində təvazökarcasına xüsusi qeyd edirdi ki, Azərbaycan davasında ayrı-ayrı şəxslərin xidmətlərini qabartmaq lazım deyil. Bu, millətin var olmaq, diri olmaq və dövlət olmaq uğrunda mübarizəsidir. Hər kəs bacardığını edirdi”.

Ə.Kərimli vurğulayıb ki, Azərbaycan ideyasının əvvəlcə muxtariyyat, sonra istiqlaliyyat şəklində azərbaycanlılar tərəfindən hamılıqla qəbul edilməsi Azərbaycanın bir dövlət olaraq var olması ilk növbədə Rəsulzadənin və bizim qurucu babalarımızın böyük fəaliyyətinin nəticəsi idi.

“O zaman təhslinin məhdud olduğuna baxmayaraq qurucu babalar bütün Çar Rusiyası ərazisində Azərbaycan davası aparırdılar. Və bu Azərbaycan davası müstəqil Azərbaycanın qurulması ilə nəticələndi. Böyük Rəsulzadənin dediyi kimi üç rəngli bayraq bir dəfə qalxdı, bir daha enməyəcək. Rəsulzadəyə nəyə görə böyük xalq məhəbbəti və birilərinin də qısqanclığı və nifrəti müşahidə olunub? Çünki bu insan öz varlığı ilə intelektuallığın və hərtərəfli fəaliyyətin nümunəsini yaradırdı”.

AXCP sədri qeyd edib ki, o, gənclər dərnəyini yaradanda, ilk məqaləsini yazanda 19 yaşı vardı və bundan başlayan azərbaycan mübarizəsi həyatının sonuna qədər davam etdi.

“Rəsulzadə fədakarlığın örnəyini yaradıb. Bugün məhrumiyyətlər yaşayan bizlərin böyük Rəsulzadənin yanında məhrumiyyətdən danışmağa haqqı yoxdur. O, bütün ailəsini, doğmalarını qurban verdi ki, Azərbaycan var olsun. Bolşeviklər onu axtaranda o, Lahıcda “Əsrimizin Siyavuşu”nu yazırdı. Rəsulzadə Azərbaycanı sevməyin nümunəsidir”.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, millətin gedəcəyi bir yol və hədəfi var, onu da millətin taleyində və tarixində böyük rol oynamış müstəqilliyin banisi Məhəmməd Əmin Rəsulzadə göstərib:

“XX əsrin əvvəllərində Rəsulzadəni Bakı, sonra İran mətbuatının, türk ocaqlarının içərisində görürük. Az sonra İranda müasir mətbuatın əsasını qoydu. Bakıya qayıdıb Milli dirilik fəlsəfəsini yazdı və Azərbaycan müstəqilliyinin ideoloji baxımdan əsasını qoydu. Birinci dünya savaşında “Açıq söz” qəzetində milləti istiqlala çağırdı, müharibə bitənə yaxın, 1918-ci ilin mayında Azərbaycan istiqlala qovuşdu. Amma Rəsulzadə və onun silahdaşlarının qurduğu sistem yalnız Şərq üçün deyildi. 1919-cu ildə Böyük Britaniya Ali Komissarı Cənubi Qafqazda işə başlayanda Bakıya gəlib Rəsulzadə və digər istiqlalçılarla görüşdü. O, Londona yazdığı şifrəli teleqramlarda bəyan edirdi ki, burada elə bir cümhuriyyət bərqərar edilib ki, dünya müharibəsindən sonra Avropada yeni yaranmış dövlətlər üçün bir model ola bilər. Ona görə də bizim cümhuriyyətimiz yalnız Şərq yox, həm də Qərb nümunəsi idi”.

C.Həsənli təəssüflənib ki, cümhuriyyətdən 100 il sonra Azərbaycanda ailə-klan hakimiyyətinin yaranması utancverici hadisədir:

“100 il əvvəl bütün dünyaya cümhuriyyət nümunəsi verən bir ölkənin səsi korrupsiya rüsvayçılığından gəlir. İndi dünyada hansı rüşvət və korrupsiya qalmaqalını axtarırlarsa, Əliyev rejimi onun içərisindən çıxır”.

Müsavat Partiyasının ziyarətində də ərazidə elektrik kəsilib. Ancaq toplantı iştirakçılarının etirazından sonra elektrik verilməsi bərpa olunub.

Tədbirdə qeyd edildi ki, rayonlardan gələn müsavatçıları paytaxta buraxmayıblar.

Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Novxanı kəndinin əhalisinə minnətdarlığını ifadə edəndən sonra bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, türk dünyası və bəşəriyyət qarşısında xidmətləri əvəzsizdir.

“Azərbaycana xidmət etmək istəyən, Qarabağın azad olunmasını, müstəqilliyimizin əbədi olmasını istəyən hər bir insan Müsavat yolunu getməyə məhkumdur. Bu dəyərlərə çatmağın müsavatçılıqdan başqa dəyəri yoxdur. Azərbaycanın xoşbəxtliyi Müsavatla bağlıdır. 1988-ci ildə Elçibəyin liderliyi ilə hərəkata başlayanda o vaxtkı kommunistlər üçrəngli bayrağa və himnə müqavimət göstərməyə çalışsalar da, alınmadı. İndi də himnimizi öyrənməsələr də, eşitməyə, bayrağımızın, gerbimizin altında yaşamağa məhkumdurlar:

“Bugün Rəsulzadənin heykəli yalnız Novxanıdadır, halbuki, ölkənin hər yerində yüzlərlə heykəllər ucaldırlar. 1993-cü ildə onun heykəlinin qoyulması haqda prezident qərar vermişdi. Hazırda həmin heykəl Ömər Eldarovun emalatxanasındadır. Əgər hakimiyyətin pulu yoxdursa, biz millətdən 1 manatdan toplayıb heykəli yerləşdirməyə yer taparıq. Biz həmin yekəlin 25 ildir məhbus qalmasına etiraz edirik. İkinci tələbimiz Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarmaqdır. Yaxud Diplomatiya Akademiyasına ilk diplomatımız Əli Mərdan bəy Topçubaşovun, Kənd Təsərrüfatı Universitetinə Nəsib bəy Yusifbəylinin adı niyə verilməsin?! Rəsulzadəni sevənlər Azərbaycanın firavanlığına nail olacaqlar. Çünki bu yol ləyaqət və qələbə yoludur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, 23 yaşında Rusiya imperiyasında tanınmış şəxs idi, o, Bakı şəhərində Stalinlə, Çaparidze ilə birgə tədbirlərdə çıxışlar edirdi. Rəsulzadə İranda Avropa tipli mətbuatın banisidir.

“O, gənc yaşlarında Səttarxanla, Ziya Göyalpla, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Akçura ilə mükalimələrə girişirdi. Sonradan onun haqlı olduğu üzə çıxdı. Onun ədəbiyyat mövzusunda, Nizami Gəncəvi barədə yazdıqları böyük ədəbiyyatşünas kimi qalmasında kifayət idi. O, hakimiyyətdə də, müxalifətdə də, mühacirətdə də çalışırdı. Bu insan bir generator kimi fəlaiyyət göstərirdi. Ötən əsrin ikinci yarısında Rəsulzadə və silahdaşları dövlət qurdular. Gürcüstanda menşevik, Ermənistanda daşnak dövləti qurulduğu halda, Azərbaycanda yalnız region üçün yox, bütün bəşəriyyət üçün nümunə olacaq azad və insan haqlarına hörmət edən bir dövlət quruldu”.

A.Hacılı xatırladıb ki, biz 1992-ci ildə buna cəhd etdik, amma Azərbaycanın müstəqiliyyini istəməyən xarici qüvvələrin, həm də siyasi müxalifətin hərbi müxalifətə dəstək verməsi prosesi yarımçıq saxladı.

“Bugün bizim istinad nöqtəmiz var, bu, Rəsulzadə və Müsavat məfkurəsidir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun