İlham Əliyev Mehman Hüseynovun işi ilə bağlı tapşırıq verdi

Prezidentin köməkçisi Fuad Ələsgərov prezident İlham Əliyevin bloger Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib.

Bu barədə Fuad Ələsgərov Azərtac-a açıqlamasında deyib. Onun sözlərinə görə, Mehman Hüseynov yanvarın 20-də prezidentinə müraciət edib.

“Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib”.

Köməkçinin sözlərinə görə, yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də prezidentə müraciət ünvanlayıb.

“Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib.

Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib.

Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib”.