HRW: "Azərbaycanda həbs və işgəncə faktları azalmayıb"

HRW: "Azərbaycanda həbs və işgəncə faktları azalmayıb"
17 Yanvar 2019
Mətni dəyiş

"Human Right Watch" beynəlxalq insan haqları təşkilatının 2019-cu il üçün hesabatının giriş məqaləsi “Dünya avtokratları yüksələn müqavimətlə üzləşirlər” adlanır.

Təşkilatın icraçı direktoru Kenneth Roth yazır ki, “hazırda ümumən insan haqları üçün qaranlıq dövrdür”.

"Lakin dünya avtokratları xəbər başlıqlarını zəbt etsələr də, onlara qarşı insan haqları fəallarının müqaviməti də güclənir".

Azadlıq Radiosunun məlumatına görə, hesabatda yazılır ki, dünya avtokratları xəbər başlıqlarını zəbt etsələr də, onlara qarşı insan haqları fəallarının müqaviməti də güclənir.

Qeyd olunur ki, hətta Qərbin oturuşmuş demokratiyaları da populist avtokratların qarşısında kövrək olduqlarını nümayiş etdiriblər.

Hesabat müəlliflərinin fikrincə, ötən il avtokratiyaya qarşı mübarizəyə dəydiyini bir daha nümayiş etdirib:

“Avropanın ən yüksək hökumətlərarası insan haqları qurumu – Avropa Şurası Azərbaycanın avtoritar hakimiyyətinin AŞPA üzvlərini təsirləndirmək cəhdlərini dəf edib”.

Bildirilir ki, Avropa Şurasının apardığı təhqiqat, Azərbaycan hakimiyyətinin qanunsuz lobbiçiliyi nəticəsində bəzi AŞPA üzvlərinin “güclü şübhə doğuran korrupsiya təbiətli hərəkətlərini” üzə çıxarıb.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda insan haqlarının bərbad vəziyyətində yaxşılaşma baş verməyib:

“Ötən ilin aprelində İlham Əliyev beynəlxalq müşahidəçilərin rəqabətsiz hesab etdikləri və “siyasi mühitin məhdudlaşdırılması və təməl haqq və azadlıqların sıxışdırılması” mühitində keçirilmiş seçkidə dördüncü müddətə prezident seçilib”.

Hesabatda deyilir ki, Azərbaycanda azı 43 insan haqları fəalı, jurnalist, siyasi və dini fəal qanunsuz məhbusluqda qalıb, onlarca başqaları kriminal ittihamlarla saxlanıb, səfər qadağanları ilə üzləşib.

Sənəddə deyilir ki, Azərbaycanda başqa insan haqları problemlərinə sistematik işgəncələr, vəkillərin fəaliyyətinə qanunsuz müdaxilə və media azadlığının məhdudlaşdırılması daxildir:

“Azərbaycanın beynəlxalq partnyorları onun insan haqları pozuntularını tənqid etsələr də, ölkə ilə münasibətlərin yaxşılaşdırılması üçün insan haqlarını şərt olaraq qoymayıblar”.

Hesabata görə, Azərbaycan hakimiyyəti bir sıra siyasi fəalları həbsxanadan azad etsə də, başqa tənqidçilərini siyasi motivli ittihamlarla məhbus edib:

“Azərbaycan hökuməti tanınmış siyasi fəal İlqar Məmmədovu avqust ayında azad edib, lakin o buna qədər artıq 5 ildən çox müddətdə həbsxanada saxlanmış, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına məhəl qoyulmamışdı. Bununla əlaqədar Avropa Şurasının Nazirlər Kabineti Azərbaycan hökumətinə qarşı misli görünməmiş hüquqi prosesə başlamışdı.

Hesabatda müxalifətçi Elnur Fərəcovdan da söz açılır. Qeyd olunur ki, Fərəcov ötən may ayında prezident amnistiyası ilə azadlığa çıxsa da, az sonra xərçəng xəstəliyindən vəfat edib. Həbsxanada olarkən ona adekvat tibbi xidmət göstərilməsindən imtina edilmişdi.

Sənəddə müxalifət partiyalarının liderlərinə qarşı repressiyalardan da söz açılır:

Ötən ilin yanvarında AXCP sədrinin müavini Gözəl Bayramlı saxta ittihamlarla üç il müddətinə azadlıqdan məhrum edilib. Sentyabr ayında AXCP-nin daha bir aparıcı üzvü – Orxan Baxışlı saxta narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum olunub. Sentyabr ayında AXCP sədrinin müşaviri Məmməd İbrahim saxta xuliqanlıq ittihamları ilə məhkum olunduğu üçillik həbsxana cəzasının bitdiyi gün ona qarşı daha bir qondarma ittiham irəli sürülüb.

Fuad Əhmədli, Fuad Qəhrəmanlı və Murad Adilov da daxil daha 9 AXCP üzvü həbsxanada qalmaqda davam edirlər.

Hesabatda Müsəlman Birliyi təşkilatının 17 üzvünün müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsi əksini tapıb.

Həm də ötən ilin mayında Müsavat Partiyasının fəal üzvü Əlikram Xurşudov saxta xuliqanlıq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib.

Gənc fəallar İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Qiyas İbrahimov, Bayram Məmmədov da siyasi motivli ittihamlarla həbsxana cəzası çəkməkdə davam edirlər.

Hesabatda bildirilir ki, hökumət öz tənqidçilərini cəzalandırmaq üçün məhkəməyə qədər 30 gün müddətinədək saxlanmadan fəal istifadə edir. Sənəddə habelə jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, satirik şair Tofiq Həsənlinin həbsxana cəzası çəkməsindən bəhs edilir.

“Human Right Watch” təşkilatının hesabatında bir neçə internet xəbər saytlarının məhkəmə qərarı ilə bloklanmasından söz açılır:

“Bu saytlar ötən iyulda Gəncədə icra başçısının həyatına sui-qəsd barədə yazdıqlarına görə bloklanıblar.

Hesabatda Azərbaycan Ədliyyəsinin insan haqları sahəsində çalışan vəkillərin üzərinə təzyiqinin artmasından da bəhs olunur: Əsabəli Mustafayev və Nemət Kərimlinin, habelə Fəxrəddin Mehdiyevin lisenziyalarının ləğv olunduğu bildirilir. Eyni repressiyalara vəkillər İradə Cavadova və Yalçın İmanov da məruz qoyulublar. Bir neçə tanınmış siyasi məhbusu müdafiə edən Vəkil Fuad Ağayevə xəbərdarlıq edilib.

Hesabatda həm də bildirilir ki, Azərbaycanın təcridxana və həbsxanalarında saxlananlara və məhbuslara işgəncələr verilməsi, işgəncə verənlər barədə şikayətlərin araşdırılmaması və onların cəzalandırılmaması, hökumət tənqidçilərinin oğurlanması və onlara günlərlə vəkillə görüşmək imkanı verilməməsi halları endemik xarakter alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun