Böyük günahkarların böyük müqəddəslərə çevrilməsi haqqında

Böyük günahkarların böyük müqəddəslərə çevrilməsi haqqında
13 Yanvar 2019
Mətni dəyiş
Bədii-fəlsəfi esse

"Mübarizədə məğlub duruma düşənlərin məğlubiyyətin gerçək səbəbləri barədə həqiqəti söyləməsi də cəsarət tələb edir". 

Bertolt Brext

Səhər yuxudan tez qalxmağın ancaq faydasını görmüşəm. “İnsan  saat ona qədər gün ərzində görməli olduğu işlərin yarısını görməlidir.” - bu sözün müəllifinin kim olduğunu unutmuşam. Hansısa məşhur sənət adamının müsahibəsində oxumuşdum.  Burda fürsətdən istifadə edib bildirmək istəyirəm ki, bəndənizdə son vaxtlar ciddi yaddaş pozğunluğu yaranıbdır. Hər zaman yaddaşımın güclülüyü barəsində müxtəlif adamlardan təriflər eşitmişəm. Bu təriflərin nəticəsində  özüm də yaddaşımın güclü olduğuna inanmağa başlamışdım. Heç vaxt ağlıma gəlməzdi ki, məndə yaddaş pozğunluğu əmələ gələ bilər. “Unutmuşam”, “yadımdan çıxıb” sözləri əvvəllər ən az istifadə etdiyim sözlər idi, son vaxtlar bu sözlərdən tez-tez istifadə etməyə məcbur oluram. Gör həyat adamla necə oyunlar oynayır, həyat adamın başına nə oyunlar açır! Bu nədir axı? Niyə belə olsun ? Həmişə nəsə düz gəlmir, həmişə nəsə çatışmır. Neynək, belə alındı, nə etmək olar?

Digər tərəfdən baxdıqda  bütün əlamətdar günlərin və bayramların bir insan  üçün əhəmmiyyətinin itdiyi, nəinki əhəmiyyətinin itdiyi, əlamətdar günlərin və bayramların  ağır yükə çevrildiyi bir vaxtda yaddaş pozğunluğunun yaranması o qədər də faciəvi görünmür.

***

Başa düşə bilmədiyim, başa düşməkdə çətinlik çəkdiyim beş-altı söz varsa, onlardan biri də “yuxudan oyana bilmədim”, “yatıb qaldım” sözləridir. Heç vaxt yuxudan oyanmaq problemim olmayıb. Bədənimin əlindən alınan yuxuya  heç vaxt yas saxlamamışam.  Baxçaya gedəndə, orta  məktəbdə, hərbi məktəbdə, universitetdə oxuyanda...

Hər gün baxçaya ağlaya-ağlaya gələn uşaqları görəndə təəccüblənirdim. Ağlamaqla vəziyyətin dəyişməyəcəyini bilə-bilə hər gün ağlamaq onları bezdirmirdi, hər gün ağlamaqdan yorulmurdular. Əgər baxçaya oynaya–oynaya, sevinə-sevinə getdiyimi desəm, bu, ağ yalan olar.  Səhər yuxudan oyananda, geyinəndə dodaq büzmək, üz turşutmaq, sifət sallamaq, “bunu yemirəm”, “bunu yemək istəmirəm” demək, açıq şəkildə narazılıq etmək, baxçaya çatanda ağlamaq və yaxud ərzaq mağazasına, univermağa girəndə konfetə, irisə, şokolada tərəf cummaq,  nəinki cummaq, hətta əlini o istiqamətə uzatmaq, hansısa geyimi, oyuncağı göstərərək  “bunu mənə mütləq almalısınız“ janrında ultimatumlar vermək, ayağını yerə çırpıb qışqırmaq, anqırmaq, zarımaq, yerlə sürünmək sadəcə qadağan idi. Vəssalam.  Sakit bir şəkildə istəyini, arzunu bildirə bilərdin. Ciddi qadağalara baxmayaraq  ədalət naminə mütləq qeyd etməliyəm ki,  yaşıdlarımın çoxundan   (o dövrün normalarını nəzərə alaraq)   daha yaxşı təmin olunurdum.   Bunu görürdüm və qiymətləndirirdim. Əgər səni imkanlar çərçivəsində yaxşı geyindirirlərsə, imkanlar çərçivəsində yaxşı qidalandırırlarsa, imkanlar çərçivəsində arzularını, istəklərini həyata keçirirlərsə,  ultimatumla danışmağın, “bunu mənə mütləq almalısınız” deyərək müxtəlif üsullarla böyükləri şantaj etməyin nə mənası var? Futbol şərhçilərinin təbirincə desəm, bu, tərtəmiz tərbiyəsizlikdir, bu, tərtəmiz vicdansızlıqdır.

İstər uşaq olsun, istərsə də böyük, ümumiyyətlə, insanda vicdan yaxşı şeydir. İnsan hər bir yaş dövründə arzularla imkanların sərhədini müəyyən etməyi bacarmalıdır. Bir də görürsən, uşaq ailənin maddi vəziyyətini heç nəzərə almır, heç bir izahı, şərhi qəbul etmir,  iki ayağını bir başmağa soxub deyir ki, bunu mənə mütləq almalısınız, bunu mənə mütləq etməlisiniz. Şəxsən mən uşağın hər cür nazıyla oynayan adamları gördükdə əsəbiləşirəm. Uşaq ağını çıxardanda qətiyyətlə “olmaz” sözünü deyib ağzının üstündən yüngülvari bir şillə vurmaq  lazımdır. Gördün başa düşmür, yaxasından tutub tullayırsan bayıra. Bilirəm, asan deyil.  Olduqca çətindir. Amma nə etməli, həyatın elə sahələri var ki, həmin sahələrdə axırda olacaq hadisənin əvvəldə olması daha münasibdir...

***

Səhər yuxudan oyananda (üzünüzə  xeyirli səhərlər açılsın) bütün şəhəri sirli, əlinə bıçaq götürüb tort kimi doğraya biləcəyin qatı  dumana büründüyünü gördüm. Şəhərin qatı dumana büründüyünü gördükdə ürəyim bir kasa qaynar  xarço yeməyi, bir az araq içməyi tələb etdi.  Havanın təsiri nəticəsində ürəyim hansısa yeməyi tələb edirsə, həmin tələbi çalışıb yerinə yetirməliyəm. Ürəyimin tələbini yerinə yetirmədikdə peşman oluram.  Bunu təcrübədən bilməkdəyəm.

Çoxdan müştərisi olduğum, 24 saat xidmət göstərən restorana getdim. Bu restoranda indi menecer işləyən qızı on ildən artıqdır tanıyıram. Əvvəllər ofisiant işləyirdi,  sonralar menecer oldu. Arıq, nərmənazik bir qız idi, indi kökəlib, enlənib...

İnsan öz bədənində, sifətində gedən dəyişiklikəri görməkdə çətinlik çəkir, lakin çoxdan tanıdığın adamların sifətində, bədənində baş verən dəyişiklikləri gördükdə istər-istəməz düşünməyə məcbur olursan; onlar bu qədər dəyişiblərsə, indi gör mən nə qədər dəyişmişəm. Bu haqda müxtəlif yazıçılar çox yazıblar, təzə söhbət deyil.

Əvvəlcədən nəzərdə tutduğum kimi bir kasa xarço, iki yüz qram Absolut arağı sifariş verdim.

Qaynar xarçonu yedikcə, arağı yavaş-yavaş içdikcə sevincdən gözlərim yaşarırdı, o qədər həzz alırdım ki, bunu sözlə ifadə etmək əsla mümkün deyil.

Restoranla küçəni dar bir səki ayırır. Adamlar bu dar  səkidə üz-üzə gəldikdə kənara çəkilib bir-birinə yol verməli olurlar. Pəncərəyə yaxın stolda oturmuşdum və restoranın pəncərəsindən küçədəki həyatın adi ritmini müşahidə edirdim. Küçədə isə adi günlərdə nə baş verməli idisə, o da baş verirdi. Məktəblilər məktəbə, böyüklər işə tələsir, mağazalar yavaş-yavaş açılır, küçə itəri zibil yeşiklərinin ətrafında vurnuxub  yeməyə nəsə axtarırdılar. Nə vaxtsa küləyin uçurduğu salafan  paketlər ağacların budaqlarına ilişib qalmışdılar.  Beli bükülmüş, allah bilir neçə yaşı olan qoca bir kişi adamın ürəyini sıxan, asta, ehtiyatlı addımlarla küçənin yuxarısından aşağısına doğru gedirdi.  Səhər tezdən bunun nə işi var küçədə?  Niyə gedib yatmır? Bu qədər yaşayıb belə acnacaqlı vəziyyətə düşmək də bir iş deyil.  Hələ yekə “görəsən necə yaşayıb” sualı da var.  Beli bükülmüş qoca kişi o qədər asta, o qədər ehtiyatla yeriyirdi ki, küçədə istənilən adamın yerişi onun yerişi ilə müqayisədə gücün və sağlamlığın mücəssəməsi kimi görünürdü. Adamda elə təsssürat yaranırdı ki, onun yerişi heç vaxt qurtarmayacaq, illərlə davam edəcək . Aydın məsələdir, bu qədər yaşayıb belə acınacaqlı vəziyyətə düşməyin heç bir mənası yoxdu və qocalıb bu hala düşmək ədəbsizlik kimi qəbul olunmalı, hansısa bir formada qadağan edilməlidir .

Məndən üç stol aralıda yekəbaş, fındıqburun, pələqulaq, təxminən əlli-əlli beş yaşlı, kürən bir kişi oturmuşdu. Pivə içə-içə stolun üstünə sərdiyi xəritəyə baxırdı. Çox güman, yerli adam deyildi, turist idi. Ofisiant bu kişinin qabağına boşqabda yumurtalar qoydu. Kişi yumurtaları gördükdə tez xəritəni stolun üstündən yığışdırdı və əlini əlinə sürtdü.  Boşqabdakı yumurtaları saya bilmədim.  Amma yumurtaların sayı altıdan çox olardı ki,  az olmazdı. Yekəbaş, fındıqburun, pələqulaq kişi qabığını səliqə ilə soyduğu yumurtaları duzlayıb, istiotlayıb  qırmızı dilinin üstünə qoyaraq həb kimi bir göz qırpımında udurdu. Həyatımda bu tərzdə yumurta yeyən adam görməmişdim. Sanki o yumurta yemirdi, hansısa dini  ayini yerinə yetirirdi. Kişi yumurtaları udduqdan sonra cibindən sarı rəngli əl dəsmalı çıxarıb səs-küylə burnunu sildi.

İnsan, doğrudan da, mürəkkəb məxluqdur. Harda, hansı şəraitdə nə barədə düşünəcəyini, harda, hansı şəraitdə nəyi xatırlayacağını əvvəlcədən bilə bilməzsən. Məntiqlə götürsək, bütün şəhəri  sirli , qatı duman bürüdüyü həmin səhər ürəyimin tələbi ilə qaynar xarço yeyə-yeyə, yavaş-yavaş  araq içə-içə, küçədəki həyatın adi ritmini müşahidə edə-edə həyatımda baş vermiş əhəmiyyətli, təsirli  bir hadisəni xatırlamalı, ya da ciddi bir mövzu ətrafında düşüncələrə qərq olmalı idim.  Lakin  nə qədər qəribə olsa da, həmin anlar gəlin-qayınana mövzusu barədə düşünürdüm. Nə üçün? Axı bu mövzu barəsində düşünmək üçün heç bir səbəb, heç bir işarə yox  idi. Hardan gəlib girdi bu mövzu başıma?

***

Bu fani həyatda zülmlə, məşəqqətlə çəkiləsi beş-altı dərd varsa, o dərdlərdən biri də qayınananın gəlindən daha qəşəng, daha zövqlü, daha təmizkar, mətbəx işlərində daha bacarıqlı olmasıdır.  Bu sahələrdən birində qayınana gəlindən üstün oldusa, birincinin həyatı cəhənnəmə çevrilir. Dəyəsən elə ikincinin də...

Biri var adamın başından həftədə, ayda, ildə  bir dəfə tüstü çıxa, biri də var  adam gün boyu, ay boyu, il boyu dayanmadan tüstülənə. Bunlar ayrı-ayrı şeylərdir. Əgər qayınana gəlindən qəşəngdirsə, zövqlüdürsə, təmizkardırsa, mətbəx işlərində bacarıqlıdırsa, gün boyu, ay boyu, il  boyu onun başından tüstü çıxacaq. Bir daha qeyd edim ki, bu dörd sahənin hamısında qayınananın gəlindən üstün olması heç də vacib deyildir, bu dörd sahədən birində qayınananın gəlindən üstün olması kifayət edir. Göründüyü kimi vəziyyət çox mürəkkəb, qəliz, qarışıq və  qorxuludur.

Görəsən, bu gəlin-qayınana mövzusu niyə hər zaman belə aktualdır, niyə bu mövzu bitib tükənmək bilmir. Nədən, nə üçün  bu barədə yazmağa ehtiyac yaransın? Bu amansız rəqabətin, bu amansız müharibənin səbəbi nədir? Onlar nəyi bölə bilmirlər? Bəlkə onlar bir-birini çox yaxşı tanıyırlar və bizim görə bilmədiyimiz saxtakarlığı, süniliyi bir-birlərində asanlıqla gördüklərinə  görə bir-birlərinə qarşı belə amansızdırlar.

Bəzən bir qadın başqa qadını nəzərdə tutaraq qətiyyətlə deyir; “bilirsən, o ifritədə nələr var?...” Baxırsan ki, qətiyyətlə ifritə adlandırdığı  gülərüz, şirindilli bir qızdır. Zahirən ifritəlikdən əsər-əlamət yoxdur. Deyirsən ayıbdır, xalxın qızına şər atma, Allahdan qorx, bəndədən utan. Amma zaman keçir, doğrudan da, gülərüz, şirindilli qız ifritəliyin necə olursa, nümayiş etdirir. Bu cürə hallarda  təbiətin onlara  bizim görə bilmədiyimiz sünilikləri, saxtakarlıqları görə bilmək bacarığı verdiyinə  inanmaq məcburiyyətində qalırsan.

Daha ağır vəziyyət var. Bəzən şirindilli, gülərüz qız ifritəliyini zahirən heç vaxt nümayiş etdirmir. İfritəliyini dərinliklərdə gizlədərək mələk kimi görünmək onun həyatının ayrılmaz bir parçasına çevrilir, enerjisi tükənmək bilmir, ifşa olunmur, axıra qədər oynayır. Bu cür mahir oyunçular  onu ifritəlikdə ittiham edənlərə böyük əzab-əziyyət verirlər. Bu, daha amansız bir müharibədir. Bir tərəf enerjisi tükənmədən mələk rolunu nə qədər oynasa da, o biri tərəf də eyni sözləri israrla təkrar etməkdən yorulmur; “bilirsən, o ifritədə nələr var?...”

Kim nə edirsə, bu və ya digər formada qarşısına çıxır. Bir qadın tanıyırdım, həyasızın biri idi. Ona heç nə başa salmaq, nəsə izah etmək mümkün deyildi. Hər bir məsələdə özünü haqlı hesab edirdi. Bütün qonşuların canını boğazına yığmışdı. Həyasız adamla çətindi. İndi yazacam, inanmayacaqsınız, iki ailə bu qadının əlindən evlərini satıb başqa yerə köçmüşdülər. Bu qadının oğlu gedib həyasız bir qız aldı. Düz deyirmişlər, dinsizin öhdəsindən imansız gələr. Bu həyasız qız bu həyasız qadına elə od qoydu ki, bu vaxta qədər qadının əlindən zülm çəkən adamların  ürəyindən çoxlu tikanlar çıxdı. Bu həyasız qız həyasız qadına nəvəsini qucağına alıb oynatmağı qadağan etmişdi. Qadın qıraqda dayanib uşağa baxırdı, nəvəsini qucağına alıb oynatmağa ixtiyarı yox idi. Belə bir acınacaqlı vəziyyət yaranmışdı.

Xülaseyi-kəlam, kim nə edirsə, özünə edir. “Yaxşılıq edən də özünə edir, pislik edən də” sözü nə qədər sadə görünsə də, əslində olduqca dərin mənalı sözdür.

Belə də ki, çalışıb həyatı olduğu kimi qəbul etmək lazımdır. Bir qız bir qadının böyütdüyü oğlanı oğurlayır, sonra illər keçir, başqa bir qız da onun böyütdüyü oğlanı çırpışdırır. Oğurlamaq, çıpışdırmaq, böyütmək formaları dəyişə bilər, dəyişməlidir də, həyatımıza təzə nələrsə daxil olur, nələrsə həyatımızdan silinib gedir, xatirəyə, arxaizmə, antikvara çevrilir, məsələn, keçmişin uşaq əskilərini pamperslər əvəz edir,  amma  ümumilikdə prosesin mahiyyəti ciddi dəyişmir. Həyatımıza daxil olan yeniliklər prosesi nə qədər yumşaltsa da,  bir qadın intellekti, ictimai statusu ilə ibtidailikdən nə qədər uzaq görünməyə çalışsa da, məsələ gəlin-qaynana müstəvisinə gəlib çatanda, qadın intellektini, ictimai statusunu unudaraq özün buraxır və sürətlə ibtidailiyə qayıdır.

 Qadınlar bir az təmkinli olsalar, əslində bu  proses onlar üçün müdriklik məktəbinə çevrilə bilər. Bir qadının böyütdüyü oğlanı bir qız oğurlayanda qadın mütləq xatırlamalıdır ki,  bir vaxt o da  başqa qadının böyütdüyü oğlanı oğurlamışdı. Bəli, mütləq xatırlamalıdır, dözməlidir, bir zamanlar  “üstünlüyündən” sui-istifadə etdiyinə görə  vicdan əzabı çəkməlidir, keçmişdə etdiyi pis hərəkətlər  indi onu savab işlər görməyə vadar etməlidir. Gözəl deyilmi? Məncə çox gözəldir. Herman Hesse deyirdi ki, ən böyük müqəddəslər ən böyük günahkarlardır. Yəni etdiyin günahları nə qədər çox dərindən dərk edib, nə qədər çox vicdan əzabı çəksən, bir o qədər müqəddəsləşəcəksən. Günəşi küləş kimi başa düşməyə adət etmişlər üçün xüsusi olaraq qeyd edək ki, hər günahkar müqəddəs ola bilməz. Söhbət burda günahını dərk edənlərdən, vicdan əzabı çəkənlərdən gedir.

 Bir qədim atalar sözünü də unutmaq lazım deyil: “A...q verən əmcək verəndən şirindir”.  Belə olub, belədir, belə də olacaq. İstisnalar olub, istisnalar var, istisnalar olacaq, amma ümumilikdə vəziyyət budur. Joze Saramaqonın təbirincə desək, zatən istisnalar normanı, ümumi vəziyyəti təsdiq edir. Bu isə artıq ayrı mövzudur. Ehtiyac yaransa, bu barədə də ayrıca yazı yaza bilərəm. İşimizin-gücümüzün adı nədir? Boş-bekar, avara adamlarıq.  Əsas odur ölkədə sabitlik olsun.

Seymur Baycan 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun