“AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işində şahid dindirilib

“AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işində şahid dindirilib
30 Yanvar 2019
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" adlanan iş üzrə proses davam edir.

Məhkəmə qarşısında üç fəal - partiya Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon şöbəsinin rəhbəri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli, həmçinin sahibkar Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli dayanıb.

2018-ci il mayın 26-da Baş Prokurorluq onların AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" ittihamı ilə həbs olunduğunu bildirib. Həbs olunanlar qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və s.ittiham olunublar.

AXCP qanunsuz maliyyələşmə ittihamını rədd edib. Həbs olunanlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar.

Yanvarın 29-da proses şahid ifadələrinin dinlənilməsinə başlanılıb. Zalda ABŞ səfirliyinin nümayəndəsi və RF səfirliyinin konsul şöbəsinin müşaviri Vladimir Timoşenko iştirak edib.

Şahid Tural Mehdixanov bildirib ki, 2016-cı ildən başlayaraq RF-dən Bakıya pul köçürüb. 2016-cı idə müttəhim Vidadi Rüstəmliyə 4 min dollar, 2017-ci ildə 4 min dollar və 175 min diollar verib.

V.Rüstəmli deyib ki, 175 min dollar ona ev almaq üçün göndərilib.

Müdafiə tərəfinin suallarını cavablandıran T.Mehdixanov etiraf edib ki, istintaqın əvvəlində müttəhim qismində cəlb olunub.

Digər üş şahid - Elçin Əsgərbəyli, Cavid Məsinli və Cavanşir Abuşov Rusiyada kiçik bizneslə məşğul olduqlarını bildiriblər. Onlar ifadə veriblər ki, bir neçə dəfə mobil telefon vasitəsilə Rusiya "Sberbank"ında hesaba 1000-3000 (20-60 manat) pul köçürüblər.

"Ramazan ayı idi, öz əməkhaqqımdan siyasi məhbus ailələrinə kömək üçün 3000 rubl pul köçürdüm", - C. Məsinli deyib.

C. Abuşov isə 5 ay ərzində hər dəfə 1000 rubl (20-22 manat) olmaqla yardım etdiyini deyib.

Məhkəmə iclasından sonra AXCP sədri Əli Kərimli jurnalistlərə bildirib ki, proses hakimiyyətin ifşası ilə nəticələnir.

"Bu şəxslərə çirkli pulların yuyulması ilə ittiham irəli sürülüb. Guya çirkli pulların bankdan kənar vasitələrlə daşınması baş verib. Bu işlə məşğul olan adam bu gün məhkəmədə ifadə verdi ki,onun işi məhz budur. "Mənə Rusiyadan deyirdilər ki, kimə isə pul çatdır, mən də aparıb ona nağd şəklində pul çatdırırdım". Bu işlə məşğul olan adam şahid kimi ifadə verir, hansı ki peşəkar olaraq neçə illərdir ki, Moskvadan Bakıya qeyri-qanuni pul köçürmələri edir. Pul köçürmələrini həyata keçirən adam azadlıqdadır, amma ondan burada öz halal pulunu alan adam həbsdədir", - Ə.Kərimli deyib.

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun