Avropa Parlamenti Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir

Avropa Parlamenti Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir
17 Yanvar 2019
Mətni dəyiş

Avropa Parlamenti bloqer Mehman Hüseynovun işi ilə bağlı qətnaməni böyük səs çoxluğu ilə qəbul edib.

"Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı Qətnamə" üzrə səsvermə bu gün – yanvarın 17-də keçirilib.

AzadlıqRadiosunun məlumatına görə, qətnamədə Azərbaycan hökuməti M.Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılır.

Həmçinin, Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və siyasi məhbus sayılan bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad olması istənir.

Qətnamənin müzakirəsi zamanı Avropa Parlamentinin deputatları Azərbaycan hökumətini korrupsiya, insan haqları, Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklər əməl edilməməsi ilə bağlı tənqid ediblər.

Parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord hətta Azərbaycan prezidenti və nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib:

"Avropa Birliyi Azərbaycana dair mövqeyini daha da gücləndirməlidir. Bu ölkədə vətəndaş cəmiyyətinə hədsiz düşmənçilik mühiti var, bəzi ictimai təşkilatlar bağlanıb. Müstəqil səslər ya həbs olunur, ya da mühacirətə məcbur edilir... Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyi (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər".

Ticarət üzrə Avropa komissarı Sesiliya Malmström isə çıxışında deyib ki, Brüssel M.Hüseynovun işi üzrə Bakı ilə daimi dialoq aparır və fevralın 5-də məsləhətləşmələr Bakıda davam etdiriləcək:

"Azərbaycanla siyasi dialoq zamanı qanunun aliliyi, insan haqlarına hörmət və fundamental azadlıq məsələləri prioritet olub. Hazırda Azərbaycan və AB arasında müzakirə edilən yeni razılaşmada da demokratik islahatlar, qanunun aliliyi, effektiv idarəetmə, insan haqlarına hörmət məsələləri yer alacaq. Biz inanırıq ki, yalnız dialoq vasitəsilə bu məsələlər müzakirə və həll edilə bilər. Yalnız bu yolla, qarşılıqlı şəkildə etibar və əlaqələrlə Azərbaycanda bu dəyərlərin qorunmasına nail ola bilərik".

Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında yeni sazişin mühümlüyü bir daha vurğulanır. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi yeni sazişin özəyini təşkil etməlidir.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. Azadlığa çıxmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. O, cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla onun cəza müddəti daha 7 uzana bilər.

Hüquq müdafiəçiləri ölkədə M.Hüseynov da daxil 150 civarında siyasi məhbusun olduğunu deyirlər.

Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Avropa Parlamentinə 'Azərbaycanda insan haqlarının pozulması'na dair qətnamə layihəsi təqdim olunub

Avropa Parlamenti bloqqer Mehman Hüseynovun işi ilə bağlı qətnamə layihəsi barədə təklifin müzakirəsinə başlamaq niyyətindədir.

“Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsi yanvarın 17-də Bakı vaxtilə saat 15:00 radələrində başlanmalıdır.

Məlumata görə, qətnamə layihəsində Azərbaycan hökumətinə Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunmasına, habelə ona qarşı bütün yeni ittihamlara xitam verilməsinə, habelə ona lazımi peşəkar tibbi yardımın göstərilməsinə çağırış edilir.

Həmçinin, qətnamə layihəsində "Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması" istənir.

Sənəddə siyasi məhbus adlandırılan Əfqan Muxtarlının, İlkin Rüstəmzadənin, Rəşad Ramazanovun, Seymur Həzinin, Qiyas İbrahimovun, Mehman Hüseynovun, Bayram Məmmədovun, Araz Quliyevin, Tofiq Həsənlinin, Elgiz Qəhrəmanovun, Əfqan Sadıqovun adları xüsusi vurğulanır, onlara qarşı da bütün ittihamların ləğvinə çağırış edilir.

Qətnamə layihəsində Azərbaycanda bir sıra tanınmış insan haqları müdafiəçilərinin, jurnalistlərin, müxalifətçi və fəalın son illərdə həbsxanadan azad edilməsi təqdir olunur, lakin bildirilir ki, İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova və başqalarının hərəkət azadlığının məhdudlaşdırılmasına son qoyulmalıdır.

Qətnamə layihəsində Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə əməl etməsinə çağırış edilir.

Bu mənada Avropa İnsan Haqları Məhkəməsi hökmlərinə tam ehtiram göstərilməsi və onların icrası istənir.

Vətəndaş cəmiyyəti qruplarının maliyyələşdirilməsi

Layihədə bu da deyilir ki, Azərbaycan Avropa Şurası Venesiya Komissiyası və insan haqları komissarı ilə əməkdaşlıq etməli, onların tövsiyələrinin icrasına çalışmalıdır.

Bu tövsiyələrdə müstəqil vətəndaş cəmiyyəti qruplarının və fəallarının azad və məhdudiyyətsiz fəaliyyətinin təmin olunmasına və vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinə sərt məhdudiyyətlər qoyan qanunlara düzəliş edilməsinə çağırış edilir.

Qətnamə layihəsi Azərbaycan hakimiyyətini mətbuat və media azadlığına ehtiram göstərməyə çağırır.

Vəkillər Kollegiyasının müstəqilliyi

Sənəddə habelə Vəklillər Kollegiyasının icra hakimiyyətindən müstəqilliyinin təmin olunmasına çağırış edilir və müstəqil vəkillərin fəaliyyətlərinə imkan verilməsi, vəkillərin qanunsuz diskvalifikasiya edilməsinə son qoyulması tələb olunur.

Qətnamə layihəsində habelə Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə, habelə Azərbaycanda insan haqları pozuntularının gizlədilməsi məqsədilə Avropa rəsmilərinə təsir göstərilməsinə dair iddialarla bağlı narahatlıq ifadə olunur.

Avropa İttifaqı-Azərbaycan sazişi

Sənəddə Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin mühümlüyü bir daha vurğulanır, lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi yeni sazişin özəyini təşkil etməlidir.

Bu məqsədlə qətnamə layihəsində Avropa Şurasına, Avropa Komissiyasına Avropa İttifaqı-Azərbaycan münasibətlərində Mehman Hüseynovun və bütün başqa siyasi məhbusların azad olunması məsələsinin prioritet olaraq saxlanmasına çağırış edilir.

Qətnamə layihəsi Avropa İttifaqının və onun üzvü olan ölkələrin Azərbaycandakı nümayəndələrinə siyasi məhbuslara, jurnalistlərə və bloqqerlərə, antikorrupsiya fəallarına, insan haqları müdafiəçilərinə və vətəndaş cəmiyyəti üzvlərinə dəstək səylərini ikiqat artırmaq çağırışı edir.

Layihədə son olaraq bu qətnamənin Avropa Şurasına, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinə, Avropa Komissiyasına, ATƏT-ə, habelə Azərbaycan hökuməti və parlamentinə göndərilməsi rica edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun