Rusiya aeroportuna Fərman Salmanovun adı verilə bilər

Rusiya aeroportuna Fərman Salmanovun adı verilə bilər
6 Dekabr 2018
Mətni dəyiş

Rusiyanın Sibir bölgəsində yerləşən Surqut şəhərinin hava limanına geoloq Fərman Salmanovun adı verilə bilər.

Məşhur azərbaycanlı geoloqa dair belə bir qərar Velikiye İmena Rossiyi (Rusiyanın böyük adları) müsabiqəsinə əsaslanır. Səsvermədə rusiyalılara Surqut şəhəri də daxil 45 aeroportun adını seçmək təklif olunub.

Səslərin 58 faizi Fərman Salmanovun xeyrinə verilib və Surqut şəhəri üzrə səsvermədə onun namizədliyi qalib gəlib.

Bundan başqa, Fərman Salmanovun adının Nijnevartovsk şəhərinə də verilməsi təklif olunur və onun adı 45 faiz səslə irəlidədir.

Ancaq bir namizədin adı yalnız bir aeroporta veriləcəyindən, eləcə də digər iki şəhərdə müsabiqə yekunlaşmadığından ümumi səsvermə nəticələri hələ ki, açıqlanmayıb.

Xantı-Mansi muxtar vilayəti - Yuqra bölgəsi üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri səsvermənin nəticələrini fəxr və qurur hissi ilə qarşıladığını deyib.

"Qurur və məsuliyyət"

"Hər birimiz bundan həm fəxr, həm də qurur hissi keçiririk", - Azad Seyidov BBC News Azərbaycancaya bildirib.

"Bir azərbaycanlı kimi dünya şöhrətli həmvətənimiz Fərman Salmanovun yaşadığı şəhərdə yaşamaq qururla yanaşı məsuliyyət də deməkdir", o deyir.

Müsabiqənin nəticələri dekabrın 4-də, Rusiya Federasiyasının İctimai Palatasında yekunlaşdırılıb və onun nəticələri rəsmi şəkildə yaxın vaxtlarda elan olunmalıdır.

Fərman Salmanov kimdir?

2007-ci ildə vəfat etmiş Fərman Qurban oğlu Salmanov 60-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib.

O, Sosialist əməyi qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru olub. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.

Müsabiqə təşkilatçılarının saytında Fərman Salmanovun xidmətləri tərif olunur: "Onun ilk yaranması ulu babalarımızın baltalarının cingiltisi ilə müşayiət olunub. İkinci dəfə isə şəhər güclü neft fontanlarının uğultusu ilə yaranıb.

1957-ci ilin payızında gənc mühəndis Fərman Salmanovun rəhbərliyi altında neft yataqlarını axtaran geoloji-kəşfiyyat ekspedisiyası Surquta gəlib.

1962-ci ilin 15 noyabrında Qərbi-Surqut neft yatağı kəşf olunur.

"Səslər bölündü"

Azad Seyidovun sözlərinə görə, səsvermənin nəticəsi gözlənilirdi və təbriklər "artıq bir həftədir ki, gəlməkdə idi". Amma o səslərin bölünməsindən təəssüfləndiyini deyir.

"Fərman Salmanova qonşu Nijnevartovsk şəhərində də çox səs verdilər. Buna görə səslər bölündü. Nəticədə dəstək daha da yüksək ola bilərdi. Deyirdim ki, rahatlamaq olmaz. Axıracan davam etdirmək lazımdır. Necə deyərlər "do kontsa!".

Azad Seyidova əsasən belə bir nəticə Fərman Salmanova dərin rəğbətdən xəbər verir.

"Fərman Salmanov şəhərə gələndə mən onun qulluğunda dururdum. O, Surqutu Rusiyanın neft və qaz paytaxtına çevirdi. Onu şəhərin mənəvi atası da adlandırırlar. Fərman Salmanov bəzən isçinin evinə gedib, onun buz dolabını açıb yoxlayardı. İşçilərinə qarşı belə qayğı az bir şey deyil. Ona görə də xatirəsini çox yad edirlər".

Ümumrusiya layihəsi

Surqut şəhəri üzrə müqasibəqədə 75720 nəfər iştirak edib. Səs verənlərin 58 faizi Fərman Salmanovun namizədliyini dəstəkləyib.

Azərbaycanlı geoloqla yanası daha iki namizədə səs verilib: Yermak Timofeyeviç 31, Aleksandr Filipenko isə 10 faizin dəstəyini qazanıb.

Surqutdan başqa, Fərman Salmanovun namizədliyi həmçinin Nijnevartovsk şəhərində də ən çox (45 faiz) səs alıb.

Rusiyanın Böyük Adları layihəsi 50 bölgəni əhatə edib.

Sosial şəbəkə, onlayn, qaynar xətt və anketlər vasitəsilə keçirilən səsverməyə təqribən 5 milyon insanın qatıldığı xəbər verilir.

Onun nəticələri ilə velikiyeimena saytında tanış olmaq olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun