Komikslər - zəmanəmizin superqəhrəmanları

Komikslər - zəmanəmizin superqəhrəmanları
11 Dekabr 2018
Mətni dəyiş

Komikslər lap əvvəldə şəkilli uşaq kitablarının daha təsirli və daha aydın izah edə bilən forması kimi düşünülmüşdü. Qəhrəmanların düşüncələri və hərəkətləri, hətta kiçik xışıltılar, bədən hərəkətlərinin səsi, gülüşlər kiçik dairələrdə (komikslər üçün xarakterik olan mətn guşələrində) verilirdi. İlk vaxtlar komikslər xalq nağıllarının, cizgi filmlərinin kover versiyasını təqdim etsə də, təxminən ötən əsrin 40-cı illərindən sonra komiks yayın evləri və birlikləri yeni qəhrəmanlar yaratmağa başladı. Bu qəhrəmanlar dünyanı xilas etmək üçün super güclərə malik insanlar idi. Diqqət yetirəndə komikslərdəki müsbət və mənfi obrazlar elə şifahi xalq ədəbiyyatlarından, yunan, misir mifologiyalarından, qədim ingilis hekayələrindən təsirlənmə kimi görünür. Daha müasir formada uşaqlara təqdim olunan bu qəhrəmanlar, çox keçmədi ki, böyük populyarlıq qazandı. Komiks cizgilər əsasında filmlər çəkiləndən sonra isə artıq bu nümunələrin izləyici kütləsi uşaqlardan gənclərə, gənclərdən böyük yaşlı insanlara dəyişdi. Dünyanın iki ən böyük komiks filmləri istehsal edən şirkətləri bir-biri ilə rəqabətə girdi: “Marvel” və “DC comics” (Detective Comics).

İlk kütləvi komiks superqəhrəmanları hazırlayan şirkət “DC comics” oldu. “DC” Amerikanın hazırda ən böyük cizgili roman nümunələri yaradan iki şirkətindən biridir. Şirkət 1934-cü ildə Nyu-Yorkda quruldu. 1969-cu ildə isə Varner Bros şirkəti tərəfindən satın alındı. Dünyanın ən məşhur komiks qəhrəmanı Batman (Yarasa adam) obrazı bu şirkətin məhsuludur. Bir neçə seriyası çəkilən filmin komiks kitab kimi rəflərə düzülmə tarixi 1939-cu ildən başlanır. Superqəhrəman ilk uğurlu komiks obrazı oldu desək, yanılmayacağıq. Komiksin digər qəhrəmanları da baş obraz qədər sevildi. Bütün nominasiyalarda uğur əldə edən film böyük büdcə ilə ərsəyə gəlsə də, qazancı da çox oldu. Filmləri əsasən eyni məkanda, eyni prinsiplər üzərində dava edən superqəhrəmanların savaşı burada ön plandadır. “DC” komiks dünyasında ən yaxşı mənfi obrazları yaradıb. Ümumiyyətlə, “Marvel” və “DC”də bütün qəhrəmanların öz həyat hekayələri var ki, bunlar bizə bəzən o obrazlara mənfi deməyə haqq vermir.

“Marvel” günümüzdəki ən məhsuldar və ən maraqlı komiks şirkətidir. Bu komiks yayın şirkəti ilk dəfə öz qəhrəmanlarını 1938-ci ildə “Action comics” dərgisində yayımladı. 1939-cu ildə Nyu-Yorkda Martin Goodman tərəfindən şirkət olaraq yaradıldı və sərbəst fəaliyyət göstərmyə başladı. Hazırda da, “DC”dən fərqli olaraq, “Marvel” kino şirkətləri ilə sadəcə yayım ortaqlığı qəbul edir. Yarandığı gündən tamamilə fərqli bir dünya sərgiləyən komiks şirkəti rəqiblərini geridə qoydu. Səbəb isə daha real və daha bizim dünyamıza yaxın qəhrəmanlar fikirləşmələri idi. Belə ki, bu qəhrəmanların supergücləri qeybdən yaranmır. “Marvel” ssenaristləri kimyəvi təhlillərin və təcrübələrin nəticəsi kimi bu obrazları bizə təqdim edir. yəni belə bir hal mümkün ola bilər deyə bilirik. Yadplanetli döyüşçülərlə savaşa girən Yer kürəsinin qəhrəmanları mübarizənin sonunda qalib gəlirlər. Qədim Xeyir və Şər mübarizəsinin şablon sonluğu bütün “Marvel” komikslərinə xas cəhətdir.

Komikslərə ədəbi janr kimi baxanda bu qəhrəmanlar iki fərqli qalaktika arasında qalan, super gücə malik, insan hisslərinin də daşıyıcısı olan ilk obrazlar idi. Yarı insan, yarı yadplanetli. Ardınca bir-birindən məşhur obrazlar yaratmağa başlayan “Marvel” “Fantastik dördlük”, “X-Man”, “Hörümçək adam”, “Halk” kimi sevilən obrazlarla tamaşaçıların qarşısına çıxdı. 1944-cü ildən bu günə kimi filmləri ilə daxili büdcəsini böyüdə bilən şirkət 2019-cu ildə çəkiləcək filmləri təkcə öz sloqanı ilə təqdim edə biləcək.

Bəs komikslər hansı yaş kateqoriyasına hesablanır?

Öncə qeyd etmək lazımdır ki, ilk vaxtlar bir neçə səhifədən ibarət jurnallarda nəşr olunan komikslər azyaşlı uşaqlar üçün nəzərdə tutlmuşdu. Mövzular siyasiləşdikcə və filmlər nümayiş olunduqdan sonra gənclərin diqqətini daha çox çəkməyə başladı. Dünyada bu cür filmləri daha çox 20-30 yaş arası insanlar izləyir. Bu janrın film sahəsi kitab sahəsindən qat-qat uğurludur. 21-ci əsrdə komiks jurnallar və kitablar bir o qədər maraqla qarşılanmır. Hər il təqdim olunan filmlər isə internet üzərindən “ən çox izlənilənlər” siyahısına başçılıq edir.

Lap qədimdən bütün xalqları düşündürən dünyanın sonu zaman-zaman əhvalatlara çevrilməyə başladı. Mayalıların, Şumerlərin bu barədə kifayət qədər mülahizələri, hekayələri var. Əslində, adını çəkdiyim komikslərə həmin hekayələrin dekonstruksiya olunmuş versiyası kimi baxmaq olar. Dünyanın sonunun təsviri, digər qalaktikaların savaşı, superqəhrəmanların meydana çıxması, bu davaya əngəl olması və bu kimi mənzərələr bu və ya başqa formada qədim nağıllarda var. Nuh əfsanəsinin özü də bu siyahıdadır. Fövqəl bir təhlükə ilə üz-üzə dayanan planetimizi xilas etmək üçün yaradılan superqəhrəmanlar bizdə bir həyəcan, sevinc, maraq yaratsa da, həm də inkar etmək olmaz ki, xüsusən də uşaqlara şiddəti, müharibəni şüuraltı və ya açıq formada təbliğ edir. Bu da komikslərin ən ziyanlı tərəfidir. Və bir də mənfi qəhrəmanlara da vicdanlarında etdikləri qətllərin həllini tapmasına fürsət yaradan ssenaristlər cinayətkarlığı ön plana çəkmiş olur. Müəyyən vaxtlarda bu şirkətlərin filmlərində sifarişli siyasi detalları da görmək mümkündür.

Bugünün reallığı ilə müzakirə etsək, belə qənaətə gəlmək olar ki, ədəbi janr kimi komikslər aktuallığını itirirsə, film sektorunda bu prosesin əksi yaşanır. Komikslər çəkilir və kifayət qədər uğur qazanır. Yaratdıqları superqəhrəmanlarla daha çox yadımızda qalan ssenaristlər isə bu yaxınlarda vəfat edən Stan Li və “Marvel”in qurucusu Martin Qudmandır.  Ekran işlərinə gəldikdə isə Russo qardaşları (Josef Russo və Antoni Russo) tamaşaçı rəğbətini qazananlardandı. Stan Linin ssenariləri əsasında çəkilmiş filmlər əsrin əvvəlindən ta bu günə kimi öz əxlaqi tərəfləri ilə sevilir. Ssenaristi olduğu və özünün də kiçik köməkçi rolları oynadığı kinolar film tarixinin əvəzolunmazlarındandır.

Günümüzdə rəqabətdə olan iki böyük komiks şirkətindən biri - “DC” əvvəlki fəaliyyətini davam etdirə bilməsə də, bu şirkətlərin kino tarixinə bəxş etdikləri rəngarənglik təkzibolunmazdır. Bir medalın iki üzü kimi olan komiks şirkətləri önümüzdəki ildə yeni superqəhrəmanlar haqqında film çəkəcəklərini artıq mediada açıqlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun