Hakimiyyət "Qarabağ" mitinqinə icazə verməkdən imtina edib

Hakimiyyət "Qarabağ" mitinqinə icazə verməkdən imtina edib
11 Dekabr 2018
Mətni dəyiş

Bakı Şəhər İcra Hakimiyyəti "Qarabağ" İctimai Komitəsinin işğal edilmiş ərazilərin azad edilməsi üçün qətiyyətli tədbirlərin görülməsi tələbi ilə dekabrın 15-nə təyin etdiyi mitinqə icazə verməkdən imtina edib.

Şəhər administrasiyasının cavabında deyilir ki, ölkə rəhbərliyi münaqişənin nizamlanması üçün bütün zəruri addımları atır və buna görə mitinq keçirilməsinə ehtiyac yoxdur. Bu barədə "Qarabağ" komitəsindəki mənbə bildirib.

Qurum hakimiyyətin bu dəlillərini əsassız olduğunu və toplaşma azadlığını pozduğunu hesab edir.

Aksiyanın saat 14:00-da Yasamal rayonundakı "Məhsul" stadionunda "Qarabağı azad edək!", "İşğala son!" şüarları ilə keçirilməsi nəzərdə tutulurdu.

Sentyabrın 29-da "Qarabağ" komitəsi artıq belə bir mitinq keçirərək, hakimiyyətdən bu istiqamətdə qətiyyətli tədbirlər görməyi tələb edib. Amma noyabrın 24-nə təyin edilmiş növbəti mitinqə hakimiyyət icazə verməyib.

"Qarabağ" komitəsi bu ilin yayında 17 ictimai təşkilatın - Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Hərəkat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Milli Demokrat Partiyası və digər təşkilatların iştirakı ilə təsis edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun