Deputat: "Artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin"

Deputat: "Artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin"
10 Dekabr 2018
Mətni dəyiş

"2019-cu ildə növbəti bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirik".

Bu sözləri Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bununla bağlı bir neçə dəfə təkliflərini səsləndiriblər. Deputat deyib ki, Milli Məclisin plenar iclaslarında bir necə dəfə bu yöndə danışıblar.

O qeyd edib ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrlə bağlı bəzi islahatlara, daha doğrusu, onlarla əlaqədar Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə ciddi ehtiyac var:

"Bələdiyyələrin nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir"

“Çünki bu gün Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur. Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir".

Deputat deyir ki, belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var?!

"Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Yəni, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir. Artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır".

"Seçkilər vaxtında keçiriləcək"

S.Novruzovun sözlərinə görə, əgər təkliflər reallaşarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər.

"Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq".

Deputat bildirib ki, bələdiyyə seçkiləri vaxtında keçiriləcək. Bu təkliflərin, onun danışdıqlarının seçkilərin vaxtına heç bir aidiyyatı olmadığını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun