Arif Hacılı ABŞ Səfirliyinin müşavirinə təqiblərdən danışıb

Arif Hacılı ABŞ Səfirliyinin müşavirinə təqiblərdən danışıb
4 Dekabr 2018
Mətni dəyiş

ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşündə son günlər partiya ətrafında baş verən hadisələr diqqət mərkəzində olub.

Müsavat Partiyasının məlumatında deyilir ki, dekabrın 3-də keçirilən görüşdə ölkədəki ictimai-siyasi durum, Müsavat Partiyasına artan təzyiqlər müzakirə edilib.

Açıqlamada həmçinin, siyasi mühacir Azad Həsənovun və gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbs edilməsi, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri və “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət işinin açılması ilə bağlı məsələlərdən söhbət açıldığı deyilir.

Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya gəlib və həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb.

Noyabrın 21-də Müsavat Patiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs edilib. O banka olan borcunu vaxtında ödəməməkdə ittiham olunur.

Noyabrın 30-da Bakı şəhər Prokurorluğu Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281-2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-2 (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirlən şəxs qismində ittiham elan edib.

Müsavat Partiyası ittihamları siyasi sifariş hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun