Anamın səsi… [hekayə]

Anamın səsi… [hekayə]
5 Dekabr 2018
Mətni dəyiş

Otağın kimsəsiz küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün uyğun film axtarırdım. Pult üzərində yayğın gəzişmələr edərkən hansısa xəbərlər buraxılışında göstərilən videoçarx diqqətimi cəlb etdi.

Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora belə məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli “Mersedes”in, perpendikulyar istiqamətdən gələn, açıq rəngli digər “Mersedes”ə zərblə dəyməsi səbəb olmuşdu. Kobud müdaxilədən, yəni toqquşmadan sonra,  açıq rəngli avtomobil yolun kənarında, günahkar minik vasitəsi isə yolun ortasında dayanmışdı.

Maşınların içərisindən qorxuqarışıq həyəcanla düşənlər özlərini, sağ-solunu,  qol-qıçlarını yoxlayır, sağ-qalıb qalmamaqlarını ayırd etməyə çalışırdılar.

Lakin, onların arasında bir qadının təlaşla var-gəl etməsi, elə bil itirdiyi hansısa qiymətli əşyanı təcili tapmaq istəmə israrı qəribə təsir bağışlayırdı. Birdən o, bir şeyi qəflətən xatırlayıbmış kimi, hövlanak avtomobilin digər tərəfinə keçdi və arxa qapıdan nəyi isə qucağına götürüb qarşıdakı yolun kənarına adladı. Burada o, qucağında tutduğu ən qiymətli varlığı, salamat qalmış körpəsini bağrına basır, onu duz kimi yalayırdı, sevinc göz yaşları tökürdü.

Pultun düyməsinə yüngülcə toxunmaqla televizoru söndürdüm və otağı qaranlığa qərq etdim. Eyvanla otağı ayıran geniş pəncərəyə yaxınlaşıb, şəhərin gecə mənzərəsinə tamaşa etməyə başladım. Bayaq izlədiyim veriliş, yol qəzası hadısəsi məni diksindirmiş, xatirələri oyatmışdı.

Təxminən 7 yaxud 8 yaşım olardı. Atamın körüm-köhnə  “nolonbir”ində irili-xırdalı, saysız-hesabsız maşınların arasında geniş şəhər magistralı ilə şütüyürdük.

İlin hansı fəsli, yaz, yoxsa payız olduğu dəqiq yadımda deyildi, amma çiskinli bir gün olduğu kəsin idi. Maşında üçümüz idik, sükan arxasında atam, yanında mən, arxada isə anam.

Yadımdadır ki, hiper ehtiyatlı, olduqca diqqətli, qanunpərəst atam maşını bərk sürmürdü. Mən isə, həm valideynlərimin söhbətinə qulaq asır, həm də asta yağmur altında şəhər mənzərəsinin tədricən dəyişməsinə maraqla tamaşa edirdim.

Birdən, qəfləti təkan hiss etdim. Vəlvələdənmi, zəlzələdənmi,  ya köhnə təkərdənmi, ya da islanmış yolun sürüşməsindənmi avtomobil idarəetməni itirdi. Anamın “vay” qışqırığına, atam “heç nə edə bilmirəm, əyləc işləmir, saxlamaq olmur” cavabını verdi .

Əvvəlcə, eyni istiqamətdə və əks yolla  gələn maşınlarla  toqquşmamaq üçün  səkiyə çıxdıq, sonra oradakı piyadaları basıb əzməmək naminə ağaclığın içinə girdik. Qəzayla göz-gözə gəldiyimdə, instinktiv olaraq ölüm qorxusu bütün bədənimi cuğlamışdı. Arxadan anamın ağzı açılıb yumulur, mənə  nə isə deyir, qışqırırdı. Lakin səs heç-cür gəlib mənə çatmırdı. Yalnız özümü, yenə də özümü düşünür, hansı yolla, necə olur-olsun sağ qala bilməyin yollarını fikirləşirdim.

Maşınımız kələ-kötür, xiyabana bənzər yerdə ətalətli ləngərlə sağa-sola buruldu, hansısa çökəyə girib, atılıb- düşdü və ağaca dəyərək dayandı. Maşının ön hissəsi tamam əzilmiş, yararsız hala düşmüşsə də, xoşbəxtlikdən burnumuz belə qanamamışdı.

Həyəcan və qorxu hissləri keçdikdən,  tədricən özümə gəldikdən sonra, anamın qəza anlarında həyəcanla mənə baxaraq qışqırdığı sözlər beynimdə aydınlaşmağa başladı:

 - Oğlum, qapını aç, özünü yerə at, sən sağ qalmalısan.

Bu hadisə göstərir ki, yalnız və yalnız bir varlıq heç bir risqi, təhlükəni göz önünə gətirmədən, fikirləşmədən, düşünmədən övladı üçün hər bir şeyə hazlrdlr. Ölümlə qarşı-qarşıya olarkən  hər bir insan ancaq özünü,   nə yolla olur-olsun sağ qala bilmə ehtimalını, qurtulmasını fikirləşir. Fəqət, yalnız ANAdan başqa.

Vüsal Bağırlı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun