ABŞ neft nəhəngi 'Exxon Mobil' Azərbaycanı tərk etməyə hazırlaşır

ABŞ neft nəhəngi 'Exxon Mobil' Azərbaycanı tərk etməyə hazırlaşır
4 Dekabr 2018
Mətni dəyiş

ABŞ-ın neft nəhəngi "Exxon Mobil" Azərbaycandakı iri neft-qaz layihələrindəki payını saıtb ölkəni tərk etməyə hazırlaşır.

Bu barədə “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır.

Lakin şirkətin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

Məlumatda bildirilir ki, Amerika şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş ABŞ şirkətindən biri olub.

“Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alırdı. Müqavilədə Amerikanın beş şirkəti - “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər.

Agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı oldu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər “Exxon Mobil” Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə “Chevron” tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Reuters bildirir ki, son illər “Exxon Mobil” daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun