Norveç Azərbaycandan niyə getdi? [təhlil]

Norveç Azərbaycandan niyə getdi? [təhlil]
12 Noyabr 2018
Mətni dəyiş

Norveç XİN noyabrın 9-da 1998-ci ilin iyulunda Bakıda diplomatik missiyasının açıldığı gündən etibarən Cənubi Qafqazda krallığın yeganə diplomadik nümayəndəliyi olan Azərbaycandakı səfirliyinin 2019-cu ildən etibarən bağlandığını elan edib. Bu regionda Norveçin diplomatik mərkəzi Gürcüstana köçürülür. Norveç-Azərbaycan münasibətləri Norveçin Ankaradakı səfirliyinin yurisdiksiyasına verilir.

Azərbaycanda, bunu hakimiyyətin adından demək olmaz, amma cəmiyyət üçün bu xəbər gözlənilməz oldu. Bununla bağlı heç bir ilkin məlumat olmamışdı. Hətta səfirliyin bağlanması haqqında məlumat özü Norveçin Tbilisidə səfirlik açılması haqqında daha müfəssəl bəyanatı kontekstində səthi verilmişdi.

“Gürcüstan Avrasiya regionunda bizim əsas tərəfdaşlarımızdan biridir. Uzun illər o, islahatlar yolundan gedib, bu islahatlar onu Avropa qurumlarına və Avroatlantik qurumlara yaxınlaşdırıb. Norveç maraqlarının və Cənubi Qafqaz ölkələri ilə əlaqələrimizin ümumi qiymətləndirməsinə söykənərək, Norveç Gürcüstanda səfirlik açmaq qərarına gəlib. Tbilisidə daimi nümayəndəlik sayəsində bizim bütünlükdə regionda hadisələrin inkişafını müşahidə etməyimiz rahat olacaq”, deyə xarici işlər naziri İne Eriksen Sereyde bildirib.

Və daha sonra: “Eyni zamanda Bakıdakı səfirlik bağlanacaq. Ankaradakı səfirlik Norveçin Azərbaycanla münasibətlərinə görə də cavabdeh olacaq. Amma Norveç Bakıda fəxri baş konsulluq yaratmağı planlaşdırır. Norveçin Cənubi Qafqaz təmsilçiliyində bu dəyişikliklər 2019-cu ildə həyata keçiriləcək.

Azərbaycan hakimiyyəti Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Leyla Abdullayevanın şəxsində Norveç hökumətinin bu qərarı ilə bağlı təəssüfünü bildirib.

Beləliklə, xanım İne Eriksen Sereydenin qısa, amma məzmununa görə həcmli bəyanatı Norveçin bu qərarı qəbul etməyə vadar etmiş motivləri və regionda məqsədləri haqqında ehtiyatlı, amma informasiya boşluğu şəraitində zəruri olan nəticəni çıxarmağa imkan verir.

1. Norveç səfirliyi Avropa dəyərləri və Avroatlantik əməkdaşlıq sisteminə tranzaksiya həyata keçirən Gürcüstana köçürmək qərarına gəlib, bu ölkədə sonuncu prezident seçkiləri də bunu göstərib. Gürcüstanın avropalılaşmasına dəstək Cənubi Qafqazın Avroatlantik məkana çəkilməsində lokomotiv rolu oynayan əsas və mühüm amilə çevrilir.

2. Norveçlərin öz maraqlarını və CQ ölkələri ilə əlaqələrini qiymətləndirməsi qərarın ikinci əsasıdır və o, iki amillə bağlıdır: 1) Ermənistanda bu ilin yazında start götürmüş islahatların Gürcüstan ssenarisi Oslonun Ermənistan islahatlarında daha fəal iştirakını tələb edəcək, 2) bu, səfirliyin Bakıda yerləşdiyi şəraitdə daha az səmərəli olardı və müəyyən dərəcədə Norveç diplomatlarının fəaliyyət azadlığını məhdudlaşdırardı.

3. Norveç XİN-in Avropayönlü Gürcüstana daha çox yer verilən və Azərbaycanda diplomatik missiyanın bağlanması quru şəkildə qeyd edilən bəyanatının forması Norveç tərəfin rəsmi Bakı ilə demokratik islahatlarla bağlı dialoqu davam etdirməyi səmərəsiz və perspektivsiz hesab etdiyini göstərə bilər. Məsələnin bu tərəfi həmişə Norveç-Azərbaycan münasibətlərində əngəl olub.

Norveçlilərin Azərbaycanlılarla Avropa norma və dəyərləri sisteində energetika, mədəniyyət layihələri, ictimai layihələr və təhsil layihələri vasitəsilə münasibətlər qurmaq cəhdləri heç bir nəticə verməyib. Və demək olar ki, hazırki qərar Gürcüstan, Ermənistan və Azərbaycanın siyasi vektorlarının uyğunsuz şəkildə inkişafı kontekstində illər ərzində yaxınlaşıb. Azərbaycan getdikcə daha çox mütləq avtoritarizm qurulması istiqamətində yuvarlanır.

Norveç siyasətinin zərbəçi qüvvəsi – Statoil şirkəti – Azərbaycanın təməl neft kontraktı olan AÇG-nin iştirakçısı, hələ 2013-cü ilin dekabrında Azərbaycandan qazın Avropaya nəqlini nəzərdə tutan Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsində iştirakdan imtina edib və Şahdəniz qaz layihəsində 10%-lik payını satdığını bəyan edib. 2014-cü ilin mayında şirkətin səhmdarları Azərbaycandakı neft-qaz layihələrindən çıxmaq haqqında qərar qəbul edirlər. 2015-ci ilin aprelində Statoil Şah-dəniz Azərbaycan yatağında 15,5 faizlik payını satır. (qaz tədarükü üzrə Azərbaycan şirkətinə (12,4 faiz) və Cənubi Qafqaz qaz kəməri şirkətinə (15,5 faiz), Malayziyanın Petronas neft-qaz şirkətinə).

Bu neft-qaz qərarları Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə təzyiqi və demokratiyanın məhdudlaşdırılması səylərini artırdığı zaman qəbul edilib. Eyni zamanda həm yüksək rəsmi səviyyədə, həm də rəsmi Bakı və Norveç demokratik fondları səviyyəsində demokratiya problemləri ilə bağlı danışıqlar aparılıb, onlar, son hadisələrdən göründüyü kimi, nəticəsiz və perspektivsiz olub. 2018-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Norveçin Equinor qrupuna daxil olan Statoil Azerbaijan-ın mayın 30-da neft-qaz sərgisi zamanı Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağı üzrə Risk-Service (RSA) Sazişi və yenə Xəzərdə “Əşrəfi-Dan Ulduzu-Aypara” üzrə kəşfiyyat, işləmə və hasilat (PSA) Sazişi imzaladığını nəzərə alsaq, ola bilər ki, bunlar təsadüf idi.

Amma bu, həm də Norveçin CQ-da öz energetika və siyasi maraqlarına sərhəd qoymağı, energetika maraqlarını Azərbaycanda layihələr vasitəsilə, siyasi maraqlarını isə Gürcüstanda fəallığını genişləndirməklə təşviq etməyi qərara aldığına dəlalət edə bilər. Qarabağ münaqişəsi ilə əlaqədar gürcüstanın 90-cı illərin əvvəllərindən həmişə Azərbaycan və Ermənistanın iştirak etdiyi Cənubi Qafqaz layihələrinin təşviqi üçün əlaqə yeri olduğunu nəzərə alsaq, üç ölkənin qeyri-formal ictimai əlaqələrinin genişləndirilməsi xəttini davam etdirmək çətin deyil, Qərb, o cümlədən Norveç də bunda maraqlıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun