Kaşıqçının qətlinə görə ölüm cəzası tələb olunur

Kaşıqçının qətlinə görə ölüm cəzası tələb olunur
16 Noyabr 2018
Mətni dəyiş

Səudiyyə Ərəbistanının prokuroru jurnalist Jamal Khashoggi-nin qətlində şübhəli bilinən 11 nəfərdən beşinə ölüm cəzası istəyir. Bu barədə onun ofisi noyabrın 15-də məlumat yayıb.

Səudiyyə siyasətinin tənqidçisi olan Khashoggi-nin qətli krallığın Qərb müttəfiqləri ilə əlaqələrini gərginləşdirib.

Jurnalist konsulluqda oktyabrın 2-də ölümcül iynəylə öldürülüb, bədəni hissələrə parçalanıb və binadan çıxarılıb. Bunu prokurorun müavini və sözçüsü Shaalan al-Shaalan jurnalistlərə deyib.

JURNALİSTLƏ “DANIŞIQLAR” ALINMAYIB

Onun sözlərinə görə, “Washington Post” yazarı onun krallığa qayıtmasından ötrü “danışıqlar” baş tutmayandan sonra qətlə yetirilib. Onun öldürülməsi əmrini isə elə danışıq aparmağa gələn dəstənin rəhbəri verib. Sözçü jurnalistin cəsədinin yerinin bəlli olmadığını deyib.

İndiyədək ər-Riyad Khashoggi-nin yoxa çıxmasına dair ziddiyyətli izahlar verib. Sonucda onun özbaşına bir əməliyyat nəticəsində öldürüldüyünü bildirib. Bu hadisə qlobal miqyasda qəzəb yaradıb, krallığa sanksiya qoyulması çağırışları səslənib, vəliəhd şahzadə Mohammed bin Salman-ın imicinə ziyan vurub.

Türkiyə rəsmiləri jurnalistin qətlini məhz şahzadənin sifariş etdiyini deyib. Prezident Recep Tayyip Erdogan-sa bildirib ki, bu qətl Səudiyyə hökumətində “ən yüksək səviyyə”dən sifariş olunub.

ABŞ Prezidenti Donald Trump da deyib ki, krallığın de-fakto rəhbəri kimi bütün məsuliyyət şahzadənin üzərinə düşür.

Shaalan qeyd edib ki, prokuror qətldə şübhəli bilinənlərdən 5-nə ölüm cəzası istəyib. O, 21 şübhəlidən 11-nə ittihamlar irəli sürüldüyünü, işlərinin məhkəməyə göndərildiyini qeyd edib. Qalanlarla bağlı istintaq davam edir.

Vəliəhd şahzadənin baş köməkçisi Saud al-Qahtani-yə isə səyahət qadağası qoyulub. Qahtani kral məhkəməsindən də uzaqlaşdırılıb. Shaalan deyib ki, o, İstanbula gedən dəstəylə öncədən görüşüb, onları jurnalistin fəaliyyətilə əlaqədar bilgiləndirib.

Türkiyə qətlə dair əlindəki səsyazısını Qərb müttəfiqləri ilə paylaşdığını deyir. Prezident Erdogan həmin yazıları “qorxunc” adlandırıb, onlara qulaq asan Səudiyyə kəşfiyyat rəsmisinin də sarsıldığını vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun