İkram Rəhimov ev dustaqlığına buraxılmadı

İkram Rəhimov ev dustaqlığına buraxılmadı
27 Noyabr 2018
Mətni dəyiş

Məhkəmə realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Qərarı bu gün, noyabrın 26-da Səbail Rayon Məhkəməsi qəbul edib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin yaxınları bildiriblər.

Onların bildirməsinə görə, İ.Rəhimovun özü də prosesdə iştirak və çıxış edib. Jurnalist məhkəmədə heç bir cinayət törətmədiyini, bununla belə aparılan istintaqdan yayınmaq niyyətinin olmadığını bildirib. O, məhkəmədən ev dustaqlığına buraxılması barədə vəsatətəin təmin edilməsini istəyib.

Yaxınlarının sözlərinə görə, İ.Rəhimov həmçinin həbs ediləndən bəri barəsində heç bir istintaq hərəkətinin aparılmadığını bildirib.

"İndiyə kimi heç bir istintaq hərəkəti aparmayıblar. Bunun da səbəbi bəllidir, gərək nəsə olsun ki, araşdırsınlar. Həm də mənim həbs olunmağımın səbəbi nəyisə araşdırmaq yox, yazılarımın qarşısını almaq olub", yaxınlarının sözlərinə görə, İ.Rəhimov məhkəmədə belə deyib.

İş üzrə məhkəmədə iştirak edən müstəntiqsə öz çıxışında vəsatətin əleyhinə çıxıb, məhkəmədən onun rədd edilməsini istəyib. İ.Rəhimovun yaxınlarının sözlərinə görə, müstəntiq bildirib ki, jurnalist ev dustaqlığına buraxılsa, yenə də yalan, böhtan yazmağa davam edəcək.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə heyəti yekunda vəsatəti rədd edib.

İ.Rəhimovun yaxınları qərarı alıb, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs qəti imkan tədbirç seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə, izlənildiyini və təqib edildiyini bildirib.Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu.

"İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib", məlumatda qeyd edilirdi.

İkram Rəhimov 2016-cı ildə böhtana görə, 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun