Bugün ABŞ-da son illərin ən həyəcanlı seçkisidir

Bugün ABŞ-da son illərin ən həyəcanlı seçkisidir
6 Noyabr 2018
Mətni dəyiş

ABŞ seçiciləri ölkənin tarixində ən həyəcanlı Konqres seçkilərindən birində səs verməyə hazırlaşırlar.

ABŞ-da seçki məntəqələri ölkənin qərb hissəsində noyabrın 6-da səhər saat 6-da (Bakı vaxtilə saat 15-də) açılacaq və səsvermə axşam saat 23-də (Bakı vaxtilə noyabrın 7-də səhər saat 8-də) başa çatacaq.

Bu seçkidə Konqresin aşağı palatası – Nümayəndələr Palatasındakı bütün 435 mandatın və Senatdakı 33 mandatın sahibi müəyyən ediləcək.

Konqresdə hansı partiyanın çoxluğa sahiblənməsi Donald Trump-ın qarşıdan gələn iki ildəki siyasətini müəyyən edə bilər.

Hazırda respublikaçılar Nümayəndələr Palatasında 23 mandat fərqi ilə çoxluqdadırlar. Senatda isə onların yalnız bir mandatla üstünlüyü var.

Noyabrın 4-də Washington Post qəzetinin və ABC News kanalının keçirdiyi rəy sorğularına görə qeydiyyatdan keçmiş seçicilərin 50 faizi demokrat namizədlərə səs verməyə meyllidir. Respublikaçı namizədlər üçün bu rəqəm 43 faizdir. Lakin rəy sorğuları bunu da göstərir ki, fərdi namizədlərin arasındakı rəğbət fərqi çox yaxındır.

ABŞ-da iki ildən bir keçirilən müddətarası və ya aralıq seçkiləri adətən o qədər də seçici marağına səbəb olmur.

Amma bu seçkidə davamiyyətin rekord həddə çata biləcəyi gözlənilir. Seçici fəallığına səbəblərdən biri də elə Trump-ın prezidentliyi məsələsidir.

Erkən seçkilərin nəticələri göstərib ki, ABŞ-ın bir çox ştatlarında noyabrın 2-dək artıq 28.5 milyon seçici səs verib.

Media xəbərlərində deyilir ki, budəfəki seçki kampaniyası əvvəlki illərdən gərginliyi ilə fərqlənib. Bu ərəfədə bir tərəfdən ölkənin iqtisadi göstəricilərinin xeyli yaxşı olduğu görünür.

Təhlilçilər bunu respublikaçı çoxluğun ötən il qəbul etdiyi vergi ixtisarı ilə bağlayırlar.

Normal halda bu, prezidentə və onun partiyadaşlarına aralıq seçkisində güclü impuls verməli idi, amma Trump-ın idarəetmə tərzi və kəskin sosial problemlər demokratların populyarlığı artırmalarına imkan verib.

Bir çox müşahidəçilərin fikrincə, əgər bu seçkidə demokratlar Nümayəndələr Palatasının nəzarətiniəldə edə bilsələr, onda Rusiyanın 2016-cı il seçkisinə iddia edilən müdaxiləsinin araşdırılması ilə bağlı çox sayda təhqiqatlar açılacaq.

Bu seçkidə respublikaçılar Nümayəndələr Palatasındakı çoxluğu qoruyub saxlaya bilsələr, onda Trump daha çox vergi ixtisarı da daxil bir sıra siyasətlərini nisbətən rahatlıqla yürüdə biləcək.

Aralıq seçkisi ərəfəsində ümumi gərginliyi artıran bir sıra hadisələr baş verib: Trump-ın qatı tərəfdarlarından olduğu deyilən bir floridalı prezidentin tənqidçilərinə və Demokratik Partiyanın tanınmış fiqurlarına partlayıcı qurğular göndərib, oktyabrın 27-də Pittsburqdakı sinaqoqda törədilmiş gülləbaran nəticəsində 11 nəfər həlak olub.

Buna görə də Trump-ın respublikaçılardan əlahiddə olan siyasi təşkilatı seçki ərəfəsində, ölkənin iqtisadi göstəricilərini təbliğ etməkdənsə, diqqəti miqrant axını kimi kəskin sosial məsələlərə cəlb etməli olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun