Zəngilan rayonunun işğalından 25 il ötür

Zəngilan rayonunun işğalından 25 il ötür
30 Oktyabr 2018
Mətni dəyiş

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Zəngilan rayonunu işğaletməsinin 25-ci ildönümüdür.

29 oktyabr 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən və ümumi ərazisi 730 kv. km olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi və s. yandırılaraq məhv edilib. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Hal-hazırda 45 min nəfər rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsinin məlumatında deyilir.

Bu zaman Zəngilan rayonunda Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir.

Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan artıq üçüncü yolun çəkilməsi "bu işğalçı dövlətinin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir", deyə şərhdə bildirilir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub.

Daha sonra bəyanatda qeyd edilir ki, "Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun