Türkiyədə inflyasiya rekord vurdu.

Türkiyədə inflyasiya rekord vurdu.
4 Oktyabr 2018
Mətni dəyiş

Sentyabr ayında inflyasiya 6,3% olub, bu, son 17 ilin ən yüksək göstəricisidir. İllik inflyasiya 24,52%-ə çatıb və bu, son 15 ilin rekordudur. İstehsalçı qiymət indeksi aylıq 10,88%, illik 46,15% artıb.

Vəziyyət ciddidir. Borcunu ödəyə bilməyən şirkətlər bir-birinin ardınca "konkordato" elan edir. İflas anlaşmasının adını orta əsr katolik kilsəsi termini ilə əvəzləyiblər ki, xalq anlamasın və həyəcanlanmasın. Artıq "konkordato" elan edən şirkətlərin sayı 3 mini ötüb.

Hökumət ölkə içərisində "ekonomik savaş", "ekonomik saldırı", "dış güçler" ritorikasını bir az səngimiş də olsa, davam etdirdiyi halda, xaricdə gerçəkçi davranır və həmin dış güclərlə intensiv görüşlər keçirir, onları israrla ölkəyə investisiya qoymağa çağırır. Ötən ay nazir Berat Albayrak Londonda trilyon dollarlıq fondları idarə edən şəxslərlə görüşdü. Bu görüşdən sonra Albayrak nisbətən realist məzmunda hazırlanmış Yeni İqtisadi Proqram (YEP) açıqladı, Türkiyə Mərkəzi Bankı isə faizləri 17,75-dən 24-ə qaldırdı. Şübhə yoxdur ki, damat bəy faiz artımını xəyanətə bərabər sayan prezident qayınataya real durumu anladıb və onu bu qərara razı salıb. Bundan bir qədər sonra Albayrak ABŞ-ın "McKinsey" konsaltinq şirkəti ilə anlaşdı. Bu şirkət 16 nazirlik tərəfindən YEP-in həyata keçirilməsinə nəzarət edəcək, raportlar hazırlayacaq, tövsiyələrlə çıxış edəcək.

"McKinsey"ni əməkdaşlığa cəlb etməkdə başlıca məqsəd tövsiyə almaq deyil, investorların güvənini qazanmaq və onların öz kapitalını Türkiyəyə yönəltməsinə nail olmaqdır. Pul lazımdır. Neftin qiymətinin artması vəziyyəti daha da ağırlaşdırır, bu, o deməkdir ki, xarici ticarət kəsiri yüksək olaraq qalacaq.

Əslində Türkiyənin Beynəlxalq Valyuta Fondu (IMF) ilə yeni bir "stand by" anlaşması əldə etməsinə ehtiyac var. Lakin təşkilatın əməkdaşlıq zamanı istifadə etdiyi metodlar və qoyduğu şərtlər, Türkiyə daxilindəki neqativ imici, bu mövzuda ötən illər söylənilmiş populist ifadələr ("bizdən əvvəl ölkə IMF-ə möhtac idi, biz gəldik, bütün borcları bağladıq və indi özümüz IMF-ə borc veririk" filan) bu maliyyə qurumuna üz tutmağı hələ ki mümkünsüz edir.

Şahin Cəfərli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun