Rusiya deyir ki, Vaşinqton Yerevanla Moskvanın "arasını vurmaq" istəyir

Rusiya deyir ki, Vaşinqton Yerevanla Moskvanın  "arasını vurmaq" istəyir
30 Oktyabr 2018
Mətni dəyiş

Rusiya Vaşinqtonun, Moskvanın keçmiş sovet respublikası olan Ermənistanla arasını vurmağa çalışdığını iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin oktyabrın 29-da verilmiş bəyanatında deyilir ki, ABŞ-ın milli təhlükəslizlik müşaviri John Bolton ötən həftə Yerevana səfəri zamanı üstüörtülü şəkildə Ermənistanı “onun ənənəvi müttəfiqindən qırılmağa” çağırıb.

Rusiya XİN-in bəyanatında iddia olunur ki, “Bolton açıq şəkildə Ermənistandan özünün beynəlxalq münasibətlərində tarixi ənənədən əl çəkməsini tələb edib və bunun Ermənistanın Rusiya ilə ənənəvi dostluğunu nəzərdə tutduğundan narahat belə olmayıb”.

Bəyanatda daha sonra deyilir: “Təbii ki, o ABŞ silahlarını reklam etməyi də unutmayıb”.

Rusiya XİN iddia edir ki, Bolton əslində Ermənistanı Rusiya silahları əvəzinə Amerika silahlarını almağa çağırıb.

AzadlıqRadiosu yazır ki, Ermənistan və Rusiya arasında uzunmüddətli yaxın münasibətlər var, lakin Nikol Pashinian hakimiyyətə gəldikdən sonra iki ölkənin münasibətlərində suallar ortaya çıxıb.

Oktyabrın 25-də Yerevana səfəri zamanı Bolton deyib ki, o, Ermənistanla ona ABŞ hərbi avadanlığının satılması imkanlarını müzakirə edib.

Elə həmin gün AzadlıqRadiosuna müsahibə verən Bolton deyib ki, ABŞ silahlarını almaq Ermənistan üçün tam mümkün bir “variantdır”.

Bolton həmin müsahibədə bunu da vurğulayıb ki, Ermənistanın “stabil demokratiyaya” çevrilmək üçün “əla” perspektivləri mövcuddur. O əlavə edib ki, bu, Ermənistanın “öz suverenliyindən tam istifadə etməsini və aşırı xarici təsirdən asılı olmamasını mümkün edə bilər”.

Rusiya Müdafiə Nazirliyi deyib ki, “Bolton dediyi sözlərin mənasına fikir versə, yaxşı olardı”.

Oktaybrın 27-də “Yerevan Birləşmiş Ştatlardan silah almağa hazırlaşırmı” sualına Pashinian “Ermənistan hökuməti üçün hər hansı bir maneə yoxdur” cavabını verib:

“Əgər Birləşmiş Ştatlardan belə bir təklif olsa ki, bu, bizim üçün yaxşıdır, onda biz bunu müzakirə edəcəyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun